Şriftin ölçüsü:
01.09.2010 03:13 | Oxunma sayı: 443
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev yekun nitqində ilk süni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli 27 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı RİTN-ə müvafiq tapşırıqlar verilmişdir. Bu bəyanat və qərarların davamı olaraq ölkə rəhbərinin 17 avqust 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" təsdiq olunaraq Azərbaycanın sözügedən sahədə perspektivlərini və nəzərdə tutulan siyasətinin istiqamətini müəyyən etmişdir.
Azərbaycan Respublikasının ilk milli telekommunikasiya peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və mərkəzləşdirilməsi məqsədilə RİTN-də işçi qrupu yaradılmış və işçi qrup tərəfindən dünyada peyk sahəsində tanınmış şirkət və peyk operatorlarının nümayəndələri ilə görüşlər keçirilmiş və orbitə çıxarılması istiqamətində müzakirələr aparılmışdır.
Bu barədə açıqlama verən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, həmin şirkətlər sırasında Azərbaycanın maraqları üçün daha əlverişli və konstruktiv mövqe Malayziyanın "MEASAT" şirkəti tərəfindən təklif edilmişdir. 2008-ci ildən etibarən RİTN ilə "MEASAT" şirkəti arasında danışıqlara başlanılmış və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Malayziyaya ayrılmış 46Ş.U orbital mövqedən birgə istifadə ilə bağlı razılıq əldə edilmiş və cari ilin may ayında müqavilə imzalanmışdır.
"Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin satınalınması üçün "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2009-cu ilin yanvar ayında tender elan edilmişdir. Tenderdə dünyanın tanınmış peyk istehsalçıları iştirak etmişlər. İddiaçılara təqdim olunmuş Əsas Şərtlər Toplusuna uyğun verilmiş təkliflər Tender komissiyası və əlavə cəlb edilmiş xarici ekspertlər tərəfindən təkliflərin Əsas Şərtlər Toplusuna uyğunluğu, avadanlığın keyfiyyəti və dayanıqlığı, peykin yaşama müddəti, son texnoloji yeniliklərin tətbiqi, təklifin qiyməti və sairə əsas şərtlər nəzərə alınmaqla müqayisə edilmiş və qiymətləndirilmişdir. Tender komissiyası təkliflərin qiymətləndirilməsi və müqayisəsi əsasında "Orbital Sciences Corporation" şirkətini tenderin qalibi elan etmiş və telekommunikasiya peykinin istehsalı üçün cari ilin may ayında müqavilə imzalanmışdır.
Nazir qeyd etmişdir ki, telekommunikasiya peykinin orbitə çıxarılması üçün raketdaşıyıcı şirkətlərin müəyyən olunması ilə bağlı RİTN tərəfindən müvafiq işlər aparılmış və bu sahədə dünyada tanınmış "ILS", "Arianespace", "SpaceX" və "Ukroboronservis" şirkətləri öz təkliflərini təqdim etmişdir. Hazırda təkliflərin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.
RİTN tərəfindən aparılan işlərin uğurlu davamı olaraq 2010-cu il mayın 3-də ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilmişdir. Hazırda "Azərkosmos" ASC-nin yaradılması ilə bağlı sərəncamdan irəli gələn məsələlərin həlli üçün tədbirlər görülməkdədir.
Beynəlxalq Telekommunikasiya İttifaqı ilə aparılan işlərin nəticəsi barədə danışan nazir qeyd etmişdir ki, planlı zolaqda ölkəmizi və qonşu ölkələri əhatə etmək şərtilə 23.2 Ş.U və 95.9 Ş.U orbital mövqeləri Azərbaycan Respublikasına ayrılmışdır. Bununla belə, telekommunikasiya peykinin Avropa və Asiya ölkələrini də əhatə etməsi üçün plandan kənar zolaqda 43.2 Ş.U, 58.5 Ş.U və 95.9 Ş.U orbital mövqelərinin ayrılması ilə bağlı BTİ-yə müraciət edilmiş və bu istiqamətdə də mövcud prosedur qaydalara uyğun olaraq BTİ tərəfindən müəyyən edilmiş ölkələrlə koordinasiya işləri həyata keçirilir.
Layihənin həyata keçirilməsi respublikamızda kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının təmin edilməsi, bölgələrdə əhalinin teleradio yayımına artan tələbatının ödənilməsi, ölkənin beynəlxalq rabitə kanallarının sayının artırılması ilə dayanıqlı alternativliyin yerinə yetirilməsi, internetin inkişafı, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi və s. istiqamətlərdə geniş imkanlar açacaq, eyni zamanda, digər ölkələrə peyk rabitəsi xidməti göstərəcəkdir.
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.