Naxçıvanda sosial qayğıya ehtiyacı olan vətəndaşlara minik avtomobilləri təqdim olunmuşdur

Naxçıvan Muxtar Respublikasında sosial qayğıya ehtiyacı olan vətəndaşların kommunal-məişət şəraitinin yaxşılaşdırılması, onların fərdi mənzillər və minik avtomobilləri ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mayın 7-də Naxçıvan şəhərində 11 nəfər Azərbaycan vətən müharibəsi iştirakçısına, 7 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, müharibə əlillərinə bərabər tutulan 1 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.

Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov demişdir ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən xidmətin səviyyəsi xeyli yüksəlmişdir. Sosial qayğıya ehtiyacı olan insanların fərdi evlərlə təmin edilməsi, onların müalicələrinə kömək göstərilməsi, asudə vaxtlarının və məşğulluqlarının təmin olunması daim diqqət mərkəzindədir. Cavid Səfərov göstərilən qayğıya görə müharibə iştirakçıları və sağlamlıq imkanları məhdud şəxslər adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunmuşdur. Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 30 aprel tarixli müvafiq sərəncamlarına əsasən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilmiş, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərin təqaüdləri artırılmışdır.

Ali Məclisin sədri demişdir: Naxçıvan Muxtar Respublikasında da bu sahədə mühüm tədbirlər həyata keçirilir. Dövlətimiz tərəfindən bu təbəqədən olan insanlar fərdi evlər və minik avtomobilləri ilə təmin edilirlər. Son illər muxtar respublikada sosial qayğıya ehtiyacı olan 200-ə yaxın sakinə mənzillər verilmiş, müvafiq kateqoriyadan olan insanlar minik avtomobilləri ilə təmin edilmişdir. Eyni zamanda, onların müalicələri təşkil olunmuş, sanatoriya və kurortlara göndərişlər verilmişdir. Bu gün də dövlət və vətən qarşısında xidməti borcunu yerinə yetirən şəxslərə avtomobillər təqdim olunur.

Ali Məclisin sədri bildirmişdir: Təqdimat mərasiminin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki hər bir şəxs vətənimizi ümummilli liderimiz qədər sevməli, dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolla gedərək ölkəmizin inkişafına öz töhfəsini verməlidir.

1941-1945-ci illər müharibəsi veteranı Heydər Heydərov muxtar respublikada müharibə veteranlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, bu kateqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin yüksəldilməsi muxtar respublikada mövcud inkişaf və tərəqqinin bəhrələridir.

Sonra Ali Məclisin sədri avtomobillərin açarlarını təqdim etmiş, yeni avtomobillərlə təmin olunanları təbrik etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında