Zaqatala: Tanrı sevgisindən yaranmış diyar

 

 

Mərhum alim Xudu Məmmədovun da iştirak etdiyi bir məclisdə kimsə deyibmiş ki, Allah Azərbaycan torpağını sevərək, məhəbbətlə yaradıb. Alimin bu məsələyə münasibəti çox orijinal olur: - Allah bütün ölkələri, bütün diyarları sevərək yaradıb. Sevilmədən yaradılan torpaq yoxdur. Fərq  hansı ölkənin nə dərəcədə sevilməsindədir.  O böyük ziyalının həmin tezisini ölkələr miqyasından rayonlara tətbiq etsək, onda ulu Yaradanın  Zaqatalaya bəslədiyi  hüsn-rəğbətin qədərsizliyinin şahidinə çevrilərik.  Bəlkə də, həmin  sevgi o qədər böyükdür ki, heç ölçüyə də gəlməz.

 Başqa cür düşünən adam varsa, deməli, həmin şəxs  Zaqatalanı görməyib. Dağların hər birinin   nurani ağsaqqal kimi ağappaq görkəm aldığı qış günlərində, hər ağacın kölgəsinin istənilən zaqatalalının süfrəsi kimi hamının üzünə açıq olduğu yaz aylarında, hər bulağın ətrafında   bir toyun, nişanın qonaqları qədər turistin  toplaşdığı  yay gecələrində, dağların yuxarısından üzüaşağı sarala-sarala uzanan meşələrin payız donu geyindiyi çağlarda, kəsəsi, ilin hansısa bir günündə buraları görən  adam bu diyar haqqında nə isə eşidəndə mütləq  özünü qəlbən, ruhən bu cənnət-məkana uçurmuş kimi hiss edə bilər. Elə mənim kimi ...

İnsafən, Zaqatalanın insanları da Tanrının onlara bəxş etdiyi gözəlliklərdən zövq almaqla kifayətlənmir, bu misilsiz sərvətin gündən - günə daha da zənginləşdirilməsinə nail olurlar.  Təkcə bu il 13 milyon manatlıqdan çox tikinti-təmir, 4 milyon 500 min manatlıq abadlıq işləri görən, rayon ərazisinin 38 faizə qədərinin meşə örtüyünə çevrilməsinə nail olan, adi turizm mərkəzini indi də folklor turizmi ünvanı kimi tanıdan,  yarım ildə 8 min 700 kvadratmetrlik 57 yaşayış binasının tikilib istifadəyə verilməsini təmin edən, yeni yaradılmış içməli su şəbəkəsindən qısa müddətdə 6 min abonentə su çəkən zaqatalalılar, sözün həqiqi mənasında, yurdsevərlik nümunəsi yaradırlar.

Bəli, söhbət Zaqataladan gedir. O Zaqataladan ki, mən hər dəfə ora  üz tutanda yaxınlarımla mütləq əlaqə saxlayıram, olub keçənlər barədə  ürəyimiz istəyən qədər söhbətləşirik. Rayon icra hakimiyyəti başçısının müavini Tofiq Əhmədovla Zaqatalaya hər gəlişimdə görüşürəm. Onunla söhbətlərimizdən  ona görə məmnun oluram ki, Tofiq müəllim Zaqatala, zaqatalalılar və bu rayonun sosial-iqtisadi göstəriciləri barədə  hər şeyi əzbər bilir və elə  səmimiyyətlə danışır ki, qulaq asdıqca asmaq istəyirsən.  Sonuncu gəlişimdə isə  “Gəlin, maşına əyləşib, rayonu gəzək, – dedi. Mən danışım, siz də qulaq asın”.  

Beləcə xeyli söhbət etdik. Çox şeydən danışdıq. Həmsöhbətim isə bir məsələyə xüsusilə toxundu. Bildirdi ki, son zamanlar dünyada gedən ictimai-siyasi proseslər bir sıra ölkələrdə ərzaq məhsulları ilə bağlı çox ciddi çətinliklər yaratsa da, Azərbaycanda bu baxımdan heç bir problem yoxdur və olmayacaq. Çünki  Prezident İlham Əliyevin sərəncamı ilə  təsdiq olunmuş  “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” böyük uğurla icra olunur. Həmin proqramın  icrası ilə bağlı Zaqatalada kənd təsərrüfatı işləri davam etdirilərək 12 min  hektardan çox  sahədə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl, o cümlədən 8 min 415 hektar  sahədə buğda, 14 min 622 hektar  sahədə yazlıq bitkilər  əkilib. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə və keyfiyyətlə icra edilməsi məqsədilə rayonda bütün imkanlar səfərbər olunaraq,   18 min 788 ton taxıl, o cümlədən 11min 997 ton buğda, yazlıq əkinlər üzrə 2641 ton kartof, 2189 ton tərəvəz, 180 ton bostan məhsulu, 13,4 ton tütün, 700 ton meyvə, 16 ton yaşıl çay yarpağı istehsal edilib. 

Tofiq müəllim əlavə etdi ki, rayon fermerlərinin qazandığı uğurların əsas səbəblərindən biri də onlara göstərilən dövlət qayğısıdır:  “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli  sərəncamının icrası olaraq buğda istehsalçılarının maddi marağının artırılması məqsədilə fermerlərə 280 min 822  manat subsidiya verilib, əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 799 min 718 manat yardım hesablanıb, güzəştli qaydada 152 min manatlıqdan çox mineral gübrələr satılıb. 

Yeri gəlmişkən, bu gün aqrar sektorun əkinçiliklə bağlı uğurlarından danışarkən, ilk növbədə, yada düşən məsələ sahə təmsilçilərinə suvarma suyunun vaxtında və lazım olduğu qədər verilməsi olur. Bəri başdan qeyd edək ki, Zaqatalada bu sarıdan heç bir problem yoxdur. Elə Tofiq müəllimin söhbətində də bu barədə xüsusi qeydlər vardı. Həmsöhbətim dedi ki, son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilir.  Ölkə Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamının icrası prosesində  “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən qazılacaq 17 subartezian quyusunun yeri mütəxəssislər tərəfindən müəyyən edilərək  sənədləşmə işləri aparılıb. Artıq Aşağı Tala, Yuxarı Tala, Göyəm, Sumaylı, Dombabinə, Aşağı Çardaxlar və Çobankol kəndlərində   subartezian quyularının qazılması tamamlanıb. Bundan başqa, 15  subartezian quyusu təmir olunub, 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən ikipilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilib.

 “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ölkənin bütün rayonlarında olduğu kimi, Zaqatalada da su və meliorasiya məsələlərinin yüksək səviyyədə həllinə nail olur. Tərtib olunmuş qrafik əsasında, ilin bütün fəsillərində, fermerlərin suvarma suyuna olan tələbatı yüksək səviyyədə ödənilir.  Amma, həmsöhbətim rayondakı yenilik və uğurlar haqqında danışmaqla kifayətlənməyərək, bəzi ünvanlara birlikdə baxmağımızı da təklif etdi. Rayon mərkəzini birlikdə gəzdik və gördük ki, Zaqatalada ekoloji məsələlər də diqqət mərkəzində saxlanılır. Yeni salınan və ya təmir edilən bütün yolların kənarları başdan-başa yaşıllaşdırılıb. Az bir vaxt ərzində  2010 ədədi yol kənarlarında olmaqla, inzibati ərazilərdə 50 min 110 ədəd ağac əkilib. 350 hektar  sahədə mədəni meşə əkininə xidmət  olunub, 35 hektar  sahədə isə müxtəlif cinslərdən ibarət tinglər əkilib.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə söhbətimizdə Zaqatala barədə çoxsaylı yeni məlumatlar öyrəndik. Ancaq Mübariz müəllim öncə Prezident İlham Əliyevin son aylar respublika ərazisində təməlqoymasında,  tikintisində və ya açılışında iştirak etdiyi ölkə əhəmiyyətli obyektlər barədə  söz açdı. Rayon rəhbəri  dedi ki, əgər cənab Prezident öz fəaliyyətinin hər gününün, hər saatının   müəyyən hissəsini tikinti-quruculuq və abadlıq işlərinə həsr edirsə, onda biz nə üçün həmin ənənəni davam etdirməyək?  Bu gün Zaqatalada həyata keçirilən tikinti-quruculuq işlərinin hamısı bilavasitə cənab Prezidentin adı ilə bağlıdır.  İlin geridə qalan aylarında Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb mərkəzi tikilərək istifadəyə verilib. Maliyyə idarəsi və rayon məhkəməsi üçün yeni inzibati binalıarın, Müəllimlər İnstitutunun Zaqatala filialının, Dövlət Yanğın Xidmətinin rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində yeni yanğından mühafizə bölmələrinin tikintisi davam etdirilib. Rayon Mərkəzi Xəstəxanasının reanimasiya  və cərrahiyyə  şöbələri üçün yardımçı qurğuların tikintisinə başlanılıb. Yuxarı Tala kənd 2 saylı tam orta məktəbinin yerində yeni 450  yerlik məktəb binasının tikintisi davam etdirilib. 2012-ci ilin may ayında baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Aşağı Tala kənd 3 saylı 600 yerlik və Yuxarı Tala kənd 4 saylı 360 yerlik tam, Kürdəmir kənd 50 yerlik ümumi orta məktəb binaları istifadəyə verilib.

 Rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilib. “Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsinin icrası olaraq gündəlik məhsuldarlığı 10 min kubmetr olan çirkab təmizləyici qurğular kompleksinin tikintisi artıq başa çatdırılıb. Hazırda sazlama, yaşayış evlərinə yeni xətlərin qoşulması və sayğacların aktivləşdirilməsi işləri davam etdirilir. Artıq Zaqatala Sukanal İdarəsi tərəfindən 6000-dən artıq abonentə yeni istifadəyə verilmiş şəbəkədən içməli su xidməti göstərilir.

Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2013-cü il tarixli “Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı ilə on altı min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun təmiri məqsədilə Prezidentin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə ayrılmış vəsait hesabına avtomobil yolunda tikinti işləri davam etdirilir. İlin əvvəlindən 7 kilometr ,  ümumilikdə isə 21 kilometr uzunluğunda asfalt örtüyü döşənib.

Zaqataladan ayrılanda  dağlar boyunca dolanan ağ buludları gördüm və istər-istəməz şair dostlarımdan birinin həmin buludlara xitabən yazdığı “Bulud ömrü” şeirindən bir bəndi xatırladım:

Bir axşam sərini

                çıxaq səfərə,

Mən dərə uzunu,

              sən dağ boyunca.

Ömrümüz bir bulud

             ömrü qədərdi,

Gəzək bu yerlərdə,

            gəzək doyunca.

...Nə yaxşı ki, şair demiş, bulud ömrü qədər qısa olan həyatın qədrini bilənlər, qurub-yaratmağı  yaşamağın  mənası kimi qəbul edənlər Zaqatalada çoxdur. Lap çox. Ona görə də rayon gündən-günə inkişaf edir, abadlaşır, müasirləşir.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin

bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında