Neftçilərə yeni mənzillərin orderləri təqdim olunmuşdur

Mayın 13-də Bakının Xətai rayonunun Ayaz İsmayılov küçəsindəki 1152-ci məhəllədə tikilmiş yeni yaşayış binasından mənzil almış neftçilərə orderlər təqdim olunmuşdur.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək burada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 8 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansardan və 303 mənzildən ibarətdir. Bina su, elektrik xətti və təbii qazla təchiz olunmuşdur. Tam təmirli mənzillər mətbəx və giriş mebeli, qaz sobası ilə təmin edilmiş, binanın həyətində istirahət guşəsi yaradılmış, ətraf abadlaşdırılmışdır. 

Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi, ulu öndər Heydər Əliyevin tərəqqi və inkişaf strategiyasının ölkəmizə möhtəşəm qələbələr bəxş etdiyini söyləyən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev qeyd etmişdir ki, şirkətin idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həlli daim diqqət mərkəzində olan məsələlərdəndir. Şirkət tərəfindən bu sahədə mühüm proqramlar həyata keçirilir. 2012-ci ildən etibarən şirkətin əməkdaşlarının tibbi sığortasına başlanılmış, 2013-cü ildən indiyədək isə neft sənayesi veteranları və təqaüdçülər sığorta olunmuşlar.

Proqram çərçivəsində ARDNŞ-in əməkdaşlarının ailə üzvlərinə də güzəştlər tətbiq edilmişdir. Ehtiyacı olan əməkdaşlara şirkət tərəfindən maddi yardımlar göstərilmişdir. 2010-2013-cü illər ərzində neftçilərə 5 milyon manatdan artıq həcmdə maddi yardım edilmişdir.

Diqqətə çatdırılmışdır ki, hər il neftçilər və onların ailə üzvlərinin respublikadakı müxtəlif istirahət mərkəzlərində yay istirahəti güzəştli şərtlərlə həyata keçirilir. Təkcə 2013-cü ildə 12 mindən artıq neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunmuşdur. Eyni zamanda ehtiyacı olan 1200 nəfər də sanitar-kurort müalicə mərkəzlərinə göndərilmişdir.

 R.Abdullayev neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 

Dövlət Neft Şirkətinin bu gün respublikamızda öz əməkdaşlarını növbəlilik əsasında mənzillərlə təmin edən yeganə şirkət olduğunu deyən ARDNŞ-in prezidenti bildirmişdir ki, 2007-2013-cü illər ərzində 1744 neftçi ailəsi mənzillə təmin olunmuşdur. 2010-cu ildən isə şirkətin tərkibində “Neftçi” mənzil-tikinti kooperativi yaradılmışdır. Bu gün ARDNŞ üzrə 4 min 454 nəfər işçi mənzil növbəsindədir. Onların 4 min 6 nəfəri Bakıda, 448 nəfəri isə müxtəlif rayonlarda yaşayır.

R.Abdullayev qeyd etmişdir ki, hazırda Lökbatan və Sahil qəsəbələrində, ümumilikdə, 449 mənzilli iki yeni binanın tikintisi başa çatmaq üzrədir. Eyni zamanda, Bibiheybət qəsəbəsi ərazisində 1000-dən artıq neftçi ailəsinin mənzillə təmin olunması üçün yeni yaşayış kompleksinin tikintisi məqsədilə hazırlıq işləri aparılır.

Sonra R.Abdullayev binadan mənzil alan neftçilərə order və açarları təqdim etmiş, onlara yeni mənzillərində firavan həyat arzulamışdır.

Yeni binanın sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və ARDNŞ-in rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında