Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə paytaxtımızda Gül bayramının keçirilməsi xoş bir ənənəyə çevrilmişdir. Artıq neçə ildir ki, Bakı sakinləri, eləcə də şəhərimizin qonaqları bu möhtəşəm, qəlbləri riqqətə gətirən tədbirə şahidlik edirlər. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramı insanlarda, sözün əsl mənasında, xoş ovqat, şən əhval-ruhiyyə yaradır.
Dünən paytaxtın Nizami rayonunda da əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Rayon ərazisindəki Heydər bağı park-bulvar bayramsayağı bəzədilmiş, bura başdan-başa gül-çiçəyə bürünmüşdü. Parkda bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, panno və tablolara, eskizlərə heyranlıqla tamaşa etməmək mümkün deyildi. Hiss olunurdu ki, iştirakçılar ümummilli liderimiz Heydər Əliyevin ad günü tədbirləri çərçivəsində keçirilən Gül bayramına çox ciddi hazırlaşmışlar. Bunu parkdakı səliqə-sahmandan, gül-çiçəklərin, müxtəlif əl işlərinin yaratdığı xoş auradan da hiss etmək olurdu. Gül bayramında rayonun 25 orta ümumtəhsil məktəbinin və 22 məktəbəqədər təhsil müəssisəsinin, uşaq-gənclər yaradıcılıq mərkəzinin, eləcə də “Qayğı” reabilitasiya mərkəzinin kollektivləri özlərinin əl işlərini nümayiş etdirirdilər. Bununla yanaşı, rayonun qabaqcıl sənaye müəssisələrindən olan “European Tobacco Baku” ASC, “Veysəloğlu” və “New Sphera LTD” məhdud məsuliyyətli cəmiyyətləri, həmçinin digər idarə və təşkilatlar da ənənəvi Gül bayramının baxımlı, cazibədar olması üçün öz köməyini əsirgəməmişdilər. Bütün bu işlərdə xalqımızın milli-mənəvi dəyərləri, estetik və fəlsəfi görüşləri, vətənpərvərlik duyğuları incə bir həssaslıqla, yüksək zövqlə əks olunmuşdu.
Gül bayramı ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz el məhəbbəti və ehtiram hissi üstünlük təşkil edirdi. Təsadüfi deyildi ki, ayrı-ayrı məktəb və uşaq bağçaları üçün ayrılmış yerlərdə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən əl işləri bədii tərtibatına, rəng koloritinə görə daha cəlbedici, daha heyranedici idi. Gül bayramına təqdim olunan eksponatlar mövzu əlvanlığı və janr müxtəlifliyi ilə diqqəti cəlb edirdi. Yan-yana düzülmüş rəsmlər, müxtəlif əl işləri, ekibanolar, qurudulmuş təbii güllər vasitəsilə parça üzərində yaradılan mənzərələr ilk baxışdan insanı valeh edirdi. Gül bayramında nümayiş etdirilən “Çay dəstgahı”, “Tovuzquşu”, “Günəş” və digər əl işləri tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu. Həmin eksponatların hazırlanması üçün 39 mindən artıq güldən istifadə olunmuşdu. Bütövlükdə isə burada nümayiş etdirilən əl işlərinin hamısı bir-birindən gözəl və cazibədar idi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca fidanlar da bayram şənliyinə əlavə yaraşıq gətirir, xoş aura yaradırdılar.
Yeri gəlmişkən, artıq bir neçə ildir ki, paytaxtın ayrı-ayrı rayonlarında keçirilən gül bayramları Bakı Şəhər İcra Hakimiyyətində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilir. Nizami rayonunun son dörd ilin qalibi adına layiq görülməsi, heç şübhəsiz, bu rayonun bayrama yüksək səviyyədə hazırlaşmasından xəbər verir. Elə budəfəki bayram tədbirinə qoşulan kollektivlər də ən yaxşı gül-çiçək kompozisiyası, ən yaxşı dekorativ gül rəsmi, ən yaxşı tətbiqi sənət nümunəsi, ən yaxşı gül geyimi, uşaq-gənclər yaradıcılıq mərkəzinin dərnək üzvləri isə asfalt üzərində ən yaxşı gül rəsmləri nominasiyalarında iştirak edirdilər. Bundan əlavə, Heydər bağı park-bulvarın dərnək üzvləri də güllərə aid rəsm nümunələrini nümayiş etdirirdilər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Flora Qasımova, eləcə də, münsiflər heyətinin üzvləri Gül bayramında iştirak edən bütün kollektivlərin əl işləri ilə yaxından tanış oldular.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.