İnkişaf və firavanlıq rahat yoldan başlanır...

Azərbaycanın bütün bölgələrində insanlar yaxşı yoldan istifadə etməlidirlər.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti

{nl}

Azərbaycan Respublikasının davamlı və tarazlı inkişafı getdikcə sürətlənir. Son illər sosial-iqtisadi inkişafın coğrafiyası xeyli genişlənərək ölkənin bütün regionlarını əhatə etmişdir. İndi ölkəmizin elə bir şəhər, qəsəbə və kəndi yoxdur ki, orada inkişaf, tərəqqi meyilləri nəzərə çarpmasın. Artıq bir neçə ildir ki, paytaxt Bakı ilə yanaşı, ölkənin bütün regionlarında da geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır, şəhər və rayonlarımızın siması günbəgün dəyişir, gözəlləşir. Heç şübhəsiz, bütün bunlar ölkə vətəndaşlarında sabaha inam hissini daha da möhkəmləndirir, onlarda qurub-yaratmaq əzmini artırır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi bölgələrin iqtisadi potensialının tam hərəkətə gətirilməsinə, infrastruktur imkanlarının xeyli yaxşılaşdırılmasına səbəb olmuşdur.
Məlum olduğu kimi, hazırda Azərbaycanda yol infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir, nəhəng layihələr reallaşdırılır. Artıq ölkəmizin magistral avtomobil yollarının dünya standartları səviyyəsində yenidən qurulması işləri, demək olar ki, başa çatmaq üzrədir. İndi bütün diqqət regionlarda yol infrastrukturunun yenidən qurulmasına, kənd yollarının çəkilməsinə yönəldilmişdir. Təsadüfi deyil ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda ölkənin bütün regionları üzrə rayonlararası, eləcə də rayondaxili avtomobil yollarının əsaslı təmiri, yeni asfalt yolların çəkilişi nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə konkret işlər həyata keçirilir. Prezident İlham Əliyev avqustun 12-də Qusara səfəri çərçivəsində rayon sakinləri ilə görüşü zamanı yol tikintisinə xüsusi diqqət yetirdiyini bir daha bəyan edərək demişdir: "Bizim yol-tikinti işlərimiz nəinki magistral yolları, eyni zamanda, kənd yollarını da əhatə edir. Kənd yollarının tikintisi gələcək illərdə daha da geniş sürətlə aparılacaqdır... Kənd yollarının tikintisinə böyük ehtiyac vardır. Ən ucqar yerlərdə, ən ucqar kəndlərdə yol tikintisi davam edəcəkdir". Bu fikir dövlət başçısının regionlarda yol infrastrukturunun əsaslı şəkildə yaxşılaşdırılmasına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir.
Son zamanlar Lənkəran rayonunda da yol infrastrukturunun yenidən qurulması, ayrı-ayrı kənd yollarının təmiri istiqamətində konkret işlərə başlanılmışdır. Avqust ayının ilk günlərində rayonun ən ucqar yaşayış sahələrindən sayılan Bəliton kəndinə gedən yolun əsaslı təmirinə başlamasını isə son dərəcə əlamətdar hadisə hesab etmək olar. Belə ki, bu kəndə təqribən 35-40 il əvvəl çəkilmiş torpaq yol payız-qış aylarında tamamilə keçilməz olurdu ki, bu da iki minədək sakinin rayon mərkəzinə gediş-gəlişi üçün ciddi çətinlik törədirdi. Eyni çayı beş-altı yerdən kəsib keçən bərbad yolda körpülərin olmaması yağışlı-yağmurlu günlərdə bu yolla hətta yük maşınlarının hərəkətini mümkünsüz edirdi. Kənd sakinləri minbir əziyyətlə yetişdirdikləri məhsulları rayon bazarına rahat şəkildə çıxara bilmir, tonlarla meyvə-tərəvəz elə həyətlərdəcə çürüyüb qalırdı. Təcili tibbi yardıma ehtiyacı olan xəstələri rayon mərkəzinə çatdırmaq isə son dərəcə müşkül işə çevrilirdi. Üstəlik, bu ilin mart ayında yolun müəyyən hissəsində baş vermiş torpaq sürüşməsi Bəliton kəndinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsilməsinə səbəb olmuşdu. Düzdür, yaranmış mürəkkəb vəziyyət bir neçə günə aradan qaldırılsa da, yolsuzluq problemi sakinləri narahat edən başlıca məsələ olaraq qalırdı.
Nəhayət, kənd ağsaqqallarının, ziyalıların çoxsaylı xahişləri nəzərə alınaraq yolun daxili imkanlar hesabına təmiri başlanılmışdır. Yolun təmirini "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Lənkərandakı 42 saylı yol-istismar idarəsi tərəfindən həyata keçirilir. İdarənin baş mühəndisi, iş icraçısı Natiq Cavadov dedi: -Rayonun daxili imkanları hesabına həyata keçirilən təmir-bərpa işləri Vilvan-Osakücə-Türkəncil yolundan ayrılan 6 kilometrlik Bəliton yolunu əhatə edir. Artıq üç həftədir ki, işə başlamışıq. Yolun 3 kilometrlik hissəsində təmir işlərini başa çatdırmışıq, daha üç kilometr uzunluğunda yol isə, demək olar ki, tamamilə yenidən qurulur. Təmir-bərpa işlərinə lazımi qədər texnika cəlb olunmuşdur. Belə ki, ötən günlər ərzində iki buldozer, iki ekskavator, bir avtoqreyder, beş özüboşaldan yük maşını və bir yanacaq daşıyan maşın sərəncamımızdır. Təmir-bərpa işlərində rayon rəhbərliyinin, kənd sakinlərinin də yaxından iştirakını xüsusi qeyd etmək istərdim. Məhz onların yaxından köməyi ilə qarşıya çıxan bütün çətinliklər vaxtında aradan qaldırılır. Sakinlərin razılığı ilə onlara məxsus həyətyanı çəpərlər sökülür, elektrik dirəklərinin yeri dəyişdirilir. Bu da yolun iki dəfədən artıq genişləndirilməsinə imkan yaradır. Bütövlükdə isə iri həcmli, müasir texnikaların köməyi ilə yol tam hamarlanır, qalın qum-çınqıl örtüyü ilə bərkidilir. Bundan əlavə, yolun sel sularının təsirinə məruz qalmasının qarşısının alınması üçün də qabaqlayıcı tədbirlər həyata keçiririk. Belə ki, lazımi yerlərdə kanallar qazılır, sel sularının yola daxil olmasının qarşısını almaq üçün müxtəlif diametrli borular düzülür. Qeyd etdiyim kimi, bütün bu işlərdə kənd sakinləri bizə yaxından kömək edirlər. Yaxın günlərdə yolun təmirini başa çatdırıb sakinlərin istifadəsinə verəcəyik.
Söhbət etdiyimiz kənd sakinlərinin sevinci isə hədsiz idi. Bu da təsadüfi deyildi. Axı onların uzun illər həsrətində olduqları rahat yol arzusu, deyəsən, yavaş-yavaş gerçəkləşməyə başlamışdır. Kənd ağsaqqalı Cəbrayıl Ağayev dedi: - Möhtərəm Prezidentimiz İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi bizdə belə bir əminlik yaratmışdı ki, kəndimizin də yol problemi nə vaxtsa aradan qaldırılacaq. Şükürlər olsun ki, ölkəmizdə gedən ümumi sosial-iqtisadi inkişaf tədricən ucqar kəndlərə, dağ təsərrüfatlarına doğru səmt alır. Artıq abadlıq-quruculuq işlərinin növbəti ünvanı dağlar qoynudur. Elə rayonumuzun ucqar yaşayış sahələrindən sayılan Bəliton kəndinin yol probleminin həlli də ölkəmizdə gedən ümumi inkişafın göstəricisidir. Məhz buna görə də iki min nəfərə yaxın əhalisi olan kəndimizin sakinləri adından möhtərəm Prezidentimizə, rayonumuzun rəhbərliyinə eləcə də yol işçilərinə təşəkkür edirəm.
Mürüvvət Baxşiyev, əmək veteranı: - Uzun illər təsərrüfatda çalışmışam, tərəvəzçilik briqadiri kimi fəaliyyət göstərmişəm. Etiraf etməliyəm ki, kəndimizə, sakinlərimizə belə yüksək səviyyəli qayğı heç zaman göstərilməmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi "Azərbaycanın hər bir kəndi mənim üçün əzizdir, müqədəsdir" kəlməsi məndə belə bir inam yaratmışdı ki, vaxt gələcək, kəndimizin problemlərinə də əncam çəkiləcək. Ən böyük problemimiz isə yolsuzluq idi. Cənab Prezidentimizə minnətdarıq ki, onun qəbul etdiyi hər bir sənəd, atdığı hər bir addım ölkəmizin ümumi inkişafına, xalqımızın firavan yaşayışının təminatına yönəldilmişdir. Mən dövlətimizin başçısının rayonlara səfərlərini televiziya vasitəsilə izləyirəm. Prezidentimizin söylədiyi "Yol inkişafdır, mədəniyyətdir. Yol olan yerdə inkişaf da olacaqdır" fikri sabaha inamımızı xeyli artırır. Əminik ki, yaxın illərdə kəndimizə də yeni asfalt yol çəkiləcək. Bizdə bu əminliyi yaradan başlıca səbəb isə ölkəmizdə gedən sürətli inkişaf və möhtərəm Prezidentimizin yol infrastrukturunun yaxşılaşdırılmasına göstərdiyi xüsusi diqqət və qayğıdır...
Yeri gəlmişkən, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı" çərçivəsində yaxın illərdə ölkənin bütün ucqar yaşayış sahələri kimi Lənkəran rayonunun Bəliton və digər dağ kəndlərinə də müasir asfalt yolunun çəkilişi nəzərdə tutulmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, keçmiş sovet sistemindən Lənkəran rayonunun ucqar kəndlərinə miras qalmış sosial problemlər yaxın vaxtlarda aradan qaldırılacaq, bu yerlərin iqtisadi potensialı hərəkətə gətiriləcək, kənd təsərrüfatı dirçəldiləcək, əlverişli turizm imkanlarından səmərəli istifadə olunacaq. Heç şübhəsiz, bütün bu məsələlərin həlli, ilk növbədə, rahat yoldan başlanır...

{nl}

Mirbağır YAQUBZADƏ, Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında