Bəşəriyyətə “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Arzuedilməz saat”, “Taun xəstəliyi zamanı sevgi”, “Polkovnikə heç kim yazmır”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Hüznlü fahişələrim” və onlarla belə gözəl əsər bəxş etmış böyük Kolumbiya yazıçısı, Nobel mükafatı laureatı Qabriel Qarsia Markes 87 yaşında Mexikoda dünyasını dəyişib. BBC-nin məlumatına görə, bu barədə Latın Amerikası KİV-nin yaydığı xəbərləri ailənin mətbuat katibi Fernanda Familyar öz “Tvitter” səhifəsində təsdiq edib.
Qeyd edək ki, Markes bir neçə gün əvvəl ağciyər infeksiyası səbəbiylə müalicə aldığı klinikadan evə buraxılmışdı. Son dəfə publika qarşısına mart ayının əvvəllərində çıxan yazıçı onun ad gününü qeyd edən pərəstişkarları və jurnalistlərlə görüşmüşdü.
Böyük mütəfəkkirin ölümü vətənində dərin kədərlə qarşılanıb. Kolumbiyada 3 günlük matəm elan olunub. Prezident Xuan Manuel Santos öz Tvitter səhifəsində yazıçının ailəsinə başsağlığı verərək Markesi “bütün dövrlərin ən nəhəng kolumbiyalısı ”adlandırıb.
Qabriel Qarsia Markes 1928-ci ildə Kolumbiyanın şimalında yerləşən kasıb Arakataka şəhərciyində doğulub. Körpəliyindən ana nənəsi və babası tərəfindən tərbiyə edilib. Sonralar o “Həyat haqda danışmaq üçün yaşamaq”əsərində öz uşaqlıq həyatını təsvir edib. İki vətəndaş müharibəsində iştirak etmiş istefada olan polkovnik babası Markesdə siyasətə həvəs oyatmış, onun danışdığı əhvalatlar dahi yazıçının yaradıcılığında mühüm rol oynamışdı.
Markes ilk romanını 23 yaşında olarkən yazmışdı. Amerika yazıçısı Uilyam Folknerin yaradıcılığından təsirlənərək ərsəyə gələn əsər ədəbi tənqidçilər tərəfindən böyük rəğbətlə qarşılanmışdı.
Kolumbiya Universitetini bitirdikdən sonra Markes vəkillik karyerasına başlayır. Lakin jurnalistika və ədəbiyyata olan həvəsi üstün gəlir və bu işinə son qoyur. Markes uzun illər Avropada, Kubada və Meksikada müxtəlif nəşrlərdə müxbir kimi fəaliyyət göstərir.
1965-ci ildə Qabriel Qarsia Markes öz avtomobiliylə Akapulkaya gedərkən ağlına sonralar ona dünya şöhrəti qazandıracaq “Yüz ilin tənhalığı” əsərinin ideyası gəlir və o maşını döndərib evə qayıdır. Evin bütün qayğılarını unudaraq öz iş otağına kilidlənən Markes 18 ay boyunca kağızla və günə 3 qutu siqaretlə başbaşa qalır. Könüllü dustaqlıqdan azad olduqda isə məlum olur ki, ailənin 12 min dollar borcu toplanıb. Lakin bu onun qətiyyən vecinə deyildi. Əlində Latın Amerikası nəsrinin şedevri olacaq 1300 səhifəlik fenomenal mətn var idi.
Romanın ispan dilində ilk nəşri bir həftə ərzində satılır. Sonrakı 30 il ərzində kitab 30 milyon nüsxə tirajla satılır və 30-dan artıq dilə tərcümə olunur. “Yüz ilin tənhalığı”nın dünya ədəbiyyatına təsiri o qədər güclü olub ki, hətta “New York Times” onu “bütün bəşəriyyətin oxumalı olduğu əsər” kimi səciyyələndirib.
Qabriel Qarsia Markes magik realizmin bünövrəsini qoymuş “Yüz ilin tənhalığı” əsərinə görə 1982-ci ildə Nobel mükafatına layiq görülüb.
Markesin tez bir zamanda məşhurlaşması və sevilməsi əsərlərinin unikal atmosferi və zəngin diliylə xarakterizə edilir.
Markesin həyatı da əsərləri kimi maraqlı olub. “Yüz ilin tənhalığı”ndan sonra ən çox maraq doğuran əsəri “Taun zamanı sevgi”ni o öz həyat yoldaşı Mersedes Barça həsr edib. Əsərdə 50 il sonra yenidən atəşlənən sevgidən bəhs edilir. Markes ilk dəfə Mersedesə 13 yaşında olarkən ürəyini açıb. Lakin əsərdə olduğu kimi, onların da sevgisi zamanın sinağına məruz qalıb. Markes Mersedeslə 1958-ci ildə ailə qurub.
1989-cu ildə səhhətində problemlər yaranan yazıçıya həkimlər ağciyər xərçəngi diaqnozu qoyurlar. Cərrahi müdaxilədən sonra bu qorxunc xəstəlik geri çəkilsə də, yerini başqalarına verir. Markes daha iki ağır əməliyyat keçirir, lakin yazmaqdan vaz keçmir. Bu dövrlərdə onun “Həyat haqda danışmaq üçün yaşamaq” və “Hüznlü fahişələrim” memuarları işıq üzü görür.
Əvvəllər Hollivudla əməkdaşlıqdan imtina edən Markes 2004-cü ildə “Taun zamanı sevgi” əsərinin ekranlaşdırılmasına icazə verir. Mayk Nyuellom tərəfindən lentə alınan film 2007-ci ildə ekranlara çıxıb.
Son illərini Meksikada yaşayan yazıçı kütlə arasında çox nadir hallarda görünürdü. Onun “qocalıq uşaqlaşması”ndan əziyyət çəkdiyini, hətta dəli olduğunu deyirdilər. Bəlkə də beləydi. Dahiliklə dəliliyin bir sərhəddə birləşdiyi çoxdan sübut olunmuş gerçəkdir. Markes həqiqətən dahi idi və dahiliyin son nöqtəsinə çatdıqda dəlilikdən başqa getməyə yer qalmır bəlkə də...
Aida AYSA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.