Bakıda “Sosial medianın idman jurnalistikasına təsiri” mövzusunda forum keçirilmişdir

 

 

Aprelin 29-da Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi “JW Marriott Absheron Baku” mehmanxanasında işini davam etdirmişdir.

Konqresin ikinci günündə əvvəlcə UEFA-nın media və ictimaiyyətlə əlaqələr üzrə meneceri Tomas Qiardano və Beynəlxalq Universitet İdmanı Federasiyasının baş katibi Erik Saintrond təqdimatlarla çıxış etmişlər.

Təqdimatlarda mətbuat konfransının təşkili, “mix-zona”da idmançılardan müsahibənin alınması və sosial mediada idman jurnalistikasının inkişafı barədə məlumat verilmiş, müxtəlif universiadalardan görüntülər nümayiş olunmuşdur.

Sonra konqres çərçivəsində “Sosial medianın idman jurnalistikasına təsiri” mövzusunda forum keçirilmişdir.

Forumda Beynəlxalq Olimpiya Komitəsinin aparat rəhbəri Josen Farber, “Frans Press” agentliyinin idman bölməsinin rəhbəri Vinsent Amalvi, “Getty İmages” foto şirkətinin direktoru Stev Rose və digərləri iştirak etmişlər.

Tədbirdə sosial medianın (“Facebook”, “Twitter”, “Youtube” və s.) idman jurnalistikasına təsiri barədə müzakirələr aparılmışdır. Müzakirələrdə ənənəvi media ilə “yeni media”nın müqayisəsi əsas mövzu olmuşdur. Həmçinin sosial medianın jurnalistikada səbəb olduğu inqilabi dəyişikliklər və müxbirlərin informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsi haqqında ətraflı fikir mübadiləsi aparılmışdır.

Qeyd olunmuşdur ki, sosial media texnologiya imkanlarından yararlanmaqla ünsiyyəti interaktiv dialoqa çevirir. Saytlar, sosial şəbəkələr, bloqlar, ünsiyyət proqramları (MSN, Skype və s.) insanların bir-biri ilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradır. Bu çərçivədə internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları asanlıqla əldə etmiş olurlar.

Xəbərin operativliyi baxımından sosial medianın rolunu yüksək qiymətləndirən natiqlər irimiqyaslı turnirlərdən sosial şəbəkələr vasitəsilə xəbərlərin birbaşa ötürülməsinin əhəmiyyətindən danışmışlar. Vurğulanmışdır ki, günümüzdə jurnalistlər təkcə ənənəvi media vasitəsilə qazandıqları statusla kifayətlənməməlidirlər. Yazarlar aparıcı sosial şəbəkələrdə fəal olmalı, paylaşdıqları xəbərlərlə insanlara təsir etməyi və gündəmdə qalmağı bacarmalıdırlar.

İdman jurnalistikasının rəngarəng olduğunu diqqətə çatdıran forum iştirakçıları yeni nəslin bu sahəyə maraq göstərdiyini vurğulamışlar. Diqqətə çatdırılmışdır ki, bu sahənin dayanıqlığı üçün gənc nəslin yüksək intellektə və texnoloji biliklərə sahib olması şərtdir. Jurnalistikanın bu istiqaməti həmişə inkişafda olacaqdır. Buna səbəb yeni nəsildə idmana olan sevgidir.

Natiqlər təmsil etdikləri qurumların sosial media platformalarındakı səhifələrini, həmçinin internet saytlarını gün ərzində milyonlarla insanın ziyarət etdiyini, keçirilmiş idman tədbirləri ilə bağlı xəbərlərlə rahat şəkildə tanış olduqlarını bildirmişlər. Diqqətə çatdırılmışdır ki, ənənəvi media qısa müddətdə idman auditoriyası ilə belə interaktiv əlaqə qurmaq  imkanına sahib deyildir. Ənənəvi mediadan fərqli olaraq sosial platformada insanlar fikirlərini rahat ifadə edə, təkliflərini və tənqidlərini səsləndirə bilirlər. Qurulan interaktiv əlaqələr sosial media qurumlarının, jurnalistlərin daha da inkişafına təkan verir.

Sonda mövzu ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş olunmuşdur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında