Ağdamda 54 mənzilli yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilmişdir

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Ağdam rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların istifadəsinə verilmişdir.

Yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edərək xoş arzularını ifadə edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əlilliyi olan şəxslərin, müharibə veteranları və əlillərinin, şəhid ailələrinin rifah halının yüksəldilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulamışdır. O bildirmişdir ki, mart ayında möhtərəm Prezidentimizin imzaladığı fərman və sərəncamlara əsasən 86452 nəfər şəxsin müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə artırılmış və bu artımların maliyyələşdirilməsinə aylıq olaraq 2,1 milyon manat vəsait sərf olunacaqdır. İlin sonuna kimi qeyd olunan artımlara 19 milyon manat vəsait sərf ediləcəkdir.  Nazir bildirmişdir ki, bu qayğının davamı kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə qanunvericiliyə edilən dəyişikliklərlə belə şəxslərin ödənişli təhsil alan uşaqları 2014-2015-ci tədris ilindən etibarən ödənişli təhsil haqqından azad ediliblər. Bu kateqoriyadan olan şəxslərin övladlarının təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcəkdir.

Tədbirdə qeyd olunmuşdur ki, bununla yanaşı, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin minik avtomobilləri ilə təmin olunması istiqamətində tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Prezidentinin 23 dekabr 2013-cü il tarixli Sərəncamının yüksək səviyyədə icrası olaraq, son üç həftə ərzində bu ilin əvvəlinədək növbədə dayanan Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən artıq 300 nəfəri avtomobillə təmin edilmiş, digər növbədə olanların avtomobilə təminatı isə may ayının sonunadək başa çatdırılacaqdır. Eyni zamanda, növbədə olan Böyük Vətən müharibəsi və Çernobıl əlillərinin, habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə xüsusi avtonəqliyyatla tam təminatı üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, tədbirdə nazir xüsusi olaraq diqqətə çatdırmışdır ki, indiyədək artıq 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunmuşdur. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında da yeni çoxmənzilli yaşayış evləri nazirliyin saytında ictimaiyyətə açıqlanan növbəlilik əsasında əlil və şəhid ailələrinin istifadəsinə veriləcəkdir. “Respublika hökumətinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz bəyan etmişdir ki, müharibə veteranları, müharibə əlilləri, şəhid ailələri üçün daha da yaxşı şərait yaradılacaqdır” – deyə bildirən S.Müslümov bu sahədə ölkə rəhbəri tərəfindən müəyyən edilən vəzifələrin yüksək səviyyədə yerinə yetiriləcəyini vurğulamışdır.

Əlil və şəhid ailələri dövlət hesabına mənzillə təmin olunmalarını həyatlarının ən əlamətdar hadisələrindən biri kimi dəyərləndirərək, onlara belə böyük sevinc bəxş etdiyinə və daim hərtərəfli qayğı göstərdiyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında