Vergi borclarının azalması meyli bu ilin 1-ci rübündə də davam etmişdir

 

2014-cü ilin 1-ci rübündə vergi orqanları tərəfindən vergi borclarının alınması sahəsində həyata keçirilmiş qanunamüvafiq tədbirlər nəticəsində 1 aprel 2014-cü il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 1 yanvar 2014-cü il tarixlə müqayisədə 6,7 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 15 faiz azalmışdır.

Cari ilin 1-ci rübü ərzində ümumilikdə 49 min 956 vergi ödəyicisinin  borclarının  tamamilə ləğv edilməsinə nail olunmuş, 1 aprel 2014-cü il tarixə borclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,5 faiz təşkil etmişdir. Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 14 min 208 sayda əmlakın siyahıya alınması barədə qərar açılmış, bu qərarların 68,9 faizi borclar ləğv edildiyi üçün bağlanılmış, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 152 sayda 194,2 min manat məbləğində məhkəmə qətnamələri qəbul olunmuşdur. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 9,0 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilmişdir.

Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 601 vergi ödəyicisinin  541,3 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilmiş, 13 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınmış, 134 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilmişdir.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 370 fiziki şəxs üzrə 99,3 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. 19 min 358 borclu vergi ödəyicisinin borclarının onların milli və ya xarici valyutada cari və digər hesablarından tutulması məqsədilə banklara və ya digər kredit təşkilatlarına 145 min 569 icra (ödəniş) sənədi olan sərəncam verilmişdir.

Vergi orqanları tərəfindən 247 borclu fiziki şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 1 052 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilmişdir. Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 163 vergi ödəyicisi üzrə 5,3 milyon manat borc məbləğini əhatə edən  materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdir.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında