Bu yerlər açıq təbiət muzeyidir. Dağlar, dərələr, ormanlar göz oxşayır. Rənglərin işıltısı könül sevindirir. Daş abidələr tarixin qocalığına şahidlik edir. Hava, su can məlhəmidir. Doğma, mehriban çöhrələrin qalereyası yadda qalır.
“Yardımlı” toponimini müxtəlif cür izah edirlər. Bir ehtimala görə, “yardam” sözündən yaranıb. Xalqın, ulusun bir hissəsi kimi izah olunur. “Ərdəbil” adının kökünün də “yardam” olduğu söylənilir. İkinci fərziyyə “ertim” adını önə çəkir. Tarixçilər bu toponimi peçeneq tayfalarından birinin adı ilə bağlayırlar. Əski türkcədə ərdəmli, cəngavər mənalarında yozulur. Hər yönündən türklük boy göstərir. Şuşanın işğalından sonra xarı bülbül Yardımlıya köçüb, deyirlər. Təsəllisini bu dağlarda axtarır. Dağlar güllərin də həyanı, pənahıdır. İnsanlarınsa ömründə-günündə iz qoyub keçir.Talış dağlarının Peştəsər və Burovar silsilələri arasında, Viləş çayı sahillərində qərar tutan Yardımlının turizm potensialı genişdir. Bu yerlərin ən uca zirvələri olan Şinunkələk (2419 metr) və Tarakən (2350 metr) tərəflərdə yayda da qar görmək mümkündür.
Tarixən Yardımlı igidlərin məskəni olub. Qaçaq hərəkatı üzündən sovet hakimiyyəti belə, Yardımlıya bir il gec gəlib. Bolşevik hökuməti Bakıda 1920-ci, Yardımlıda 1921-ci ildə qurulub. Azərbaycan Xalq Cümhuriyyətinin pul əskinasları burada bir-iki il artıq işlədilib. Kommunistlərin qaçaqlarla mübarizəsi isə 1928-30-cu illərədək davam edib. Yerli camaat ruslara var gücü ilə müqavimət göstərib. Yalnız uzun mübarizədən sonra rus ordusunun 245-ci alayı xeyli itki verməklə ərazini ələ keçirə bilib. İşğalçı alayın komandiri qəddarlığı ilə tanınan zabit Dalqov olub. Əhali rus dilini bilmədiyindən ona qarşı olduqca qəddar və düşməncəsinə davranılıb.
Xalq şairi Sabir Rüstəmxanlı ata-baba yurdu haqqında deyir ki, 20-ci yüzildə bir kəndin çox mərdanə, diri, sağlam adamları arasında, o dağlardan kənardakı dünyanı heç bilməyən, ona ehtiyacı da olmayan bir toplumda formalaşmışam. O adamlara hörmət əlaməti olaraq hesab edirəm ki, mən elə ordayam. Hara getsəm, dünyanın harasında yaşasam da, mənim bir hissəm orada yaşayır, oradan ayrılmamışam. Başqa bir şəkildə öz həyatımı təsəvvür edə bilmirəm. Yurd yerləri bu gün təbii cizgilərini saxlasa da, səliqə-sahmanı, abadlığı ilə xeyli qabağa gedib. Dağ adamlarının da dünyagörüşü dəyişib, amma xaraktercə elə həmin adamlardır - mərd, saf ürəkli, yurdcanlı...
On beş-iyirmi il öncə eşitdiyimə görə, Yardımlının Ünəç kəndində gözləri görməyən bir kişi varmış. O halı ilə hər gün meşəyə çırpı yığmağa gedir, axşama qədər yükünü tutub qayıdırmış. Məni heyrətləndirən o adamın görmədiyi yerləri fəhminin gücü ilə tanıyıb-sevməsi, bir dəfə də yolunu azmamasıdır. Adam hər yeri addım-addım əzbərləyibmiş.
Məşhur Təkdam şəlaləsi Masallı-Yardımlı yolunun 25-ci kilometrində yerləşir. Yardımlının vizit kartı sayılan, 40 metrədək hündürlükdən atılışı ilə əsrarəngiz mənzərə yaradan şəlalə iki mərtəbəlidir. Bura xeyli abadlaşdırılıb. Dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdəki bu nöqtədən ətrafa gözəl panoram açılır. Ötən əsrin ortalarınadək bu dağlıq-meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “Təkdam” deyə çağırıblar.
Yardımlıda beşmərtəbə şəlalə də var. Təkdam şəlaləsindən də yuxarıda, bir neçə kilometr məsafədə çox çətin coğrafi ərazidədir. Meşənin dərinliyində beş ayrı dağ “atılım”ındən töküldüyü üçün bu adla tanınır. Oranı gəzməkdən ötrü yolun əziyyətinə qatlaşmağa dəyər.
İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov qısa vaxtda rayonda qayğıkeş rəhbər kimi tanınıb. Yerlərdə müntəzəm keçirdiyi görüşlər zamanı qaldırılan problemlərin çözülməsi üçün əllərindən gələni əsirgəmir. Əlaqədar dövlət orqanlarına müraciət edir, məsələlərin həllinə nail olur. Bundan başqa, daxili resursların işə salınmasına diqqət yetirir. Rəhbərliyə üz tutan kimsənin naümid qalmasını istəmir. O deyir ki, bu dağların övladları əksərən qürurlu, ciddi adamlardır. Yəni, hər xırda məsələyə görə qapılara düşməzlər. Yox, əgər bu, baş verirsə, deməli, doğrudan da, köməyə, dəstəyə ciddi ehtiyac yaranıb. Odur ki, biz də hər vasitəylə yardımçı olmağa çalışırıq.
Onilliklər boyu Yardımlının əsas müşküllərindən biri yol olub. Elə rayonun indiyədək turizm məkanı kimi tanınmamasının bir səbəbi də budur. Amma yeni əsrin əvvəllərindən Yardımlının yol məsələsi də düzəlməyə başlayıb. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə 54 kilometrlik Masallı-Yardımlı avtomobil yolu yüksək səviyyədə əsaslı təmir olunub. Sonra rayon mərkəzinin yolları, bəzi kəndlərarası yollar qaydaya salınıb.
Ötən ilin sentyabrda Prezident İlham Əliyevin rayona səfəri zamanı YAP rayon təşkilatının yeni inzibati binası, ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəz və park, Yardımlı-Deman-Arvana avtomobil yolu xeyir-dua ilə istifadəyə verildi. Bu yol Avaş, Arvana, Kürəkçi, Perimbel, Şəfəqli, Peştəsər, Şiləvəngə və Urağaran ərazi nümayəndəliklərinə daxil olan yaşayış məntəqələrini birləşdirir.
Gənclər parkında rayon ictimayyəti ilə görüş zamanı dövlət başçısı Yardımlıda görülmüş işləri yüksək qiymətləndirdi və yaxın gələcəkdə rayonda daha uca zirvələrin fəth olunacağını bildirdi. Azərbaycan rəhbəri ötən ilin sentyabrında on min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə isə Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsaitin ayrılması barədə sərəncamlar verdi. Bütün bunlar rayona diqqətin daha bir təzahürüdür. Artıq yolun tikintisi işlərinə başlanıb.
Nəqliyyat Nazirliyinin köməyi, habelə daxili imkanlar hesabına ümumi uzunluğu 12 kilometr olan Ostayir, Əfçədulan, Dəlləkli, Horavar, Alçabulaq, Şəfəqli-Cerimbel və başqa kənd yollarına, şəhərin M.Mirzəyev küçəsinə çınqıl səpilib, Çayüzü kəndində mərkəzi yolun bir hissəsi asfalt örtüklə təmir edilib. Rayonun Allar və Lerik rayonunun Bülüdül kəndləri arasındakı məsafədə və Şovut-Telavar-Gölyeri-Bərcan-Şıxlar kəndlərini birləşdirən yollar genişləndirilib. Şəfəqli-Gilar kəndlərini birləşdirən avtomobil yolları ağır texnika ilə genişləndirilərək təmir olunub. Çayların üstündən neçə-neçə körpü salınıb.
Şəhərin Heydər Əliyev küçəsi tamamilə yenidən qurulub. Girişdə “Qala” inşa olunub, işıqlandırma sistemi yaradılıb. Uzunluğu 8 kilometr olan küçədə 233 ədəd küçə işığı quraşdırılıb, 5 kilometr hissədə küçə boyunca istinad divarları hörülüb, suaxarlar salınıb, səkilər tikilib.
Ötən ay isə Prezident İlham Əliyev Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla 13 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisinin davam etdirilməsi məqsədilə 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı Yardımlı Rayon İcra Hakimiyyətinə ayrılıb. İşlər davam edir. Beş yaşayış məntəqəsini birləşdirən 15 kilometrlik yerli əhəmiyyətli Bozayran-Vərgədüz-Sırıq yolunun tikintisi üçün də müvafiq sənədləşdirmə aparılıb.
İndi Demana, Arvanaya aparan yol könül rahatlığı ilə keçilir. Yerli əhali və qonaqlar buna çox sevinirlər. S.Hətəmovun dediyinə görə, yol infrastrukturunun genişləndirilməsi üzrə layihələrin həyata keçirilməsi dövlətimizin iqtisadi siyasətinin üstün sosial yönümlü olmasının fərəh doğuran göstəricisidir.
Yardımlıya növbəti səfərimdən sonra Deman adının mənasını öyrənmək üçün mənbələrə baxdım. Bir mənbəyə görə, Deman hun xaqanı, sərkərdə Mətənin babası Teomanın adıyla əlaqələndirilir. Xalq etimologoyasına görə isə Deman dəmyə, yəni suvarılmayan yer anlamına gəlir. Bəlkə də kənd bu dağların əbədi “sakin”i sayılan dumandan ad qazanıb...
Yazda gur sel suları Perimbel yolunun 2-ci kilometrində hərəkət hissəsinin bir qismini uçurmuşdu. Rayon icra hakimiyyətinin daxili imkanları hesabına yolun təmirinə başlanıb və qısa müddətdə sona çatdırılıb. Moskvada yaşayan Fətiyev qardaşlarının təşəbbüsü ilə də burada iş görülür. Yola asfalt döşənməsi üçün hazırlıq aparılır.
Ötən səfərimdə dostlarla mən də ilk dəfə Perimbelə getdim. Yol işləri aparıldığına görə mənzil başına çətinliklə çatdıq. Orada gördüklərim isə məni doğrudan-doğruya duyğulandırdı. Sən demə, Perimbeldə Avropa səviyyəli özəl hotel tikilibmiş. Gecəni elə orada qaldıq. Səhər açılanda kəndin təbii gözəllikləri gözlərimiz önündə canlandı. Hotelin “amfiteatr”ından ətrafı xeyli seyr elədik. Perimbeldəki meyvə bağlarının doxsan faizi qoz ağaclarından ibarətdir. El arasında buna cınqır və ya girdəkan da deyilir. Hər qoz ağacının azı 300 yaşı var. Kənd sarı palçığı ilə də məşhurdur. Bu palçığın yapışqanlığı çoxdur. Camaat ondan tikintidə istifadə olunduğunu deyir. Məşhur “Göznarı” bulağı həzin-həzin axaraq ətrafa sərinlik yayır. Bu kənddə hər həyətdə bulaq var. Qoç heykəlləri, nəhəng daşlar da diqqət çəkir. Burada gözəl bir Heydər Əliyev parkı da salınıb, səliqə-sahmanı ilə seçilir. Ulu öndərin doğum günündə bu parkda respublikanın incəsənət ustaları konsert veriblər. Böyük atəşfəşanlıq olub.
Rayonda abadlıq-quruculuq işləri sürətlənib. Çayüzüdə 2-ci Cahan savaşında həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidə kompleksi sökülərək müasir üslubda yenidən inşa edilib. Şəhərə su və kanalizasiya xətlərinin çəkilişi sona yaxınlaşır. Ötən ilin sonlarından Olimpiya İdman Kompleksi tikilir. Yeri gəlmişkən, bir sevindirici xəbər: Yardımlı yetirməsi Valeh Sahratlı bu ilin mayında İstanbulda kontakt-karate döyüş növü üzrə yarışda Avropa çempionu adını qazanıb. Möhtəşəm kompleks və güləş zalları tikilib istifadəyə veriləndən sonra rayon idmançılarının qələbələrinin sayı daha da artacaq. “Soyqırımı” abidəsi bərpa olunub. Meyvə emalı sexi tikilib. “Sineyir” adlanan ərazidən 14 min əhalisi olan 18 kəndin içməli suya tələbatının ödənilməsi məqsədilə dağlardan xətt çəkilir. Qazlaşdırma davam edir. Kəndlərdə məktəb tikintisinə xüsusilə böyük diqqət yetirilir. Hazırda 6 kənddə yeni təhsil ocağı inşa olunur.
Bu günlərdə isə Zövün kəndində yeni məktəb binasının və Əsədabad körpüsünün inşası başa çatıb və hər iki obyekt istifadəyə verilib. Açılış mərasimlərində qeyd edilib ki, son illərdə rayonda ümumilikdə 100 kilometrlikdən artıq kənd yolu çınqıllanıb. Üç kənddə avtomobillərin və piyadaların hərəkəti üçün yeni körpülər tikilib. O cümlədən rayon mərkəzinin Əsədabad məhəlləsində uzunluğu 22 metr olan dəmir-beton konstruksiyalı körpü inşa edilib. Zövün məktəbində 18 sinif otağı, kimya və fizika laboratoriyaları, kompyuter otağı, kitabxana, idman zalı və s. var. Məktəbin qızdırılması üçün kombi sistemi quraşdırılıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, təhsil şöbəsinin müdiri Manaf Balışov, yeni məktəbin direktoru İntiqam Balaşov, şair Zöhrab Zövünlü, şagird Günay Balaşlı ürək sözlərini söylədilər.
Yolocaq kənd uşaq bağçası da yenicə istifadəyə verilib. Hazırda Biləzəmi ərazisində 55 yerlik uşaq bağçası tikilir. Yeni RİH binasının da inşasına başlanıb.
Daha bir müjdə: Yardımlı rayonunda da nəhayət rəsm və incəsənət qalereyası açıldı! Bu ideya icra hakimiyyəti başçısının bir neçə ay öncə Mədəniyyət və Turizm naziri Ə.Qarayevə müraciəti əsasında reallaşmışdır. Gənc nəslin estetik zövqünün formalaşmasında, bu sahədə istedadların üzə çıxarılmasında qalereyanın rolu böyük olacaq.
Respublıka Rəsm Qalereyasının direktoru Elnur Hüseynovun başçılığı ilə rayona gələn qonaqlar - tanınmış rəssamlar Namiq İsmayılzadə, Ələsgər Kazımov, Natalya Verxova, Anar Hüseynzadə, Aysel Əmirova və Arzu Əsgərova öz fərdi yaradıcılıq nümunələrindən 20 gözəl əsəri yeni yaradılmış rayon rəsm qalereyasına sovqat gətiriblər. Qalereyanın rəsmi açılışından sonra qonaqlar istedadlı uşaqlara ustad dərsləri keçiblər.
Məncə, gələcək rəssamlar üçün mövzu axtarmaq, fantaziya işlətmək o qədər də lazım olmayacaq. Yardımlı elə başdan-başa əlvan gözəllik tablolarından ibarətdir. Sadəcə kətana köçürülməsini istəyir.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.