Məşqçi və onun idmançı uşaq dostları

Yəqin ki, uşaq və yeniyetmələrlə çalışan əksər peşəkar məşqçilər onlarla dost və mehriban olurlar. Bakının Bakıxanov qəsəbəsindəki “Sənan” idman klubunda sərbəst idman oyun növləri üzrə artıq 10 ildir məşqçi işləyən 47 yaşlı idman ustası Cabbar Ağakişiyev məhz belə insanlardandır.

İdmanın çətin sirlərinə sevə-sevə öyrətdiyi uşaqlar onun üçün, məşqçini yaxından tanıyanların sözləri ilə desək, öz doğma övladları qədər əzizdir.

Cabbar müəllimin həmkarları da, valideynlər də bu xeyirxah təbiətli, pozitiv enerjili, gülərüz insanın uşaq idmançılarla olduqca səmimi dostluğuna heyran qalırlar. Uşaqlarla “onların dilində danışmağı” bacarmasından, onların qəlbində özünə dərin hörmət və ehtiram qazana bilməsindən Cabbar Ağakişiyev özü də qürur duyur və bunu özünə “taleyin müjdəsi” hesab edir. Bu barədə söz düşəndə Cabbar müəllim dedi:

- Bilirsinizmi, uşaqların çox kövrək və həssas qəlbləri var. Çalışıram ki, uşaqların hər birinə qarşı tam səmimi olum. Belə olanda uşaqlar həm bir müəllim kimi mənə inanır, həm də məşq etməkdən zövq alırlar, idman yarışlarında da, həyatda da əzmkar və iradəli olurlar.  Hazırda Cabbar Ağakişiyevin qrupunda 15 uşaq kikboksinq və karate idmanı ilə məşğul olur. Məşqçi uşaqların hər birinin idmanda layiqli uğur qazanmaları üçün var-gücü ilə çalışır və uşaqların hər bir uğuruna dünya qədər sevinir. Valideynlər də, uşaqlar da bunu görürlər, sezirlər, məşqçiyə rəğbətləri artır.

Füzuli şəhərindən məcburi köçkün, ixtisasca inşaatçı olan Vahid Nəsirov  oğlu Çingizi Cabbar müəllimin idman qrupuna verdiyindən çox məmnun olduğunu söylədi: -12 yaşlı oğlum artıq bir neçə aydır ki, Cabbar müəllimin qrupunda kikboksinqlə məşğul olur. Çingiz həvəslə, inamla, gərgin məşq prosesinə qatılıb. Oğlum öz məşqçisinə dərin hörmət və ehtiram bəsləyir, adı dilindən düşmür. Məni ən çox razı salan odur ki, uşağın xarakterində, davranışında  çoxdan arzuladığım, amma nail ola bilmədiyim pozitiv dəyişikliklər yaranıb.

Çingiz dərslərini də yaxşı oxuyur, həyətdə, məhəllədə də həmyaşıdları ilə münasibətdə indi əvvəlkindən daha təmkinli, mehriban olub. Təkcə Çingizin deyil, başqa uşaqların valideynləri də övladlarına təkcə idman dərsləri deyil, öz davranışı, mədəni rəftarı ilə “ləyaqət və insanlıq dərsləri” keçən Cabbar müəllimdən, necə deyərlər, yerdən göyə qədər razıdırlar. 

Bu qarşılıqlı inam və hörmət, üstəgəl gərgin məşqlər Cabbar Ağakişiyevin  idmançı yetirmələrinin son illər respublika və beynəlxalq yarışlarda çoxsaylı qələbələrinə səbəb olur. Cabbar müəllim təvazökar bir insan olduğu üçün yetirmələrinin əldə etdiyi çoxsaylı uğurlar barədə məxsusi söz açmadı. Dedi ki, onun üçün də, yəqin ki, bu uşaqların valideynləri üçün də ən böyük qələbə uşaqların sağlam, ağıllı və vətənpərvər ruhda böyümələridir.

Əksər peşəkar idmançılar kimi Cabbar Ağakişiyev də ciddi surətdə idmanla atası, dünyasını dəyişmiş İbrahim kişinin xeyir-duası ilə lap uşaq yaşlarından məşğul olmağa başlayıb. Böya-başa çatdığı Yevlax rayonunun Qaraməmmədli kənd orta məktəbindəki sərbəst güləş dərnəyinə üzv olub. Dəfələrlə rayon, respublika və beynəlxalq çempionatlarda iştirak edib. Sərbəst güləş üzrə idman ustasıdır. Gənc Cabbar Qarabağ müharibəsi başlananda ilk döyüşə atılan qeyrətli Vətən oğullarından biri olub. Bir çox döyüşlərdə, xüsusilə Ağdərə, Füzuli cəbhələrində gedən ağır döyüşlərdə fərqlənib. Atası İbrahim kişi oğlunun cəbhədəki şücaətləri barədə eşidəndə fəxrlə deyib ki, “oğul, Cabbar yaxçı idmançı olmasaydı, indi igid əsgər kimi ad çıxara bilməzdi”.

  Atasının bu sözləri Cabbar Ağakişiyev üçün bu gün də əzizdir. O, məqam düşəndə bu barədə idmançılara da, onların valideynlərinə də söhbət açır. Məşqçi həm də sevinir ki, bu gün Azərbaycanda idmana böyük qayğı var. Deyir: -Azərbaycan dövləti, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda idmanın, o cümlədən uşaq idmanının hərtərəfli inkişafına böyük diqqət və qayğı göstərməklə, əslində, Azərbaycanın parlaq, təminatlı, təhlükəsiz gələcəyi üçün etibarlı zəmin yaradır. Hesab edirəm ki, hər bir idmançının qələbəsi, bütövlükdə Azərbaycanın qələbəsidir, bu qələbələr son nəticədə xalqımızın ən ağrılı yeri olan Qarabağ probleminin ədalətli həllinə gətirib çıxaracaq.

Cabbar müəllimlə bu günlərdə Hövsan İdman Olimpiya Mərkəzində görüşdük. Burada Resbublika Kikboksinq Federasiyası və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə sərbəst idman oyun növləri üzrə ümumşəhər turniri keçirilirdi. Tədbirə çoxlu sayda idmançı, qonaqlar qatılmışdı. Cabbar müəllimin həmin gün əhvali-ruhiyyəsi olduqca yüksək idi. Axı, məşqçinin bir gündə üç şagirdi kikboksinq üzrə yüksək göstəricilər əldə etmişdi. Balaxanı 6-cı mədən məktəbinin 8-ci sinif şagirdi Esmira Sarıyeva bütün rəqibləri üzərində qələbə çalaraq turnirin qalibi olmuşdu. Yeni Günəşli qəsəbəsindəki 252 saylı məktəbin 5-ci sinif şagirdi Çingiz Nəsirov ikinci yeri, 5 yaşlı Qaraçuxur sakini Əziz İsmayılov üçüncü yeri tutmuşdular.

Uşaqlar gərgin idman yarışında aldıqları fəxri diplomlara tez-tez nəzər yetirib sevinirdilər. Həmin məqamda məşqçidən və onun idmançı uşaq dostlarından ayrılmaq çətin idi. Mən onlardan bir yerdə şəkil çəkdirmələrini xahiş etdim. Dərhal razı oldular. Hörmətli oxucular, siz indi həmin fotonu görürsünüz. Fikirləşirəm ki, idmançı uşaqlar Cabbar müəllimlə birgə şəkillərinin “Xalq qəzeti”nin səhifələrində görüb lap çox sevinəcəklər. Qoy sevinsinlər, axı, bu gün onların, bütün dünya uşaqlarının, eləcə də məşqçi Cabbar Ağakişiyev kimi uşaqları qəlbən sevən, onları yaxından duyan insanların bayramıdır!

 

Məsaim ABDULLAYEV,  “Xalq qəzeti” 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında