Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi və irimiqyaslı iqtisadi islahatlara start verildi.
Həmin dövrdə reallaşdırılan iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də müasir nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi idi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Tarixi İpək Yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı.
1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin (TASİS) açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlandı. Məhz həmin proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə “Avropa-Qafqaz-Asiya Transqafqaz Nəqliyyat Dəhlizi” (TRASEKA) layihəsi irəli sürüldü. Müzakirələrin yekunu olaraq “Brüssel bəyannaməsi” adlı iki rəsmi sənəd imzalandı və qədim Şərq-Qərb İpək Yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı. 1998-ci ilin sentyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans keçirildi.
Bu ilin iyun ayında Çinin Urumçi şəhərində beynəlxalq simpoziumda qeyd edilmişdir ki, İpək Yolu iqtisadi zonası Mərkəzi, Cənubi və Qərbi Asiyanın ərazisindən və digər regionlardan keçərək, iki iri iqtisadi birliyi - Asiya-Sakit okean regionunu və Avropa İttifaqını birləşdirəcək, 3 milyard əhalisi olan 40 ölkəni əhatə edəcəkdir. Ekspertlərin fikrincə, İpək Yoluna bitişik olan ölkələrin iqtisadi qurumları bir-birini yaxşı tamamlayır, onların qarşılıqlı faydalı əməkdaşlıq etməsi üçün böyük zəmin vardır. Heç şübhəsiz, illər ötdükcə əməkdaşlığın hələlik bizə məlum olmayan potensialı üzə çıxacaq, ikitərəfli, çoxtərəfli və qarşılıqlı fayda əldə olunacaq.
Ötən müddətdə bu istiqamətdə çox mühüm addımlar atılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirmişdir ki, Şərq-Qərb İpək Yolunun bərpası artıq reallıqdır. Dövlət başçısının sözlərinə görə, bu layihə xalqları, iqtisadiyyatları birləşdirir: “Bu layihənin icrasında bütün ölkələr uğurla fəaliyyət göstərir, uğurla əməkdaşlıq edir. Müxtəlif nəqliyyat layihələrinin icrası əlbəttə ki, böyük vəsait tələb edir. Ancaq ölkəmizdə iqtisadi inkişaf çox sürətlidir və bizim maliyyə durumumuz da yaxşıdır. Belə olan halda mütləq gələcəkdə də böyük nəqliyyat layihələrinə vəsait ayırmalıyıq. Onların içində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd etmək istəyirəm. Bu dəmir yolu vasitəsi ilə qitələr birləşəcək, ölkəmiz tranzit ölkəsinə çevriləcəkdir. Bu dəmir yolu bundan sonra yüzilliklər ərzində insanlara xidmət edəcək. Bu böyük geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi və Bosfor boğazında dəmir yolu tunelinin inşası Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxışını təmin etməklə yanaşı, region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və əməkdaşlığın daha da inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı demişdir: “Bu gün dünyada, bölgədə və Avropada yaşanan iqtisadi çətinliklər fonunda ən sevindirici hal ondan ibarətdir ki, son illər ərzində qeyri-neft sektorumuz uğurla artır... Əgər biz vaxtilə neft kapitalını insan kapitalına, infrastruktur layihələrinə yönəltməsəydik, bu gün qeyri-neft sektorumuz bu qədər arta bilməzdi. Bəlkə də tənəzzülə uğrayardı və onda biz ancaq neft amilindən asılı ola bilərdik. Gələcək illərdə ayrılan vəsait və aparılan islahatlar qeyri-neft sektorunun daha da böyük çəkiyə malik olmasına gətirib çıxaracaqdır”.
Ümumiyyətlə, enerji təchizatının şaxələndirilməsi prioritet kimi həmişə Azərbaycan hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biridir. Dövlətimizin enerji siyasətinin əsas məqsədi qaz ixrac boru kəmərləri şəbəkəsini genişləndirməklə yaxın-uzaq ölkələrə etibarlı çıxış əldə etməkdir. Azərbaycan ilə Türkiyə arasında Trans-Anadolu qaz kəmərinin inşasına dair ikitərəfli sənədlərin imzalanması bu baxımdan mühüm addımdır. “Cənub enerji dəhlizi” layihəsinin əsasını təşkil edən TANAP Türkiyə və Avropa istehlakçılarını Azərbaycan qazı ilə təchiz etmək məqsədi daşıyır. Bu layihə nəinki iki qardaş ölkə arasında strateji əməkdaşlığı yeni səviyyəyə qaldırdı, eyni zamanda, Avropanın enerji təhlükəsizliyi məsələsinin praktik həllinə mühüm təkan oldu. Kəmərin ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Ancaq gələcəkdə “Şahdəniz-2" layihəsi və Xəzərin Azərbaycan sektorundakı digər yataqlarından hasil olunacaq qazın həcmi artdıqca bu göstərici də xeyli arta bilər.
Azərbaycan dövləti təkcə karbohidrogen ehtiyatı ixracının şaxələndirilməsi ilə vəzifəsini bitmiş hesab etmir. Digər mühüm vəzifə ölkə sahibkarlarının ixrac potensialının daha da artırılmasıdır. Bu vacib vəzifəni yerinə yetirmək üçün yeni və Avropa standartlarına cavab verən müasir nəqliyyat-kommunikasiya layihələri reallaşdırılmalıdır. Heç şübhəsiz, qədim İpək Yolu, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, bu il istismara verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu xətti, habelə Ələt qəsəbəsində tikilməkdə olan Beynəlxalq Dəniz Ticarət Limanı ixracın genişləndirilməsinə mühüm töhfə olacaqdır.
Azərbaycan Respublikasında müasir nəqliyyat sisteminin yenidən qurulması və nəqliyyat sektorunun səmərəli idarə olunması ölkədə uğurla həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Son illər Azərbaycanda müasir avtomobil yolları şəbəkəsinin yaradılmasına böyük diqqət yetirilir. Xatırladaq ki, 2009-2013-cü illəri əhatə edən ikinci regional Dövlət Proqramı çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. Bu yollarda 164 yeni körpü və yol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunmuşdur.
Əsas magistrallarda 2 zolaqlı olmaqla görülən işlər tam başa çatdırılmışdır və hazırda onların 4 zolağa genişləndirilməsi işləri davam etdirilir. Bu il Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 2016-cı ilə qədər isə Bakı-Gürcüstanla dövlət sərhədi və Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolları istifadəyə veriləcəkdir.
Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində dəmir və avtomobil yolları infrastrukturunun yenilənməsi işləri də aparılmaqdadır. Bakı şəhərində yol şəbəkəsinin tikintisi, yenidən qurulması məsələsi də diqqət mərkəzində saxlanılır. Son 10 il ərzində bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, 379 kilometr yol çəkilmiş, müxtəlif səviyyəli 40 yol qovşağı, körpü və tunel tikilmiş və yenidən qurulmuş, vətəndaşların təhlükəsizliyini təmin edən 37 piyada keçidi inşa edilmişdir.
Burada bir məqamı da qeyd etmək yerinə düşər. Azərbaycanda Birinci Avropa Oyunlarının başlanacağı gün yaxınlaşdıqca paytaxtda yol-nəqliyyat infrastrukturunun tikintisi də sürətlənir. Hazırda Həsən Əliyev küçəsi – Ziya Bünyadov prospekti – Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri cədvəl üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülmüşdür. Çəkilən yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4 – 6 zolaqlı olacaqdır.
Həsən Əliyev küçəsi – Ziya Bünyadov prospekti – Olimpiya Stadionu avtomobil yolunun ikinci hissəsində görüləcək işlərlə bağlı onu da deyə bilərik ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın olan yol çəkiləcəkdir. Bu yol üzərində bir körpü və iki tunel tikiləcəkdir. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcəkdir. Bundan başqa, I Avropa Oyunlarının keçirilməsi ilə bağlı 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi də diqqət mərkəzində saxlanılacaqdır.
Göründüyü kimi, Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük ehtiyac yarandığı bir vaxtda nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, eyni zamanda, bunları hasil edən nəhəng neft və qaz potensialına malik dövlətdir. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi və onun beynəlxalq nüfuzunun durmadan artması təbiidir.
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.