Şamaxı, ey mənim sevimli yurdum...

Yəqin ki, xatırladınız. Düz tapmısınız. Dünyaca məşhur olan Xaqaninin misralarıdır. Hər dəfə yolum Şamaxıya düşəndə istər-istəməz bu misraları xatırlayıram. Xatırlayıram və sevinirəm ki, boy atdığın torpağa bax belə bağlı olmalısan. Bu misralarda nə qədər böyük ruh, böyük ürək var. Qoy misranı tamamlayım, siz də görün, şahid olun:

Şamaxı, ey mənim sevimli yurdum,

Mən sənin qoynunda xaniman qurdum.

Görürsünüzmü, bu, Vətən sevgisinin, yurda bağlılığın, qoynunda xaniman qurduğun və ya qurmaq istədiyin diyara həqiqi oğulluq etməyin ən ali nümunəsidir. Ustad bu misraları ilə bu torpağı sevməli olan insanlara çox mükəmməl bir yol göstəribdi. Bu yolun qurtaracağında mütləq xaniman görünür. Belə olmasaydı, yaşı o qədər də çox olmayan gənc qələm dostum, şamaxılı Anar Turan bu torpaq, onun insanları haqqında belə ürəklə, səmimiyyətlə danışa bilməzdi. Belə olmasaydı, Şamaxıda rastlaşdığım nurani, ağsaqqal, dünyanın hər üzünü görmüş ixtiyar qoca: “Oğul, bu torpağın hər qarışı bizə ana südü qədər əzizdir, doğmadır”, – deməzdi.

Bu, müasir Şamaxı və şamaxılıların dedikləridir. Yol gördüyünüz kimi, məlumdur və mən həmin yolu müasir günlərimizdə uğurla davam etdirənlərin əməlləri, Şamaxını gülüstana döndərmək üçün göstərdikləri fədakarlıq barədə dönə-dönə yazmışam. Göylər kəndinə gedən yol üstündə, sözün həqiqi mənasında, göylərə ucalan milli bayrağımızla süslənmiş Bayraq Meydanı, regionun ən möhtəşəm analoji qurğularından olan Şamaxı Astrofizika Rəsədxanasının “uzaqgörənliyi”, VIII əsrdə tikilən, 2013-cü ildə dövlət başçımızın xüsusi nəzarəti altında təmir və bərpa olunduqdan sonra bütün Şirvan möminlərinin ixtiyarına verilən Şamaxı Cümə məscidinin əzəmətli görünüşü, gələn il Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq dövründə bilavasitə ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilən “Şamaxı Palase Platinium By Rixos” beşulduzlu otelinin təmtərağı, yeni yolların və abad küçələrin gözəlliyi barədə nə qədər danışmışamsa, dəqiq yadımda deyil. Bildiklərim isə çox, lap çoxdur. Yaxşısı budur, bu gün onlardan bəziləri barədə sizi də tanış edim, xəbəriniz olsun.

Xaqanilər, nəsimilər, seyid əzimlər, şirvanilər, sabirlər yurdu olan Şamaxının bugünkü cah-cəlalını yaradanlarla, bu diyarın əzəmətini, şan-şöhrətini artıranlarla çox söhbət etmişəm. Rayon mərkəzindəki müxtəlif zallarda, icra hakimiyyətinin binasında keçirilən görüşlərdə, kəndlərdə keçirilən səyyar qəbullarda iştirak etmişəm.

Rayon rəhbərləri ilə əhalinin qonağı olmuşam. Bir həqiqəti deməliyəm ki, hara getmişəmsə rayon icra hakimiyyətinin başçısı Asif Ağayevi qonaq kimi yox, doğma adamları kimi qarşılayıblar. Səbəbini soruşmuşam, cavab belə olub: Rayon rəhbərinin son zamanlar Şamaxıda gördüyü işlər, həyata keçirdiyi tədbirlər, bu yurdun inkişafına, insanların həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələr belə deməyə əsas verir ki, o, artıq Şamaxının heç bir kəndində qonaq deyil. O, bu torpağı dərindən sevən bir insan olduğunu əməli ilə çoxdan sübut edib. Rayon rəhbəri ən ucqar kəndlərdə belə yaranmış hansısa problemdən xəbər tutan kimi sakinlərin mənafeyini müdafiə edən qərar verirsə, bütün kəndləri gəzib insanlarla görüşürsə, toyda, bayramda, dar ayaqda, çətin gündə camaatın yanında olursa, deməli, o artıq yad deyil.

Bu yaxınlarda Qonaqkənddə rayon rəhbəri ilə görüşən adamların heç biri öz problemi ilə bağlı məsələ qaldırıb, təklif vermədi. Biri kəndə təyinatla gələn müəllimlərə torpaq sahəsi verilməsinin vacibliyindən danışdı. Başqası köhnəlmiş elektrik xətlərinin dəyişdirilməsini təklif etdi. Digəri isə kənddəki, su ötürən qurğunun təmirə ehtiyacı olduğunu yada saldı. Bax şamaxılılar belədir. Onlar üçün birinin problemi hamınındır.

 Bu dəfə Şamaxıda başqa bir əlamətdar hadisənin də şahidi oldum. Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova bildirdi ki, rayon məktəblərində ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi məqsədilə keçirilən dərslər gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində xüsusi önəm kəsb edib. Eyni zamanda, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrədilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun Heydər Əliyev Mərkəzində keçirilən dərslər ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə uğurla tədris olunub. Həmsöhbətim bildirdi ki, bu dərslərin yüksək səviyyədə təşkil olunmasının nəticəsidir ki, həmin mərkəzin fəaliyyəti ilə maraqlananların sayı gündən-günə artır.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayevlə söhbətimizdə isə təkcə Şamaxının bugünü ilə deyil, eləcə də dünəni ilə bağlı bəzi məqamlar yada salındı. Asif müəllim qeyd etdi ki, ötən əsrin 70-80-ci illərində Şamaxı ulu öndər Heydər Əliyevin uğurlu aqrar siyasəti nəticəsində Azərbaycanın ən böyük üzümçülük rayonuna çevrilmişdi. Sonralar yaranan vəziyyət, bu gəlirli sahəyə göstərilən münasibət hamıya məlumdur. Ona görə də hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olub. Hazırda rayonda üzümçülük yeni inkişaf dövrünü yaşayır. Fermerlər tərəfindən bu ilin üç ayında 10 hektar yeni üzüm bağları salınıb. Hazırda bu gəlirli sahənin 1627,5 hektara çatdırılmasına nail olmuşuq.

 Tarixi şəhər olan Şamaxının abadlaşdırılması və yenidən qurulması, sosial problemlərin həll edilməsi istiqamətində də uğurlu addımlar atılır. Belə ki, Şamaxı şəhərinin mərkəzində yerləşən, uzun müddətdir ki, baxımsızlıq nəticəsində yararsız hala düşən “Soyqırımı abidəsi” yenidən qurularaq əsaslı təmir olunub. Abidənin ətrafında yerləşən bütün fərdi yaşayış evlərinin dam örtükləri, pəncərə blokları yenisi ilə əvəz edilib, fasad hissələri aqlay daşla üzlənib və evlərin giriş qapıları rənglənib. Ərazidə olan bütün barılar dekorativ üslubda üzlənilib. Piyadalar üçün səkilər çəkilib, asfalt-beton örtüyü vurulub və işıqlandırma sistemi quraşdırılb. Abidənin ətrafında 800 kvadratmetrdən artıq sahədə yeni yaşıllıq zolağı salınaraq həmişəyaşıl bəzək kolları və dekorativ ağaclar əkilib. Şamaxının gecəsi də gündüzü kimi işıqlıdır. Baxdıqca baxmaq istəyirsən.

Rayon sakinlərinin böyük qürur və ehtiram ünvanı olan Şəhidlər Xiyabanının əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılıb. İlk növbədə ərazinin tektonik zonada yerləşməsi nəzərə alınaraq torpaq sürüşməsinin qarşısının alınması məqsədilə məzarların ərtafına səthi möhkəmləndirən beton qatı salınıb. Xiyabanın ərazisi boyük parka çevrilərək 3 hektara çatdırılıb, orada 800-ə qədər ağac əkilib.

 Mən Asif müəllimdən Şamaxıda olarkən bir çox ünvanlarda rastlaşdığım faktların təsdiqini də eşitdim. Belə ki, rayonun Qaleybuğurd, Nağaraxana və Qızmeydan kəndlərinə girişdə xüsusi memarlıq üslubunda işlənən kənd ad göstəricisi inşa edilib. Başçı xatırlatdı ki, bu addımları atanda Şamaxının qonaqlı-qaralı olduğunu, getdikcə rayona daha çox turist gəldiyini nəzərə almışıq. Bu kiçik memarlıq nümunələri nabələd adamlar üçün bir növ bələdçi rolunu oynayacaq. Bu gün Şamaxı müasir standartlara cavab verən yeni turizm obyektləri ilə, sözün həqiqi mənasında, fəxr edə bilər.

İstər-istəməz söhbətimiz Şamaxının keçmişindən də düşdü. Bu da səbəbsiz deyildi. Şamaxıya son səfərimdə əlimizə təsadüfən bir qəzet düşdü: “Yeni Şirvan”. Bu, Sovet dövründə Şamaxıda çıxan qəzetin adıdır. Buradakı, bir yazı diqqətimi cəlb etdi. Sərlövhəsi belədir: “Şamaxı Quberniyası: Qobustan polis sahəsi”. Debinski adlı bir müəllif yazıb. Maraqlı kitabdır. 1903-cü ildə Tiflisdə çap olunub. Qəzet 18 nömrəsində həmin kitabdakı yazıya yer ayırıb. Kitabı tərcümə edəni də tanıyıram. Bizim tələbə yoldaşımızdır. Şamaxını öz canı, qanı qədər sevən Cəlal Tağıyevi xeyli vaxtdır görmürdüm. Məqalələrin bir neçəsini oxudum. Burada çox şey var. Şamaxının özü, kəndlərinin tarixi ilə bağlı çox qiymətli sənəddir. Ötən əsrin 80-ci illərinin sonlarında — hərc-mərclik dövründə qəzetdə verilməsi, onun Azərbaycan dilində, kitab şəklində çap edilməsini heç kəs ağlına belə gətirməyib.

Cəlala zəng vurdum, görüşdüm. Başqa maraqlı bir fakt da danışdı: “Krasnodarda ”makulatura" zavodu var, — dedi. — Bir gün orada işləyən yükdaşıyan buraya təhvil verilən kağızların arasında 1902-ci ildə çap olunan “Niva” adlı bir jurnalda Şamaxı haqqında şəkilli bir yazıya rast gəlir. Oxuyur, xoşuna gəlir. Tənbəllik etmir, götürüb Şamaxı tarix-diyarşünaslıq muzeyinə bir məktub yazır ki, belə bir qiymətli jurnal tapmışam. Çox yox, cəmi 15 manat, göndərin ki, həmin jurnalı sizə yollayım. Adını dəqiq xatırlamıram, sağ olsun, o vaxtlar muzeydə işləyən bir nəfər heç kəsə demədən əsl vətənpərvərlik nümunəsi göstərərək həmin məbləği Krasnodardakı yükdaşıyana göndərir. Bax beləcə, hər şey yoluna qoyulur. İndi həmin jurnal ən qiymətli eksponat kimi muzeydə nümayiş etdirilir. Mən həmin məqaləni də tərcümə etmişəm. 1902-ci ilin yanvar ayında Şamaxıda baş vermiş zəlzələlər haqqında müfəssəl bir məlumatdır. Burada Şamaxı haqqında qiymətli fikirlər öz əksini tapıb...”

Cəlal danışdıqca düşünürdüm. Ürəyimdən keçirdi ki, biz bəzən öz keçmişimizə laqeyd oluruq. Hər şey hazırdır. Nəyi gözləyirik. Bu maraqlı kitabı doğma dilimizdə çap etməyin vaxtı deyilmi?

 Hə, əziz oxucu! Biz bu yazıda Şamaxının, az da olsa, keçmişindən və bu günündən danışdıq. Aradan illər keçəcək, Şamaxının bugünkü tarixini yaradanlar da xatırlanacaq. Bu gün isə mən hamını Şamaxıya dəvət edirəm. Gəlsinlər, hər şeyi öz gözləri ilə görsünlər. Burada hər şey var. Şəxsən onları özüm qarşılayaram. Elmlə maraqlanan dostlarıma Astrofizika Rəsədxanasını göstərə bilərəm, mömin soydaşlarımıza Cənubi Qafqazın ən qədim İslam memarlıq abidələrindən olan Şamaxı Cümə məscidini, turizmi, istirahəti sevənlərə isə... bax bunu deyə bilməyəcəm. Çünki bugünkü Şamaxının turizm obyeklərindən danışmaq və ya yazmaq lazım deyil, təkrar olmasın, sadəcə görmək qərəkdir...

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında