Ölkəsinə, xalqına kəm baxanın gözlərinə qan damar

 

 

 

 

Bugünlərdə özünü “Sülh və Demokratiya İnstitutu” adlı təşkilatın rəhbəri kimi təqdim edən Leyla Yunus 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot kampaniyasına başlayıb. Müvafiq olaraq da Avropa Olimpiya Komitəsinə, onun Avropa Birliyi yanındakı təmsilçiliyinə müraciət göndərib ki, guya, “Azərbaycan qan içində üzən repressiv, avtoritar ölkədir, burda olimpiya oyunları keçirmək olmaz”.

 Avropa Oyunları barədə Leyla Yunusun başladığı yeni qarayaxma kampaniyası məni təəccübləndirmir. Çünki Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar veriləndən dərhal sonra ermənilər də eynilə bu cür təbliğat aparmağa başladılar. Hətta olimpiya oyunlarına qatılmayacaqlarını bildirdilər. Lakin görəndə ki, Avropa bu oyunların Bakıda keçirilməsində maraqlıdır, artıq ermənilər öz fikirlərini dəyişdilər və oyunlarda iştirak edəcəklərini bəyan etdilər. İndiki halda Leyla Yunus da ermənilərin hərəkətlərini təkrarlayır, Avropa Oyunlarına qarşı kampaniyaya başlayır. Onsuz da bu adam illərdən bəridir ki, Azərbaycana, onun xalqına, dövlətçiliyinə qarşı olub. İndi də əlinə düşən fürsətdən istifadə edib ölkəmizə qarşı yeni qarayaxma kampaniyasına başlayıb.

Bu dəfə isə yeni traktovkada haray salır ki, guya, Azərbaycanda dinlər, millətlər arasında qarşıdurma var, tolerantlıqdan əsər-əlamət yoxdur və... ermənilərlə dostluğa rəsmən qadağa qoyulub. 23 ildir müstəqil Azərbaycanda özünə zəhmət verib ana dilini tam olaraq öyrənmək istəməyən Leyla Yunus ölkəmizin tablosunu belə cızır. Onun cızdığı tabloya baxanda insanın tükləri biz-biz olur. Biz burda yaşamasaydıq, ölkəmizi tanımasaydıq bircə bu bəyanat bəs edərdi ki, Azərbaycana nifrət edək! Bəli, Leyla Yunus əlindən gələni edir ki, tanımayanlar bizə nifrət etsin!

 Leyla Yunusun bu üzdəniraq müraciətini oxuduqca adam düşünür: doğrudanmı, bizim sakit, sabit, inkişaf yolunda sürətlə addımlayan ölkəmiz bu qədər bərbad və qorxuncdur? Doğrudanmı, insanlar hər addımda zorakılığa məruz qalır, küçəyə belə çıxmaq dəhşətlidir? Bu sualları, yəqin ki, hər kəs özünə verib cavabı üçün də uzağa getməli olmur. Çünki hər şey göz qabağındadır: sabitlik, sakitlik, tolerantlıq, gözlə görünən və hər gün hiss edilən iqtisadi inkişaf heç cür diqqətdən yayına bilməz.

İndi də gəlirəm özgə dəyirmanlarına su axıdan bu “müraciət”ciyin ayrı-ayrı “maddə”lərinə. Və bu başdan deyirəm ki, köhnə havalarla zəngin bu donos başdan – ayağa əsassız iddialarla doludur. Leyla Yunus iddia edir ki, xarici ölkələrdən birinin kəşfiyyatı ilə əlaqələri rəsmən sübut edilmiş, sonra isə tam təbii səbəblərdən həbsdə olarkən vəfat etmiş Novruzəli Məmmədova qarşı, guya, işgəncə və repressiya tətbiq olunub. Özü də bu məsələ ilə bağlı onun etnik mənsubiyyəti ayrıca qabardılır, oğullarının Azərbaycan hakimiyyəti tərəfindən məhv edildiyi iddia olunur. Yalan olar, amma bu qədər də deyil! İddiaya baxın, bu qadın deyir ki, oğlu hər dəfə atasının yanına gələndən sonra aparılıb “dəhşətli şəkildə” döyülürdü. Bir dəfə başına belə oyun gələn adam ikinci dəfə ora gələrdimi? Məntiq hanı?

Başqa bir iddiada isə yenə də etnik bağlılıq önə çəkilərək “Talışın səsi” qəzetinin baş redaktoru Hilal Məmmədovun məhz “etnik azlıq” nümayəndəsi və “baş redaktor” olduğu üçün, jurnalist fəaliyyətinə görə həbsə atıldığı deyilir.  Sadəcə, soruşmaq istərdim ki, bu “baş redaktor”un baş redaktorluğu altında çıxmış bir nüsxə belə qəzeti kimsə təqdim edə bilərmi? Axı Hilal Məmmədov həbs ediləndə qəzet bir il idi ki, ümumiyyətlə, fəaliyyətini dayandırmışdı. Çıxmayan bir qəzetin olmayan baş redaktoru jurnalist fəaliyyətinə görə necə həbs edilə bilərdi?

Novruzəli Məmmədov və Hilal Məmmədovla bağlı məsələnin “etnik azlıq” adı altında qabardılmasının özəl səbəbləri var: Azərbaycanda, guya, etnik azlıqlara qarşı qəddar siyasət həyata keçirilir. Yəni ki, ermənilər öz iddialarında “haqlıdırlar”, 2015-ci ildə isə avropalılar Azərbaycana “gəlməməlidirlər”. Çünki digər millətlərə qarşı burada “dözümsüzlük” mövcuddur. Bir dövləti, xalqı aşağılamaq, təhqir etmək üçün bundan artıq nə fikirləşmək olar?!

Xanım “boykotçu” daha sonra iddia edir ki, 2009-2011-ci illərdə Bakının 60 mindən çox sakini qanunsuz olaraq öz mənzilindən məhrum edilib. Minlərlə bakılı “Avroviziya” mahnı müsabiqəsi nəticəsində evsiz qalıb. Çox demirəm, o “60 mindən çox sakin”in heç 60 -nın da deyil, 6 nəfərinin adını çəkə bilərsinizmi, Leyla Yunus?

Havadan rəqəmlər qapıb dünyaya car çəkmək çətin deyil. Amma gərək bunu faktlarla sübut edəsən. Həqiqət isə budur ki, artıq çoxdan o “60 min sakin” heç bir narazılıq olmadan yeni mənzillərdə məskunlaşıb. Heç birinin də bu məsələ ilə bağlı şikayəti yoxdur. Süni şəkildə ortaya atılmış Münəvvər adlı bir qadından və Leyla Yunusun özündən başqa üçüncü bir adamın adını kim çəkə bilər? 

Leyla Yunus eyni qaydada iddia edir ki, “2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları ərəfəsində paytaxtda 80 min sakinin mülkiyyətinin qanunsuz olaraq məhv edilməsi nəzərdə tutulur. Artıq bakılıların evlərinin sökülməsinə başlanılıb”. Ədəbsizliyin bu qədərini görməmişdik! İnsan öz ölkəsi barədə bu qədər açıq böhtanı necə yaya bilər axı? Və ümumiyyətlə, dövlət niyə 80 min sakinin mülkiyyətini qanunsuz məhv etsin ki? Bu hansı məntiqə, hansı ağıla sığacaq bir şeydir?

Azərbaycana atılan böhtanlar təkcə bunlardan ibarət deyil. Hətta iddia edilir ki, Azərbaycan dövləti “Qarabağ münaqişəsinin dinc yolla həllinə əngəl törədir”, “millətlərarası və konfessiyalararası ədavəti qızışdırır”. Bu yerdə düşünürsən ki, bizə Ermənistan, erməni lobbisi nə gərək. İçimizdəki belə ermənipərəstlər və erməni təbiətli ünsürlər daha təhlükəli deyillərmi? Məgər Leyla Yunus görmür ki, Azərbaycan dövlətinin rəhbəri Prezident İlham Əliyevin illərdən bəridir yorulmadan bütün yüksək tribunalardan Ermənistanı münaqişəni dinc yollarla həll etməyə çağırır. Üstəlik, millətlərarası və konfessiyalararası münasibətlər baxımından da ölkəmiz bütün dünya üçün gərəkli bir örnək təşkil edir.

Hər cümləsindən Azərbaycana nifrət yağan qarayaxa “hüquq müdafiəçisi” daha sonra iddia edir ki, “hər an qonşunun timsalında düşmən obrazını təbliğ edən, prezidentin isə müharibəyə çağırışlar etdiyi, eyni zamanda, sülh uğrunda hərəkatın fəallarının, xalq diplomatiyası iştirakçılarının repressiyalara məruz qaldığı, təqib edildiyi, həbs edildiyi ölkədə” Avropa oyunlarını keçirmək olmaz. İfadələrə diqqət etdinizmi? Azərbaycan “hər an qonşunun timsalında düşmən obrazını təbliğ edən” ölkə kimi qələmə verilir. Sanki, biz gözünü qan örtmüş bir ölkəyik, durduğumuz yerdə qonşunu - Leyla Yunus qohumluq tellərilə bağlı olduğu Ermənistanı düşmən kimi təbliğ edirik!

Soruşmaq yerinə düşür: Leyla Yunus, 20 ildən artıq torpaqlarımızı işğal altında saxlayan, bir milyon insanımızı yurd-yuvasından qovmuş, 20 min soydaşımızı şəhid, 50 insanmızı şikəst etmiş Ermənistana qucaqmı açmalıyıq, tərifmi söyləməliyik? Təbii ki, düşmənin müharibə siyasəti daim dünyaya bəyan edilməlidir və torpağı işğal altında olan bir dövlət kimi bu, Azərbaycanın ən təbii haqqıdır!

Böhtançı çızmaqarada Rauf Mirqədirovun məsələsi ayrıca qeyd edilir. Açığı, manipulyasiya üçün belə tələskənliyin nədən qaynaqlandığını demək çətin olsa da, bunu da anlayırıq. Leyla Yunus başa düşür ki, işin içində erməni məsələsi olduğu üçün dünyadakı müəyyən mərkəzlərin diqqətini çəkə bilər. Təbii ki, söhbət ermənilərə yaxın və ya bağlı mərkəzlərdən gedir. İndi bu xanıma demək lazımdır ki, Rauf Mirqədirov şübhəli şəxs qismində saxlanılıb, barəsində araşdırma aparılır, günahı yoxsa sərbəst buraxılacaq. Əgər onun işində Leyla Yunusun da adı keçirsə və bundan əndişə duymaq üçün əsaslı səbəblər varsa, onda bu “hüquq müdafiəçisi”nin narahatlığını başa düşmək çətin deyil.

Leyla Yunusun iddiaları o qədər əsassız və gülüncdür ki, onların üstündən sakitcə də keçmək olardı. Amma düşünəndə ki, bunlara vaxtında cavab verilməsə gələcəkdə ermənilər əleyhimizə istifadə edə bilər, mütləq fikrimizi axıradək bildirməliyik.

İddia olunur ki, publicdialogues.info ünvanlı “unikal birgə Azərbaycan – Ermənistan saytı”nda “ciddi presssinqə məruz qalan, o cümlədən erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri pisləyən, “Daş yuxular” romanı yandırılan Əkrəm Əylisliyə dəstək kampaniyası başlanmışdı”. Söhbət bu kampaniyada Rauf Mirqədirovun da iştirakından gedir. Heç nə demirəm, sadəcə, o romanı oxumuş və təhlil etmiş birisi kimi deyirəm ki, “Daş yuxular” iddia edildiyi kimi “erməni qırğınlarını və milli mənsubiyyətə görə qətlləri” pisləmir, Azərbaycanın ayağına etmədiyi cinayətləri yazır və erməniləri bir məzlum, sülhsevər xalq kimi qələmə verir. Bunu bir kənara qoyub soruşmaq istərdim ki, Əkrəm Əylisliyə hansı basqıdan söhbət gedir? Hə, ictimai rəy ona qarşı çıxıbsa, ədəbiyyat adamları sərt tənqidlərini səsləndiribsə, bunu basqı kimi qələmə verib dövlətin adına yazmaq nə qədər ədalətlidir, ay başabəla və öz başına da iş açan"hüquq müdafiəçisi"?

Bu “hüquq müdafiəçisi” bir də iddia edir ki, sən demə, “Azərbaycanda xristianlara, o cümlədən ermənilərə nifrət tərbiyə edən tarix dərslikləri” varmış! Dünyanın gözü qarşısında hər kəsin dinc şəraitdə yaşadığı Azərbaycanda hansı nifrət tərbiyəsindən söhbət gedə bilər axı? Ümumiyyətlə, bir insan vətəndaşı olduğu dövlətə bu cür böhtanları necə ata bilər? Ata bilərmiş! Və atırsa, səbəbsiz də deyilmiş! Səbəbsə ya onun bizdən olmamasıdır, ya da bizdən olub bizə qənim kəsilənlərə satılmasıdır!

Leyla Yunus hay-küylü “müraciət”ini belə bir cümlə ilə  bitirir: “Ölkəmizin azad düşüncəli insanları və dünyada ədalət tərəfdarları qan və göz yaşları basmış avtoritar Azərbaycanda Olimpiya oyunlarının keçirilməsinə qarşı kampaniyaya başlayır”. “Qan və göz yaşları!” Nə qədər də emosional bir ifadədir! Amma gerçəkləri bilənlər üçün nə qədər də gülüncdür! Hardadır o qan, hardadır o göz yaşları, ay Leyla Yunus? Nədir, yoxsa ayaqyolu şousu bir fayda vermədi deyə yeni şoular düşünməli oldunuz?

Bu “hüquq müdafiəçisi”nin bu qaraqışqırıq dolu açıqlamalarını oxuduqca düşünürəm ki, niyə Azərbaycan dövləti ona öz gücünü göstərmir? Niyə, misal üçün, dəfələrlə şahid qismində ifadə verməyə dəvət edilsə də, onun istintaqdan yayınmasına göz yumulur? Azərbaycan dövlətinə bu qədər böhtan atmasına, dövlətin hər kəs üçün eyni olan qanunlarına bu qədər sayğısız yanaşmasına, məncə, dözümlülük göstərməyin də bir həddi var. Dövlət hər kəsdən qanunlara sayğı tələb etməlidir. O cümlədən Leyla Yunusdan da.

Anlamaq çətin deyil ki, Leyla Yunus, Rəsul Cəfərov, Emin Hüseynov kimi özlərini hüquq müdafiəçisi adlandıranlardan ibarət balaca bir qrup beynəlxalq təşkilatlar üçün buyruq quludur. Həmin qurumlar nəyi diktə etsələr, bu adamlar onu qeyd-şərtsiz icra edəcəklər: “Azərbaycanda hər şey, ümumiyyətlə, bu ölkənin durumu, iqtisadi-inkişaf hər kəsin gözü qarşısında baş verir. Mən özüm də vaxtilə çox kəskin tənqidi mövqe sərgiləyirdim. İnsan gərək allahsız olmasın. Əgər durum müsbətə doğru köklü surətdə dəyişibsə, bunu necə inkar etmək olar? Adları çəkilən insanlar isə Azərbaycanda müsbət dəyişiklikləri arzu etmədiklərinə görə, daim özlərindən problemlər uydurmaqdadırlar.

Mən təəccüblənirəm ki, Leyla Yunusun öz vətəninə qarşı açıq-aşkar cinayətkar mövqeyinin qarşısı niyə bu vaxtadək alınmayıb? Onun izolyasiya olunması niyə bu qədər gecikdi? Bilirsiniz ki, Leyla Yunus Rauf Mirqədirovun həbsi ilə bağlı dəfələrlə istintaqa çağırılsa da, getməyib. Hüquq müdafiəçiliyi ilə məşğul olan bir şəxs kimi onun borcu idi ki, istintaqa yardımçı olsun. Təəssüflər olsun ki, o, əvvəlcə ölkədən qaçmaq fikrinə düşdü, lakin saxlanıldı. Sonrakı mərhələdə də istintaqa dəvət olundu, lakin dəvətləri rədd edərək getmədi. Bütün bunlar müəyyən şübhələrə yol açırdı.

Görünür, hüquq-mühafizə orqanlarında dəlil və sübutlar var ki, ondan şübhələniblər. Yəni onun saxlanılmasında ajiotaj yaradacaq, hay-küy salacaq bir şey yoxdur. Mən hüquq-mühafizə orqanlarımıza güvənirəm və inanıram ki, sonda düzgün qərar qəbul ediləcək.

Azər HƏSRƏT,

Orta Asiya və Güney Qafqaz Söz

Azadlığı Şəbəkəsinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında