Arxeoloji tədqiqatların nəticələri Naxçıvan ərazisinin ilkin metal emalı mərkəzlərindən biri olduğunu sübut edir

Şimali Qafqazdan başlamış Suriya və Fələstinədək geniş bir coğrafi ərazidə yayılmış Kür-Araz mədəniyyətinin (eramızdan əvvəl IV-III minilliklər) ən zəngin abidələri Naxçıvan ərazisində yerləşir.
Bu abidələrin tədqiqi Kür-Araz mədəniyyətinin ilkin ocağının, tarixinin, yayılma istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Artıq üç ildir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şərur arxeoloji ekspedisiyası bu abidələrdən birində - Şərur rayonu ərazisində yerləşən Birinci Maxta abidəsində tədqiqatlar aparır.
Ekspedisiyanın rəhbəri, tarix elmləri namizədi Səfər Aşurov AzərTAc-a bildirmişdir ki, bu il arxeoloji qazıntıların əhatə dairəsi genişləndirilmiş və ümumi tədqiq olunan sahənin həcmi 300 kvadratmetrə çatdırılmışdır. Qazıntı sahəsində dairəvi və düzbucaqlı tikililərin, ocağın qalıqları və təsərrüfat tikililərinin qalıqları aşkar edilmişdir.
Tədqiqat sahəsindən düzbucaqlı tikililərin aşkar olunması diqqəti xüsusilə cəlb edir. Çünki son zamanlaradək elmi ictimaiyyətdə belə bir fikir formalaşmışdı ki, düzbucaqlı tikililər eneolit, dairəvi tikililər isə ilk tunc dövrünə aiddir. Birinci Maxta abidəsində aparılan tədqiqatlar isə təsdiq etmişdir ki, ilk tunc dövrünün başlanğıc mərhələsində dairəvi ilə yanaşı, düzbucaqlı tikililərdən də istifadə olunmuşdur.
Tədqiqatlar zamanı Birinci Maxtadan müxtəlif çeşidli keramika məmulatları, toxuculuq alətləri, gil qadın və heyvan fiqurları aşkar edilmişdir. Ən mühümü isə metal istehsalı ilə bağlı olan daş qəlibin tapılmasıdır. Kür-Araz mədəniyyəti abidələrindən indiyədək belə bir qəlib əldə edilməmişdir. Qəlibin üzərində üç ədəd balta və iki ədəd digər alətin tökülməsi üçün forma qazılmışdır. Qəlibin daşdan hazırlanması onun tarixi qiymətini daha da artırır. Gil qəliblərdən fərqli olaraq daş qəlibin daşınması mümkün deyildir. Bu isə Naxçıvan ərazisinin ilkin metal emalı mərkəzlərindən olduğunu bir daha təsdiq edir.
Birinci Maxta abidəsində aparılan tədqiqatlar onu da sübut edir ki, Kür-Araz mədəniyyəti özündən əvvəlki eneolit mədəniyyəti zəminində yaranmış və sonrakı mərhələdə məhz Naxçıvan ərazisindən geniş bir areala yayılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında