Xəyalə Şəfiyeva 1991-ci ildə Füzuli rayonunda anadan olub. 2009-cu ildə Bakıdakı 83 sayli məktəb-liseyi bitirib və Misir Mədəniyyət Mərkəzindən təhsilini həmin ölkədə davam etdirmək barədə təklif alıb. Beləliklə, İsgəndəriyyə Universitetinin kommersiya və biznes idarəetməsi fakültəsinin tələbəsi adını qazanıb. Hazırda X. Şəfiyeva həmin universitetin sonuncu kurs tələbəsidir.
Xəyalə deyir ki, oxuduğu bu ali təhsil ocağı 1938-ci ildə yaradılıb və hazirda Misirdə ən böyük universitetlər sırasında ikinci yeri tutur. Universitetdə Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilir, tematik seminarlar, mədəniyyətimizlə bağlı yığıncaqlar, sərgilər təşkil edilir və ən əsası işğal olunmuş ərazilərimiz haqqında qardaş Misir xalqı ətraflı məlumatlandırılır. Əlbəttə, bu işdə “EgAz” jurnalı da mühüm rol oynayır.
Xəyalə Şəfiyeva deyir: – Biz azərbaycanlı tələbələr Misirdə respublikamız haqqında obyektiv informasiya yaymağı prioritet vəzifələrimizdən biri hesab edirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində respublikamızın ədalətli mövqeyinə, ərazilərimizin 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilməsinə, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkünün olması faktına diqqəti cəlb etməyə çalışırıq. Respublikamızın sosial-iqtisadi inkişafı barədə misirli dostlarımıza dolğun məlumatlar verməyi də qarşımıza mühüm vəzifə kimi qoymuşuq. Qeyd edim ki, İsgəndəriyyə Universiteti tələbələrinin çoxu Ermənistanın təcavüzünü pisləyir və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.
Mən burada bir məqamı da xüsusilə vurğulamaq istərdim. Misirli dostlarıma bildirirəm ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda bu siyasət mahiyyət və keyfiyyət etibarilə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar, təsdiq etdiyi dövlət proqramları uğurla icra olunur və müsbət nəticələr verir.
Azərbaycan dövləti ölkənin gələcəyi olan yeni nəslin hazırlanmasına xüsusi önəm verir. Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi: 2011-2015-ci illər Dövlət Proqramı” gəncliyin rifahına hesablanan dövlət qayğısının bariz ifadəsidir. Prezident İlham Əliyevin təsdiq etdiyi digər bir mühüm sənəd – “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkan açıb. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına daha böyük nikbinliklə, inamla baxmağa əsas verir.
Xəyalə Şəfiyeva deyir ki, Azərbaycanın 1993-cü ildən başlayaraq reallaşdırdığı ikitərəfli tələbə mübadiləsinə qoşulan ölkələrdən biri də Misir Ərəb Respublikasıdır. Bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclər müxtəlif ixtisaslara yiyələnirlər. Lakin, təəssüf ki, azərbaycanlı tələbələrin sayı ildən-ilə azalır. Bu isə, fikrimcə, kütləvi informasiya vasitələrinin bir sıra hallarda Misirdə baş verən hadisələri düzgün təhlil etməməsindən irəli gəlir... Düzdür, bilirəm ki, Azərbaycana Misirin ictimai-siyasi həyatı barədə həyəcanlı xəbərlər gəlirdi, buna görə də müəyyən narahatlıq vardı. Amma artıq təhlükə sovuşub, ölkədə vəziyyət sabitləşməkdədir.
Onu da vurğulamaq lazımdır ki, hadisələrin gərgin vaxtında buradakı azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasında Qahirədə yerləşən Azərbaycan səfirliyi və şəxsən səfir Şahin Abdullayevin əməyi böyükdür. Yəqin xatırlayırsınız, Misirdəki hadisələr gərginləşəndə burada yaşayan azərbaycanlıların Vətənə qaytarılması üçün Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə göndərilmişdi. Fürsətdən istifadə edib, özümün və buradakı azərbaycanlı tələbələrin adından bu addıma görə Azərbaycan dövlətinə təşəkkürümü çatdırmaq istərdim.
Xəyalə Şəfiyeva öz fəaliyyəti barədə danışarkən dedi:
Mən burada təhsil almaqla yanaşı, hazırda İsgəndəriyyə şəhərində yerləşən “EgAz” jurnalı baş redaktorunun müavini, ötən il sentyabr ayının 20-dən isə ASAIF-in Misirdəki rəsmi nümayəndəsi kimi fəaliyyət göstərirəm. Burada ASAIF-in rolu barədə bir qədər ətraflı danışmaq istərdim. Gənclər təcrübə, ümumi dəyərlər, habelə ölkəmizin gələcəyi ilə bağlı mütərəqqi ideyalar mübadiləsi aparmaq məqsədilə bu şəbəkədə birləşirlər. Biz Azərbaycanı tanıtmaq məqsədilə müxtəlif tədbirlər keçirir, festivallar təşkil edirik. Bütün bunlar ölkəmizi və gənclərimizi daha yaxından tanıtmağa imkan verir. ASAIF-in reallaşdırdığı forumlar isə hər kəsi bir araya gətirir, eyni zamanda, burada iştirak edən gənclər öz üzərlərində dövlətin qayğısını, diqqətini, etimadını hiss edirlər. ASAIF-in Misirdəki rəsmi nümayəndəsi təyin olunmağım mənim üçün şərəfli olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.
Digər fəaliyyətim İsgəndəriyyə şəhərində 2009-cu ildə yaradılmış Misir-Azərbaycan Ticarət Təmsilçiliyi (MATT) ilə bağlıdır. MATT iki il sonra Azərbaycan haqqında ərəb dilində jurnal nəşr olunması təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsün gerçəkləşməsinə Azərbaycanın Qahirədəki səfirliyi də dəstəyini əsirgəmədi. Beləliklə, təsisçisi Misir vətəndaşı, iş adamı Amr İbrahim Şendi və redaktoru Tovus Hüseynova olan “EgAz” jurnalının ilk sayı 2012-ci ilin mart ayında işıq üzü gördü. Jurnalın bu sayında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Misir-Azərbaycan ənənəvi dostluq əlaqələrini dirçəldən şəxsiyyət” adlı məqaləsi yer almışdır. Səfir məqalədə ulu öndərin həyat və fəaliyyətindən geniş bəhs etmişdir.
Onu da deyim ki, Misir-Azərbaycan əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Hazırda hər iki ölkə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bunun böyük perspektivləri var.
Səfir Şahin Abdullayevin Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryanın bu ölkənin “Əl-Məsəyə” qəzetində Xocalı faciəsi və Sumqayıt hadisələri haqqında faktları saxtalaşdıran yazısına cavab olaraq yazdığı məqalə də diqqət çəkmişdir. Yazıda S.Köçəryanın məqaləsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün məsuliyyətindən qaçmaq cəhdi və bunun uğursuzluqla nəticələnməsi kimi qiymətləndirilmişdir. Səfir Xocalı faciəsinin dünya mətbuatı və hadisənin şahidləri tərəfindən sənədləşdirildiyini, Ermənistanın özünün yüksək səviyyəli rəsmiləri tərəfindən etiraf olunduğunu xatırlatmışdır. Jurnalda indiyədək Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin son illərdə əldə etdiyi uğurlar, milli bayramlarımız, xalq sənətimizdən bəhs edən məqalələr dərc olunub. Jurnalın səhifələrində Ermənistanın işğal etdiyi rayonlarımız haqqında, eləcə də Xocalı soyqırımı, dağıdılmış maddi-mədəni abidələrimiz, torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksələn igidlərimiz barədə məqalələr Misir ictimaiyyəti tərəfindən həyəcanla qarşılanıb.
“Azərbaycan ədəbiyyatının və incəsənətinin beşiyi, təbiətin incisi Şuşa işğal altında” sərlövhəli yazıda isə şəhərin işğaldan əvvəlki və sonrakı görüntülərini əks etdirən foto-şəkillər verilib, ulu yurdumuzun bu qədim guşəsinin tarixindən söhbət açılıb. Ümumiyyətlə, bu jurnalda Azərbaycanın iqtisadiyyatı, turizm potensialı, mədəniyyəti, eləcə də ölkəmizin tarixi, incəsənəti haqqında qələmə alınmış yazılar misirli oxucular tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan reallıqları barədə obyektiv informasiyanı Misir oxucularına çatdırmaq, ictimaiyyəti ölkəmizin sanballı uğurları ilə tanış etmək, qədim Azərbaycan tarixini və mədəniyyətini təbliğ etmək, xalqlarımız və ölkələrimiz arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsinə yardım göstərmək “EgAz” jurnalının başlıca məqsədidir.
Xəyalə Şəfiyeva söhbətində son illər Misirdə baş verən hadisələrə də toxundu. Qeyd etdi ki, hazırda Misir Prezidenti Abdel Fattah əl Sisi duzgun siyasət aparır, ölkə sosial-iqtisadi sahədə uğurla inkişaf edir. Misirdə təhsil alan tələbələr bu ölkədə cərəyan edən hadisələri hər zaman diqqətlə izləyir və Misirin tərəqqisini dəstəkləyir, xalqına əmin-amanlıq arzulayır.
Sonda demək istəyirəm ki, təhsilimi başa vurub Vətənə döndükdən sonra əldə etdiyim bilik və təcrübəni Azərbaycanın inkişafı üçün istifadə edəcək və iki ölkə arasında əlaqələrin daha da genişlənməsi naminə öz səyimi əsirgəməyəcəyəm.
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.