Yaxın Şərqdə gedən yeni proseslərin regionumuza təsiri

{nl}

İsrail-Türkiyə: səhrada qasırğa
Dahilərdən biri demişdir ki, ağıl və savadın həll etmədiyi məsələləri məkan və zaman həll edir. Bu gün dünyada bir çox qaynar nöqtələr mövcuddur (Yaxın Şərq, Balkanlar, Qafqaz və s.) və zaman-zaman müəyyən qüvvələrin geosiyasi maraqlarının toqquşması nəticəsində, bu nöqtələrdə konfliktlər aktivləşərək özünü daha qaynar şəkildə büruzə verir.
Bu xüsusda son aylar Yaxın və Orta Şərqdən tutmuş Mərkəzi Asiyaya qədər geniş geosiyasi məkanda bir-birinin ardınca düşündürücü hadisələr baş verir. Cənubi Qafqazla Şərqdən və Cənub-Qərbdən həmsərhəd olan həmin bölgələrdə cərəyan edən hadisələrin bizim bölgədəki geosiyasi duruma da ciddi təsir edə biləcəyini demək olar. Dünyanın tanınmış siyasətçiləri və analitikləri geosiyasi proseslərin qlobal xarakterli olduğu, hadisələrin mərkəzinin yavaş-yavaş Şərqə tərəf sürüşdüyünü vurğulamasını təsadüfi saymaq olmaz. Cənubi Qafqazdakı ümumi geosiyasi duruma, o cümlədən, Dağlıq Qarabağla bağlı baş verən hadisələrə məhz yuxarıda qeyd etdiyimiz proseslərin məntiqi prizmasından baxmaq lazım gəlir.
Orta Asiyanın sərt küləkləri
Hadisələrə Qırğızıstanda baş verən məlum çaxnaşmalar və Türkiyə-İsrail münasibətləri müstəvisində müşahidə edilən gərginliklər aspektində nəzər salmağa ehtiyac vardır. Mərkəzi Asiyada sovet dövründən qalmış bədnam hüquqi varislik (anklavlar, şüuru cəhətdə mozaik şəkildə etnik yerləşdirmələr, sərhəd problemləri və s.) bu regionda hökumətlərarası münaqişələrin mövcudluğu barədə proqnozlar "Region+" jurnalının 87-ci buraxılışında dərc edilmişdir. (bax: "Region+", 2010, № 87)
Həmin məqalədə Mərkəzi Asiyada geosiyasi vəziyyətin mümkün gərginləşmə istiqamətləri göstərilmişdir və ən həssas məqamlar kimi Özbəkistan-Qırğızıstan, Özbəkistan-Tacikistan və Özbəkistan-Qazaxıstan münasibətləri seçilmişdi. Bu proqnoz xüsusi ilə sovetlər dönəmindən qalmış müəyyən süni etnik problemlərin mövcudluğuna əsaslanırdı. Qırğızıstanda da hadisələr məhz etnik zəmində baş verdi. Hakimiyyət uğrunda mübarizədə kimlərsə, ölkəni (ümumilikdə isə bütün Mərkəzi Asiyanın) ən həssas yerindən vurdu. Əsas məsələ ondan ibarətdir ki, bu proseslərin təsir dairəsi yalnız Qırğızıstan və bütünlükdə Mərkəzi Asiya sərhədləri ilə məhdudlaşmadı. Enerji sahəsində, terrorla mübarizə aspektində və hərbi əməkdaşlıq istiqamətində dünyanın böyük dövlətləri Qırğızıstan olayları fonunda müzakirələr apardı. Aydın oldu ki, həmin coğrafi məkan həssaslığını hələ də saxlamaqdadır. İndi nisbi sakitlikdir, lakin ortaya çıxan ziddiyyətlər həll edilməyib. İndi Qırğızıstana müxtəlif ölkələr yardım edirlər (məsələn, ABŞ bu yaxınlarda 48 milyon dollar həcmində maliyyə yardımı göstərdi, Türkiyə də analoji addım atır və s.), lakin mövcud ziddiyyətlərin tam aradan qaldırılması ilə bağlı hər hansı konkret plan yoxdur. Qırğızıstanda baş vermiş məlum hadisələrlə bağlı 16-17 iyul 2010 - cu il tarixlərində Almatı şəhərində(Qazaxıstan) keçirilmiş ATƏT-in Xarici İşlər Nazirlərinin qeyri rəsmi şurası zamanı, Qırğızıstana kömək etmək məqsədi ilə beynəlxalq donor konfransı keçirilmişdir. Konfransın əsas məqsədi Qırğızıstana kömək etmək üçün anti- böhran fonduna maliyyə vəsaitlərinin yığılmasıdır. Bundan sonra 4-7 avqust tarixlərində Türkdilli dövlətlərin xarici işlər nazirlərinin Bodrumda (Türkiyə) keçirilmiş qeyri rəsmi görüşlərini də yada salmaq olar. Türkdilli dövlətlərin əməkdaşlığı və Qafqaz-Mərkəzi Asiya məkanında təhlükəsizliyin təmini baxımından əhəmiyyətli hadisədir. Bununla yanaşı, dünyanın super güclərinin bölgə uğrunda savaşının hansı sürprizləri verə biləcəyini unutmaq olmaz. Həmin aspektdə də Türkiyə-İsrail münasibətləri ətrafında cərəyan edən proseslər olduqca maraqlıdır.
Enerji siyasəti: üç regionun bir xilaskarı
İsrail Qəzzaya yardım aparan gəmi karvanına hərbi müdaxilə edən zaman olduqca inamlı idi. İsrail rəhbərliyi tutduqları mövqedən dönməyəcəklərini bildirirdilər. Türkiyə isə baş verən hadisəni araşdırmaq üçün beynəlxalq təhqiqat qrupunun yaradılmasını tələb edirdi. ABŞ məsələyə sakit yanaşdı və öncə İsraili müdafiə edən fikirlər səsləndirirdi. Yaranmış vəziyyətlə əlaqədar 6 iyun 2010-cu il tarixində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT -nin Baş Qərargahında, fövqəladə iclas keçirilmişdir. İclas zamanı bütün İKT üzv dövlətləri birmənalı şəkildə Türkiyənin tələblərini dəstəkləyən bəyanatlar vermişdirlər. İslam Konfransı Təşkilatı (İKT) bu məsələdə haqqın tərəfini tutaraq, humanitar yardıma mane olmağın düzgün olmadığını bəyan etmişdir. Son hadisələr göstərir ki, İsrailin və ABŞ-ın mövqeyində müəyyən dəyişikliklər vardır. İndi İsrail BMT-nin icazəsi ilə beynəlxalq təhqiqat qrupunun yaradılmasına razıdır. Deməli, rəsmi Tel-Əvivin mövqeyində dəyişiklik vardır. Maraqlı fakt odur ki, nəyə görə İsrail mövqeyini dəyişdi? Zənnimizcə, burada bir neçə geosiyasi səbəbin olduğunu demək olar.
Birincisi, Türkiyənin Yaxın və Orta Şərqdə geosiyasi əhəmiyyəti ABŞ-la yanaşı, Avropa üçün də daha da artır. Bir neçə iqtisadi layihəni, o cümlədən, "Nabukko"nu yada salmaq olar. "Nabukko" ilə bağlı işləri sürətləndirmək planı var və bu işdə Türkiyə fəaldır. Yaxın vaxtlarda Türkiyə, Bolqarıstan, Macarıstan, Avstriya və Rumıniya layihənin iqtisadi və maliyyə məsələlərinə dair yeni sazişlər imzalamalıdırlar. İşlərin sürətlənməsinə səbəb "Şahdəniz-2"-yə "Nabukko" ilə yanaşı, Türkiyə-Yunanıstan-İtaliya (TGİ) və Transadriatik boru xətti (TAP) kimi layihələr də iddialıdır. Artan rəqabət dünyanın bir çox güclərini fəallaşdırmağa məcbur edir. Konkret olaraq Avropa Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı enerji mənbələrinə daha çox nüfuz etməyə çalışır. "Kommersant" qəzetinin yazdığına görə, Avropa Komissiyası Türkmənistandan Xəzərin dibindən keçmək şərti ilə Azərbaycana qaz kəməri çəkmək barədə təklif verib. Avropa Xəzərin statusunu müəyən etmədən belə bir layihəni həyata keçirmək fikrindədir. Aydın görünür ki, enerji məsələsi bu aspektdə iqtisadi dəyəri ilə yanaşı, ciddi geosiyasi məzmun kəsb etməkdədir. Belə ki, Rusiya və İran həmin təklifə dərhal mənfi reaksiya veriblər. Onlar Xəzərin statusu müəyyən edilmədən hər hansı sazişin imzalanmasını istisna edirlər. Deməli, Avropa ilə Rusiya və İran arasında yeni bir qalmaqalın əsası qoyulur. Onu da deyək ki, Rusiyanın İrana artıq 4 ədəd "S-300" satdığı haqqında məlumat verilir. Bölgədə silahlanma yeni səviyyəyə qalxmış kimi görünür. Bütün bunlar avtomatik olaraq Türkiyənin Qərb üçün daha böyük geosiyasi əhəmiyyət kəsb etməyə başladığını təsdiq edir. İsrail faktoruna həmin prizmadan nəzər salanda Qərbin müəyyən tarazlaşdırıcı addım atmağa məcbur olduğu aydınlaşır. Yəni İsrailin müsəlman dövlətlərinə qarşı sərt mövqe tutması ABŞ və Avropanı qane etmir.
İkincisi, Qərbin enerji layihələrində İraq, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstanın bir yerdə iştirakı məqamı vardır. Hələlik Türkmənistan "Nabukko" ilə bağlı qəti söz deməyib. Buna rəğmən avtomatik olaraq Yaxın Şərq-Qafqaz-Mərkəzi Asiya "zəncirində" ortaq geosiyasi mövqe formalaşdırma ehtiyacı yaranır. Hazırda Azərbaycanın yeritdiyi enerji siyasəti xeyli səmərəli addımlar atmağa imkan yaratmışdır. Bunu iki aspektdə vurğulamaq olar. Birinci aspekt Azərbaycanın çoxvariantlı enerji marşrutları formalaşdırma modeli üzrə uğurlu addımlarını atması ilə bağlıdır. Hazırda bütün istiqamətlərdə Azərbaycanın enerji qaynaqları dünya bazarına çıxarıla bilir. Son zamanlar onların sırasına Azerbaijan-Georgia-Romania Interconnection marşrutu da əlavə olunub. Həmin layihəni Azərbaycan, Gürcüstan və Rumıniya həyata keçirir. Layihənin əsası bu il aprelin 13-də üç dövlətin birgə bəyanatı ilə qoyulmuşdur, mayın 12-də isə müvafiq saziş imzalanmışdır. İndi Azərbaycan Energetika və Sənaye Nazirliyinin verdiyi məlumata görə, sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri görüşəcəklər. Bakı sammitində Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və energetika üzrə Avrokomissar Hünter Ottingerin iştirak edəcəyi gözlənilir. Deməli, növbəti enerji marşrutu həm də Avropa Birliyinin maraq dairəsindədir.
İkinci aspekt Azərbaycan qazının alınması ilə bağlı rəqabətin güclənməsi ilə əlaqəlidir. Məsələnin bu tərəfi enerji faktorunun dərindən geosiyasi proseslərlə bağlı olduğunu ifadə edir. Ona görə də bölgəmizdə və ona yaxın ərazilərdə baş verən geosiyasi proseslərə mütləq enerji faktoru prizmasından baxmalıyıq. Zərurətdən yaranmış bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, "Şahdəniz" yatağından çıxarılacaq qazı almaq üçün dünyanın böyük şirkətləri əsl yarışa giriblər. "Wall Street Journal" yazır ki, artıq Statoil "Şahdəniz"lə bağlı potensial alıcılarla aktiv danışıqlara başlayır. Həmçinin, "Wall Street Journal" Azərbaycanın enerji qaynaqlarının Avropa üçün müstəsna əhəmiyyəti olduğunu vurğulayır. Bundan başqa, Almaniyanın RWE AG şirkəti "Nabukko"nun üzvü kimi "Şahdəniz"dən qaz almaq istədiyini bildirib. Bloomberg agentliyinin verdiyi informasiyada ABŞ-ın energetika üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın avqustun 2-də Aşxabadda Türkmənistanın Transxəzər layihəsinə qaz verəcəyini dediyi ifadə edilir.
Üçüncüsü, Mərkəzi Asiyada etnik əsasda problemlərin həlli dondurulmuş təsiri bağışlayır. Geosiyasi proseslərin ağırlıq mərkəzinin həmin bölgəyə sürüşməyə başladığını və yuxarıdakı şərtləri nəzərə alanda oradakı müvəqqəti sakitliyin təminatı olmadığı qənaətini alırıq. Bu da Yaxın və Orta Şərq və Qafqazda enerji siyasəti ilə baş verənlərin Mərkəzi Asiyadakı geosiyasi duruma stimullaşdırıcı təsir edə biləcəyi nəticəsini çıxarmağa əsas verir. Avtomatik olaraq Mərkəzi Asiyadan da əks-təsiri gözləməliyik. Adi terminlərlə ifadə etsək, Dağlıq Qarabağ kimi problemin həllinə bu gün Yaxın Şərq və Qafqazda enerji ilə bağlı proseslərin və Mərkəzi Asiyadakı geosiyasi vəziyyətin ciddi təsir edə biləcəyini proqnozlaşdırmaq olar. Qərb üçün hər üç geosiyasi məkanda sabitliyi təmin etmək əsas məqsəd ola bilər. Ermənistanın qeyri-konstruktivliyi fonunda sabitlik yaratmaq strategiyasının Dağlıq Qarabağla bağlı Azərbaycanı tələsdirmək və bu mənada "zaman seytnotu" ("seytnot" termini şahmatda işlənən sözün metaforasıdır və zaman çatışmazlığını ifadə edir) yaratmaq taktikasına gətirib çıxara biləcəyini istisna edə bilmərik. Digər tərəfdən, Rusiyanın Transxəzər enerji layihəsinə mənfi yanaşması rəsmi Moskvanın bölgədəki prosesləri ən azından süründürməyə yönələn addımlara əl atmasını da istisna etmir. Bu iki tendensiyanın toqquşması, obrazlı desək, "zaman paradoksudur" ki, həm çox fəallıq, həm də passivlik eyni dərəcədə mənfi fəsadlara yol aça bilər. Belə bir situasiyada incə diplomatiya ilə bir-birinə əks olan tendensiyaları tarazlaşdıran siyasət daha səmərəli ola bilər.
Beləliklə, Cənubi Qafqaz və Mərkəzi Asiya yeni səviyyədə qlobal geosiyasi proseslərə cəlb olunmuş təsiri bağışlayır. Qərb aktiv surətdə praktiki addımlar atmağa başlayır. Bu da istər-istəməz bölgə dövlətlərini intensiv olaraq böyük geosiyasi oyunların mərkəzinə atır. Təbii ki, bu şərt daxilində Qərbin Türkiyə-İsrail münasibətlərini yoluna qoymaq istiqamətində atdığı addımlar başa düşüləndir. Qərbə İsrailin vəziyyəti öz istədiyinə uyğun gərginləşdirməsinə razı ola bilməz. Yuxarıdakı müqayisələrdən göründüyü kimi, humanitar yardımla bağlı yaranan böhran dolayısı ilə Qərbin beynəlxalq enerji layihələrini ləngitməyə xidmət edirmiş. Çünki dünya üçün əhəmiyyətli enerji dəhlizi rolunu oynayan sularda qarışıqlığın olması bu kimi planların yerinə yetirilməsinə qarşıdır. Ümumiyyətlə, dünya okean sularında sakitliyə nail olmaq gərəkdir. Bunun üçün Yaxın Şərqin siyasi ziddiyyətləri ilə qlobal enerji siyasəti arasında hormoniya tapmaq lazım gələcək. Bu hormoniyaya "gedən yol Qafqazdan keçir". Etiraf etmək gərəkdir ki, böyük bir geosiyasi məkanda həmin məqsədə çatmaq çox mürəkkəbdir. Lakin bəşəriyyət özü bu duruma gəlmişdir, ona görə də xilas yolunu tapmaqdan başqa çarə yoxdur.

{nl}

Azər XUDİYEV, Xarici İşlər Nazirliyinin İkinci (Şərq) Ərazi İdarəsinin şöbə müdiri, Sinergetik Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında