Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Fizika sahəsində tanınmış alim, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman Ağaqulu oğlu Quliyev 2014-cü il mayın 20-də ömrünün 88-ci ilində vəfat etmişdir.
Nəriman Quliyev 1926-cı il dekabr ayının 28-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa çatdırdıqdan sonra 1943-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, lakin fizikaya hədsiz marağı səbəbindən burada təhsilini yarımçıq qoymuş, 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1952-ci ildə həmin universitetin aspiranturasına qəbul olunan Nəriman Quliyev 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülmüş və 1955-ci ildə burada fizika ixtisası üzrə aspiranturanı bitirmişdir.
Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Dövlət Universitetində başlayan Nəriman Quliyev nəzəri fizika kafedrasında assistent və baş müəllim vəzifələrində çalışmışdır. 1959-cu ildən etibarən o, bütün sonrakı taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlamışdır. Nəriman Quliyev 1959-1981-ci illərdə Fizika İnstitutunda direktorun elmi işlər üzrə müavini işləmiş, 1981-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 2001-2007-ci illərdə isə birinci vitse-prezidenti olmuşdur. O, 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin müşaviri idi.
Nəriman Quliyev 1957-ci ildə Moskva şəhərində namizədlik və 1975-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Ömrünün altmış ilə yaxın bir dövrü ərzində akademik Nəriman Quliyev öz səmərəli yaradıcılığı ilə Azərbaycanda fizika elminin inkişafına töhfələr vermişdir. Onun nəzəri fizikanın aktual problemləri ilə əlaqəli geniş spektrli axtarışları həmin istiqamətdə gələcək dərin tədqiqatların bünövrəsini təşkil etmişdir. Alim xüsusən nüvə və elementar zərrəciklər fizikasına dair araşdırmaları ilə tanınırdı. Nəriman Quliyev ana dilində bu sahə üzrə yazılmış ilk sanballı elmi-kütləvi nəşrin müəlliflərindəndir. Alimin gəldiyi qənaətlər nəzəri əhəmiyyəti ilə səciyyələnmiş və mütəxəssislər tərəfindən dəyərləndirilmişdir. Azərbaycanda nüvə fizikasının inkişafının mühüm mərhələsi Nəriman Quliyevin adı ilə bağlıdır.
Respublikamızda elmi potensialın qorunub saxlanılması və gücləndirilməsi, Milli Elmlər Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərdən irəli gələn islahatların həyata keçirilməsi proseslərində Nəriman Quliyev yaxından iştirak edirdi. Müstəqil Azərbaycanın dünyanın tanınmış nüvə tədqiqatları mərkəzləri ilə elmi-texniki əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsində onun xidmətləri təqdirə layiqdir.
Yüksəkixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf edən Nəriman Quliyev gənc fiziklər nəslinin formalaşmasında bilik və bacarığını əsirgəməmişdir. Alimin çoxillik zəhmətinin məhsulu olan silsilə araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda çap edilmiş 100-dən artıq sanballı elmi əsərdə əksini tapmışdır. Mötəbər beynəlxalq forumlarda o, Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Akademik Nəriman Quliyevin uzunmüddətli elmi və elmi-təşkilatçılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. Alim bir sıra mükafatlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və təvazökar insan Nəriman Quliyevin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,
Hacıbala ABUTALIBOV, Akif ƏLİZADƏ,
Fatma ABDULLAZADƏ, Arif MEHDİYEV,
Akif HACIYEV, Arif PAŞAYEV,
Rasim ƏLİQULİYEV, Maqsud ƏLİYEV,
Çingiz QACAR, Adil QƏRİBOV,
Nazim MƏMMƏDOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.