Dava-dava oynamaq, özünü hansısa məşhur qəhrəmana oxşatmaq və qələbə çalmaq kimi oyunlar uşaqların adətidir. Elə bir uşaq tapmaq çətindir ki, döyüş filmlərindəki ən maraqlı səhnələri oyunlarında canlandırmasın. Oyuncaq silahlar isə bu oyunlarda ən sevimli alətlərdəndir. Ancaq elə uşaqlar və yeniyetmələr də var ki, digər yaşıdlarından fərqlənir: hədəfə sərrast atəş açır, paraşütlə uğurla tullanır, maşın idarə edir, təyyarə modeli hazırlayır və s. 14 yaşından 19 yaşınacan olan bu yeniyetmələr Azərbaycan Könüllü Hərbi Vətənpərvərlər Texniki İdman Cəmiyyətinin üzvləridir.
" Bu istedadlı yeniyetmələr Azərbaycan Silahlı Qüvvələrinin gələcək potensial əsgərləridir. Bugünün paraşütçüsü sabahın desantçısıdır."- deyə cəmiyyətin respublika şurasının sədri general-mayor Novruzəli Orucov söhbətə başlayır.
O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülüb. Gənclər və İdman Nazirliyi tərəfindən KHVTİC-in gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərə görə fəxri diploma layiq görülməsi bu sahədə görülən zəruri fəaliyyətin nəticəsi hesab oluna bilər.
Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat yarandığı 86 il ərzində müxtəlif adlarla fəaliyyət göstərsə də, həmişə yeniyetmə gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində əməli addımlarla fərqlənib. 1924-cü ildə Aviasiya və Kimya Dostları Müdafiəsi Cəmiyyəti adı ilə fəaliyyətə başlayıb. Daha sonra isə Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətləri 1948-ci ildə bir cəmiyyətin tərkibində birləşib. Sovet dövründə Böyük Vətən müharibəsində cəbhədə vuruşan gənclərin çoxu məhz DOOSAF adlanan bu təşkilatın yetirmələri olub. Azərbaycan müstəqillik qazandıqdan sonra isə təşkilat 1991-ci ilin noyabrın 11-i OADKYC-nın yeddinci qurultayında adını dəyişdirərək Könüllü Hərbi Vətənpərvərlər Texniki İdman Cəmiyyətinə çevrilib, hazırda yeniyetmə və gənclərin texniki idman növləri ilə məşğul olmalarına şərait yaradır. General-mayor N.Orucovun sözlərinə görə, təşkilat nəzdində paraşütçülük, sürücülük, hərbi aşpazlıq, gənc konstruktorlar kursları fəaliyyət göstərir. 13-14 yaşlı aviamodelçilərdən söhbət açan general-mayor onların kiçik yaşlardan daha zəruri istiqamətə yönəldildiyini vurğuladı: "Aviamodelçilər uşaq olsalar da, onlar özləri təyyarələrin maketini yığır və motor qoyub uçurdurlar. Bununla da onlarda texnika ilə işləmək vərdişi, gələcəkdə nə isə ixtira etmə keyfiyyətləri formalaşır. SSRİ kosmonavtikasının rəhbərlərindən biri, məşhur həmyerlimiz Kərim Kərimov, ilk qadın təyyarəçimiz Leyla Seyidməmmədova da vaxtilə bu təşkilatın fəallarından olub. İndi də bu aviamodelçilər arasında gələcəyin məşhurları yetişməkdədir."- o, əlavə etdi.
- Bu il hansı tədbirlər olacaq?
- Hər il olduğu kimi, bu il də KHVTİC gənclərin iştirakı ilə bir sıra yarışlar həyata keçirməyi planlaşdırır. İlin ilk tədbiri isə "Biz sənə inanırıq, əsgər" devizi altında pnevmatik silah atıcılığı üzrə respublika birinciliyi olacaq. Yarış IX-XI-ci sinif şagirdlərini əhatə etməklə əvvəlcə rayon, bölgə, daha sonra isə respublika səviyyəsində davam etdiriləcək. Artıq bir müddətdir ki, bu yarışmaya start verildiyini bildirən sədr aprelin 30-da Balakən Aviasiya Mərkəzində beynəlxalq paraşütdən dəqiq tullanma yarışını təşkil edəcəklərinə toxundu: " Artıq MDB ölkələrindən yeniyetmə və gənclərdən ibarət komandalar dəvət olunub. Hər bir komanda 5 nəfərdən ibarət heyətlə çıxış edəcək. Bu yarışda parşütçü qızlarımız da tullanacaq. Son iki ildə 500 nəfər paraşütçü hazırlamışıq. Onlar 14-19 yaş arasındadır, hazırda idmançı kimi tanınırlar."- general-mayor N. Orucov bildirdi.
Təşkilatın kurslarında, yarışlarında qızlar da fəaldırlar. Onlar daha çox paraşüt, atıcılıq üzrə uğurla çıxış edirlər. "Qızların yarışlarda uğurları az deyil. İki qızı gənc təyyarəçi kimi hazırlayırıq. Keçən il yarışmamızın qalibi də Yevlax şəhərinin orta məktəb şagirdi snayper qız oldu. Biz şagirdlərə 3 güllə verdik. Həmin qız birinci dəfədən hər üç atəşi onluğa vuraraq 30 xal topladı. Açığı inanmadım, bunu təsadüfi saydım. Onun sərrast atıcı olmasını yoxlamaq üçün təkrar güllə verdim. İkinci dəfə də həmin şagird 30 xal topladı. Bu zaman əmin oldum ki, bu göz qartal gözüdür."-deyə N. Orucov yeniyetmə qızların da hərbi fiziki hazırlığından razı qaldığını bildirdi.
Bu il Azərbaycan ilk dəfə olaraq, Minsk şəhərində keçiriləcək motobol üzrə Avropa çempionatında iştirak edəcək. Bunun üçün idmançılar ciddi məşqlər keçirlər.
Təşkilatın maddi texniki bazasında da yeniliklər var. Yeni atıcılıq tiri artıq tikilib, istifadəyə hazırdır. Yeniyetmələrin atıcılıq qabiliyyətinin yüksək olduğunu nəzərə alan cəmiyyət yaxın gələcəkdə snayper kursu da açmaq niyyətindədir. Bunun üçün artıq texniki hərbi ləvazimat və silah sifariş verilib. Güzdək Aviasiya Mərkəzinin bərpa olunub istifadəyə verilməsi üçün KHVTİC Ali Baş Komandan İlham Əliyevə müraciət edib. General-mayor N. Orucov bunun uşaqların hərbi-fiziki hazırlığının səviyyəsinə müsbət təsir edəcəyi qənaətindədir: "Balakən Aviasiya Mərkəzi uzaq olduğundan, düşünürük ki, Güzdək Aviasiya Mərkəzi bərpa edilsə, biz paraşüt, avtomobil, təyyarəçilik, motosikletçilik kimi texniki idman növlərinə daha çox yeniyetmə cəlb edə bilərik. Üstəlik şəhərdə yaşayan uşaqların məşqləri üçün daha əlverişli şərait yaranmış olar."
Bu il XI-ci sinif şagirdlərindən ibarət 10 pilot da məzun olacaq.
Keçən il isə cəmiyyətin fəaliyyətində uğurlarla yadda qalıb. KHVTİC MDB ölkələrinin anoloji cəmiyyətləri arasında bir sıra göstəricilərə görə ikinci yerə çıxıb. Digər bir göstərici Bakının Nəsimi rayonundakı texniki-humanitar liseyin doqquzuncu sinif şagirdi, 13 yaşlı Rüstəm Orucovun sərbəst şəkildə paraşütlə 800 metrdən artıq yüksəklikdən tullanması və bu ilk tullanışı ilə Azərbaycanda və MDB məkanında "Ən gənc idmançı-paraşütçü" rekordu qazanması olub. Aparılan araşdırmalara görə, hələ ki, dünyada müstəqil və sərbəst şəkildə bu yaşda təyyarədən paraşütlə tullanan olmayıb. Yeniyetmələrin bu cür uğurları onlar arasında gələcəkdə Azərbaycan ordusunda xidmət edəcək peşəkar əsgər və zabitlərin yetişməsindən xəbər verir.
Çünki bu cəmiyyətin kurslarında təlim alan hər bir yeniyetmə, qız və ya oğlan olmasından asılı olmayaraq, gələcəyin səngərdə Vətəni qoruyan əsgərləridir. Uşaqlıqda film qəhrəmanlarını canlandıran, indi isə texniki idmanın müxtəlif növləri ilə məşğul olan bu yeniyetmələr vaxt gələcək, bəlkə də özləri qəhrəmanlıqları ilə hər kəsə örnək olacaq.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.