Ünvanlı sosial yardımın orta aylıq məbləği son 8 ildə 3 dəfədən çox artmışdır

 

Ünvanlı sosial yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-cı  ildəki 30 manatla müqayisədə ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin 1 yanvar tarixindən 100 manata çatdırılmışdır.

Bu artım dinamikası aztəminatlı ailələrə ödənilən ünvanlı sosial yardımların məbləğində də ciddi artımla müşahidə olunmuşdur. Belə ki, ölkəmizdə ünvanlı sosial yardım proqramına başlanıldığı 2006-cı ildə hər ailəyə ödənilən ünvanlı yardımın orta aylıq məbləği 44,28 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3 dəfədən də çox artaraq hazırda 133,06 manat təşkil edir. 

Xatırladaq ki, cari ilin 1 iyul tarixinə respublikamızda  559834 nəfər ailə üzvünü əhatə edən 128025 ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Həmin ailələrdən 37208-i tərkibində 3 və daha çox uşağı olan, 11596-ı məcburi köçkün, 307-i isə şəhid ailələridir. Ünvanlı yardım alan ailələrdə 1 yaşadək uşaqların sayı 5805 nəfər, 18 yaşadək ailə üzvlərinin sayı 276134 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 6050 nəfər, 18 yaşından yuxarı əlil ailə üzvlərinin sayı isə 32789 nəfərdir.

Son vaxtlarda ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə ünvanlı sosial yardım alan ailələrin siyahısı, habelə ünvanlı yardım almaq üçün tələb olunan sənədlərin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilmişdir. Eyni zamanda, ünvanlı yardımların təyinatı prosesinin avtomatlaşdırılması, beləliklə, bu sistemin tam şəffaflaşdırılması istiqamətində ƏƏSMN tərəfindən müvafiq islahat işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, nazirlik tərəfindən əlilliyi olan şəxslərin texniki reabilitasiya vasitələrinin təmiri üçün ayrı-ayrı bölgələrdə xüsusi emalatxanalar yaradılacaq.

Emalatxanaların Naxçıvan, Gəncə şəhərlərində, Şəki və Masallı rayonlarında inşa etdirilməsi nəzərdə tutulur. Bununla əlaqədar artıq ƏƏSMN tərəfindən müvafiq layihə sənədləri hazırlanmışdır. Əlilliyi olan şəxslərin əlil arabalarının, eşitmə aparatlarının, xüsusi çarpayıların və s. reabilitasiya avadanlıqlarının müəyyən müddət istifadədən sonra, yaxud bu və ya digər halda təmirinə ehtiyac yarandığı zaman həmin avadanlıqların qeyd olunan müəssisələrdə dövlət hesabına təmir olunması təmin ediləcək.

Belə emalatxanaların gələcəkdə ölkənin digər bölgələrində də yaradılması nəzərdə tutulur.

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında