Sumqayıt və Gəncədə tələbə və məzunlara 500-dən artıq iş yeri təqdim edilmişdir

 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti fəal məşğulluq tədbirlərini Sumqayıt və Gəncə şəhərlərində davam etdirmişdir.

Sumqayıt Dövlət Universitetində keçirilən fəal məşğulluq tədbirində 3-ü dövlət, 26-sı qeyri-dövlət sektoruna aid ümumilikdə 29 müəssisə iştirak  etmişdir. Onların sırasında Sumqayıt Texnologiyalar Parkı, “Gilan Tekstil Park”, “Bismak” Qida-Sənaye Kompleksi, BASF Kimya Şirkəti, “İntertextile” ASC, “Azərsun” Holdinqin Azərbaycan kagız və karton istehsalı kombinatı, “Mətanət-A” Şirkəti, “Azbentonit” MMC və digər iri şirkətlər də olmuşdur. Tədbir zamanı universitetdə tədris edilən ixtisaslara uyğun 192 boş (vakant) iş yeri tələbə və məzunlara təklif olunmuşdur. Onlardan 79-u sənaye, 54-ü xidmət, 23-ü tədris, qalanları isə digər sahələrə aid olmuşdur. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində gənclərdə əmək bazarına daxil olmaq və karyera qurmaq bacarıqları formalaşdıran “SYSLAB” Sumqayıt Mərkəzi də tədbirdə iştirak etmişdir.

Gəncə şəhərində Azərbaycan  Texnologiya Universiteti və Gəncə Dövlət Universitetinin tələbə və məzunları üçün təşkil edilən fəal məşğulluq tədbirində isə 16-sı qeyri-dövlət sektoruna aid 53  müəssisə tərəfindən 350 boş (vakant) iş yeri təqdim olunmuşdur. Hər iki tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığına cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılmış,  yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən tələbələr üçün Əmək Birjasının fəaliyyəti təşkil olunmuşdur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, tədbirlər zamanı tələbə və məzunlar mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlanmışlar. Onlar işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət imkanı əldə edib, gələcəkdə işə qəbul olunmaq istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim etmişlər. İşəgötürənlər isə bu tədbirlər vasitəsilə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılması imkanı qazanmışlar.  Bu ilin aprel-may aylarında artıq “Odlar Yurdu” Universitetində, Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə), Qafqaz Universitetində belə tədbirlər keçirilmiş və ümumilikdə 511 nəfərə boş iş yerlərinə göndəriş verilmiş, 113 nəfər peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyata alınmış, işəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün 1842 nəfər tələbə və məzundan CV-lər qəbul edilmişdir. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən aktiv məşğulluq tədbirlər davam etdiriləcəkdir.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında