Şriftin ölçüsü:
31.08.2010 00:17 | Oxunma sayı: 470
Səbail Rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunların və Quba Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Qubada təşkil olunan "Şahinlər" hərbi-vətənpərvərlik təmayüllü düşərgədə yeniyetmələrin yay istirahəti başa çatmışdır. Səbail rayonunda yeniyetmələrin yay istirahətinin səmərəli və yaddaqalan təşkili istiqamətində keçirilən növbəti tədbirin təntənli bağlanış mərasimi keçirilmişdir.
Qarabağ müharibəsi veteranları və əlillərinin övladları, rayonun aztəminatlı ailələrindən olan və əsas etibarı ilə Bayıl və 20-ci sahə ərazisində, Badamdar qəsəbəsində yaşayan və bu ərazidəki orta məktəblərdə təhsil alan şagirdlər, həmçinin "SOS-Azərbaycan" uşaq kəndində, 3 saylı uşaq evində və Quba rayonu Zərdabi adına xüsusi internat məktəbdə tərbiyə alan 170 nəfər uşaq üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının ərazisində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü ödənişsiz "Şahinlər" yay istirahət düşərgəsində 15 günlük mənalı istirahət xatirələrdə silinməz izlər buraxmışdır.
Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov bildirdi ki, düşərgədə şagirdləri gələcək hərbi xidmətə layiqincə hazırlamaq məqsədi ilə hərbi çadır qurulmuş, səhra mətbəxi yerləşdirilmişdi. Həyətdə ümummilli lider Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Azərbaycanın Milli Qəhrəmanlarına, sonuncu Milli Qəhrəman Mübariz İbrahimova, Daxili Qoşunların fəaliyyətinə, bu il 5-ci dəfə təşkil olunan "Şahinlər" düşərgəsinin tarixinə həsr olunmuş stendlər asılmışdı. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan etmişdi.
Uşaqların Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil olunmuşdu. İstirahətin 1 günü Daxili Qoşunlar tərəfindən hərbi-səhra məşğələləri keçirilmiş, şəxsi heyətin yeməyi hərbi-səhra mətbəxi ilə verilmişdi. Məktəblilərin təlimləri Daxili Qoşunların Quba şəhərindəki hərbi hissəsində keçirdi. Onlar hərbi hissədə xidmət, yaşayış şəraiti, silah və texnika ilə yaxından tanış oldular, xüsusi təyinatlı bölüyün məşqlərinə qatıldılar.
Məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı görüşlər də keçirilmiş, filmlər nümayiş etdirilmişdir. Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində "Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında məşğələlər, Füzuli və Qubadlı rayonlarının işğalının ildönümü günlərində döyüşlərdə həlak olmuş soydaşlarımızın anma mərasimləri keçirilmişdir. Hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri də təşkil olunmuşdur.
İstirahət günlərində məktəblilər və düşərgənin qonaqları Daxili Qoşunların Quba şəhərində yerləşən "N" saylı hərbi hissəsinin yaradılmasının 18-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirdə və hərbiçilərlə yanaşı, nümunəvi çıxışlarda və hərbi keçiddə iştirak etmiş, bayram süfrəsinin qonağı olmuşlar.
Düşərgənin bağlanışı ilə əlaqədar tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, DİN Daxili Qoşunların nümayəndələri və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar. İdman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları, dəstə rəhbərlərinə və hərbiçilərə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Yeniyetmələr qonaqlar qarşısında hərbi keçid və fəndlər nümayiş etdirmişlər. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin çıxışı isə böyük maraqla qarşılanmışdır. Respublikamızın tanınmış incəsənət xadimləri və Daxili Qoşunların hərbi orkestrinin iştirakı ilə keçirilən konsertdə düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər.
Yarımaylıq istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri təşkilatçılara öz minnətdarlıqlarını bildirmişlər.{nl}
R. TAHİR, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.