Ağ şəhərə yaşıl libas

 

 

Ölkədə ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılması və yaşıllıqların salınması aktual məsələlərdən biri olmaqla yanaşı, həm də dövlətin inkişaf strategiyasının tərkib hissələrindən birinə çevrilmişdir.

Təsadüfi deyil ki, son illər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ölkənin sosial-iqtisadi inkişafının ayrı-ayrı dövrlərini əhatə edən geniş iclaslarında dövlət başçısı bu vacib məsələyə dönə-dönə toxunur, konkret tövsiyə və tapşırıqlar verir. Bu il keçirilən son iclas da istisna olmadı və dövlət başçısı çox haqlı olaraq bildirdi ki, “Azərbaycanda hər il ekologiya ili olmalıdır”.

Prezident İlham Əliyevin Bakının  ekoloji mühitinin sağlamlaşdırılması, şəhərdə parkların, xiyabanların salınması və yaşıllıqların genişləndirilməsi ilə bağlı irəli sürdüyü bu təşəbbüs ölkəmizin hər yerində olduğu kimi, Xətai rayonunda da yüksək fəallıqla qarşılanmış, bu sahədə mühüm işlərin həyata keçirilməsinə, konkret layihələrin işlənib hazırlanmasına və reallaşdırılmasına səbəb olmuşdur.

Bu məsələlərin əhəmiyyəti nəzərə alınaraq rayonda yaşıllıqların genişləndirilməsi üçün bir neçə il bundan əvvəl ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır. Bu ilin əvvəlindən başlayaraq ikinci yaşıllaşdırma proqramı həyata keçirilir. Proqram çərçivəsində Azadlıq prospekti  Hava Limanı istiqamətindən, yəni Nobel prospekti magistral yolu boyunca yaşıllaşdırma işlərinə başlanmış, 41 min kvadratmetr əraziyə  torpaq daşınaraq yayılmış və yaşıllıqlar salınmışdır.

Bu şənbə də yaşıllaşdırma proqramı çərçivəsində rayonda yeni ağacəkmə kampaniyası davam etdirilmişdir. Dünən səhərdən başlayaraq Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov başda olmaqla, ümumrayon iməciliyinə çıxan rayon icra hakimiyyəti aparatının işçiləri, idarə və müəssisələrin, xidmət sahələrinin, sahibkarlıq qurumlarının nümayəndələri onlar üçün ayrılmış xüsusi sahələrdə böyük həvəslə çalışır, ağac və bəzək kolları əkirdilər.

Yazın isti nəfəsi bu günki iməcilikdə çinar, şam və söyüd ağacları əkiləcək  Heydər Əliyev parkını da həmin gün büs-bütün yaşıl libasa bürümüşdü. İməciliyə bu parkdan başlayan  Xətai Rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov bura ağacəkmə kampaniyasının gedişini izləməyə yox, sözün əsl mənasında bu təşəbbüsün icraçılarından olmağa gəlmişdi. Milli Məclisin deputatı H.Mirələmov da, icra başçısı R.Məmmədov da hamı ilə bərabər bir neçə ağac əkdi.

Bu iməciliyin bir özəlliyi də onda oldu ki, tədbiri izləyən mətbuat nümayəndələri də ağacəkmə kompaniyasına qoşuldular və hərəyə bir neçə ağac və gül kolu əkdilər. Bütövlükdə isə həmin gün keçirilən iməcilikdə rayonun müxtəlif park və xiyabanlarında yüzlərlə çinar, söyüd, şam və palıd ağacı, çoxsaylı bəzək kolları əkildi.

Rayonda ekoloji mühitin sağlamlaşdırılması və yaşıllıqların salınması istiqamətində aparılan işlər deməyə əsas verir ki, Xətai rayonunda, sözün əsl mənasında, sürətlə tikilməkdə olan Ağ şəhərə elə bu gündən yaşıl libas “biçilir”.

İ. RÜSTƏMOV,

R.SALMANOV (foto), “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında