NAFTALAN: möcüzəli şəfa qaynağı

Vaxtilə ümumittifaq turizm mərkəzi kimi tanınan Naftalanı bu gün beynəlxalq turizm mərkəzinə çeviririk.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Əvvəlcə kiçik bir statistika aparaq: 2013-cü ildə 2009-cü illə müqayisədə Naftalan şəhərinə müalicəyə və istirahətə gələnlərin sayı 6 dəfə artaraq 15 min nəfərə çatmışdır. Bu dinamika cari ilin ötən ayları ərzində də davam etmişdir. Son illər şəhərdə dünya standartlarına cavab verən 6 sanatoriya-kurort kompleksi tikilib istifadəyə verilmişdir.

Naftalanın beynəlxalq əlaqələri də getdikcə artır. Məsələn, Fransanın Leqi, İtalyanın Pozitano, Rusiya Federasiyasının Yesentuki şəhərləri ilə elm və texnika, təhsil və sağlamlığın mühafizəsi, mədəniyyət və incəsənət, turizm və idmanın inkişafı, yerli özünüidarəetmə, ekologiya və təbii sərvətlərin səmərəli istifadə edilməsinə dair əməkdaşlıq sazişləri imzalanmışdır.

Yeri gəlmişkən, xatırladaq ki, hələ XIX əsrin axırlarında alman mühəndisi Yeger ilk dəfə olaraq Naftalan nefti çıxarmaq üçün burada quyular qazdırmışdır. O, Naftalan neftindən Naftalan mazı hazırlamaq üçün kiçik zavod da tikdirmişdir. Naftalan mazının Almaniya vasitəsilə Yaponiyaya, ABŞ-a, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə satılması nəticəsində onun əvəzsiz müalicəvi təsiri haqqında məlumatlar daha da genişlənmişdir. Bu cəhətdən alman alimi Unnanın dediyi sözlər çox maraqlıdır: “Kimin naftalanı varsa, onun hər şeyi var”. Tarixi faktlardan o da məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşmüş Yaponiya əsgərlərinin təcili yardım çantalarında Naftalan mazı ilə dolu bankalar tapılmışdır.

Beləliklə, əvvəllər kustar şəkildə istifadə olunan Naftalan neftinin əsl şöhrəti və möcüzəsi ötən əsrin ortalarında meydana çıxmışdır. 1964-cü ildə isə Naftalan Sanatoriya Kurort Birliyi yaradılmışdır.  Əvvəllər Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərən Naftalan 1967-ci ildə keçmiş Sovetlər Birliyinin ən böyük sağlamlıq ocaqlarından biri olduğuna görə ona respublika tabeliyində şəhər statusu verilmişdir.

Kurort şəhəri kimi, Naftalanın əsl inkişaf və yüksəlişi, əlbəttə, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 70-80-ci illərə təsdüf edir. Məhz həmin illərdə kurort kompleksinin daha da inkişaf etdirilməsi ilə  bağlı xüsusi qərar qəbul olunmuş, yeni sanatoriya binaları tikilib istifadəyə verilmiş, bütün sahələrdə  ciddi inkişaf və irəliləyiş əldə edilmişdir. Heç də təsadüfi deyildir ki, o illərdə Naftalana istirahətə və müalicəyə gedənlərin sayı ildə 70-80 min nəfərə çatırdı.

Təəssüflər olsun ki, 1988-ci ildən respublikanı bürüyən xaos və anarxiya bu şəfa ocağından da yan keçməmişdir. Nəticədə, şəhər öz əvvəlki şöhrətini itirmiş, bütün infrastruktur, demək olar ki, dağıdılmışdır. Sanatoriya binalarının əksəriyyətində isə erməni işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələri yerləşdirilmişdir.

İndi isə Naftalanda özgə büsat var. Son illər kurort şəhəri öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, tikinti-abadlıq və quruculuq işləri genişləndirilmiş, iri layihələr həyata keçirilmişdir. Bunu təkcə şəhərin gündən-günə dəyişən və gözəlləşən siması yox, həm də bu misilsiz şəfa ocaqlarına gələnlərin hər il artan sayı da təsdiq edir.

Burada, əlbəttə, Prezident İlham Əliyevin Naftalana tarixi səfərini, bir sıra turizm və sosial obyektlərin açılış və təməlqoyma mərasimlərində  iştirakını, şəhər ictimaiyyəti nümayəndələri ilə keçirdiyi səmimi görüş və söhbətləri, şəhərin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün imzaladığı sərəncamları, verdiyi məsləhət və tövsiyyələri  ayrıca qeyd etmək lazımdır.  Həmin səfər və görüşlər Naftalanda işlərin gedişinə əsaslı təkan vermiş, bütün səy və qüvvələr hərəkətə gətirilmişdir.

Heç də təsadüfi deyildir ki, şəhər üzrə sənaye məhsullarının həcmi də keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 448,8 min manat, nəqliyyat sahəsində görülən işlər 8,9 faiz artaraq 89,7 min manat, rabitə sahəsində görülən xidmətlər 44,9 faiz artaraq 50,7 min manat təşkil etmişdir.

Görülüb başa çatdırılmış işlərin statistikası, fakt və göstəricilərin müqayisəli təhlili inkişaf dinamikasını çox gözəl əks etdirir. Məsələn, son illər hər birinin tutumu 300-350 yerlik “Şəfa vannalı”, “Naftalan müalicə və sağlamlıq mərkəzi”, “Möcüzəli Naftalan”, “Sehrli Naftalan”, “Çinar” və “Qaşaltı” sağlamlıq- turizm mərkəzləri inşa olunmuşdur. Şəhərdə və ətraf kəndlərdə hələlik yeganə olan 280 yerlik körpələr evi-uşaq baxçası da istifadəyə verilmişdir.

Hazırda “Qarabağ” sanatoriyasının tikintisində son tamamlama işləri aparılır. Uzunluğu 18 kilometr olan Nafatalan-Goran avtomobil yolu əsaslı təmir olunmuş, çoxmərtəbəli yaşayış binalarının fasadları milli memarlıq üslubunda yenidən qurulmuş, müasir tipli liftlər quraşdırılmışdır. Dövlət Proqramına uyğun olaraq şəhərin elektrik şəbəkəsi yenidən qurulmuş, 2360 abonentə “smart-kart” tipli sayğac quraşdırılmış, 2 paylayıcı elektrik şəbəkəsi, 6 transformator məntəqəsi və s. tikilmişdir.

Naftalanda istilik qazanxanaları 1990-cı ildə tikilmişdi. Ötən illər ərzində bir dəfə də təmir olunmayan qazanxanalar nəticədə bərbad vəziyyətə düşmüşdü. Bu isə haqlı olaraq yerli sakinlər və qonaqlar arasında ciddi narazılıqlara səbəb olurdu. Çoxdan həllini gözləyən başqa problemlər kimi, bu vacib məsələnin də həlli son illərə aiddir.  Belə ki, çoxmərtəbəli yaşayış binaları üçün 3 istilik sistemi tikilmiş, yeni avadanlıqla təmin edilmiş, məhəllədaxili və binadaxili istilik sisteminin qurulması başa çatdırılmışdır. Yeni yaşayış massivlərinə, o cümlədən Naftalan-Qaşaltı- Qaraqoyunlu  qaz xəttinin çəkilişi də başa çatdırılmışdır.

2013-cü ildən başlayaraq, şəhərin su təchizatı və kanalizasiya şəbəkəsinin tikintisinə başlanılmışdır. Artıq Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 5,9 kilometr uzunluğunda  xətt çəkilmişdir. Hazırda hər birinin tutumu 3 min kubmetr olan 2 su anbarının tikintisi davam etdirilir. Bir sözlə, bu gün Naftalanda əhali su ilə fasiləsiz olaraq təmin edilir. Çirkli suların axıdılması məqsədilə politilen borularla 31 kilometr uzunluğunda kanalizasiya şəbəkəsində də işlər yekunlaşmaq üzrədir.

Heç şübhəsiz ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı bütün bölgələr kimi, Naftalanın da daha sürətli inkişafına və yüksəlişinə səbəb olacaqdır. Yeri gəlmişkən, şəhərin iqtisadi, sosial və mədəni həyatında mühüm hadisəyə çevriləcək həmin tədbirlərdən bəzilərini burada yada salmaq yerinə düşərdi: tullantıların  təkrar emalı müəssisəsi, kosmetik vasitə və dərman  preparatlarının hazırlanması zavodu, Günəş elektrik stansiyasının quraşdırılması, elmi-tədqiqat institutunun filialı, gənclər evinin, Olimpiya İdman Kompleksinin, 80 çarpayılıq mərkəzi xəstəxanının tikintisi və s. Bəli, görüləcək işlər  çox geniş və əhatəlidir. Deməli, bütün qüvvə və səylər hərəkətə gətirilməli, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün intizam və məsuliyyət hissi daha da artırılmalıdır. Yaxşıdır ki, Naftalanda bu cəhətdən işlərin gedişi razılıq doğurur. Bütün sahələrdə ardıcıl və sistemli iş qurulmuş, əsas məqsəd ona yönəldilmişdir ki, bu misilsiz şəfa ocağının əvvəlki şöhrəti özünə qayıtsın, dünya səviyyəli kurort şəhərləri arasında özünə layiqli yer tutsun.

...Gəncədən, Goranboydan, Tərtərdən Naftalana uzanan yollar indi əriş- arxacdır. İlin elə çağıdır ki, bu yerlərə üz tutanların sayı günbəgün artır. Özü də təkcə respublikamızın ayrı-ayrı bölgələrindən yox, həm də dünyanın müxtəlif ölkələrindən gələnlər çoxalır. Naftalan isə onlara gəl-gəl deyir, bura pənah gətirənləri, müalicəyə və istirahətə gələnləri mehriban ana kimi isti qucağına basır.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında