Ağdamda qaçqın və məcburi köçkünlər üçün salınan yeni qəsəbə vaxtında və yüksək keyfiyyətlə təhvil veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq Ağdam rayonu ərazisində 632 evdən ibarət yeni qəsəbədə tikinti işləri başa çatıb.

Tikintisi üçün 70 hektar ərazi ayrılan qəsəbədə 50 birotaqlı, 296 ikiotaqlı, 242 üçotaqlı, 44 dördotaqlı ev, həmçinin 440 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub icma mərkəzi, həkim məntəqəsi, poçt binası inşa edilib. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi yekunlaşıb. Bütün infrastruktura malik qəsəbədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb. Yeni qəsəbədəki mənzillərə rayonun “Dörd yol” ərazisində və yol kənarlarında məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

İyulun 18-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə Ağdam rayonunda oldu.

 AzərTAc xəbər verir ki, qəsəbədə tikintinin gedişi ilə maraqlanan Ə. Həsənov əvvəlcə 440 şagird yerlik məktəb binasına gəldi. Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.

Əli Həsənov məktəbin kompyuter otağında, idman zalında yaradılmış şəraitlə tanış oldu. Burada şagirdlərdən təşkil edilmiş xor dərnəyinin üzvləri və yeni təhsil ocağının idman zalında məşq edən məktəbli idmançılar öz məharətlərini göstərdilər.

 Baş nazirin müavini daha sonra yeni qəsəbədə inşa edilən uşaq bağçasında görülmüş işlərlə maraqlandı. Bildirildi ki, bağçanın binası zəruri avadanlıqla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.

 Əli Həsənov icraçılara yeni salınan qəsəbədə tikinti işlərinin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə müsahibəsində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Hazırda Dövlət Proqramına uyğun olaraq ölkənin müxtəlif regionlarında məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir. Bu il ərzində ölkə üzrə 4500 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında