Dünən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Rayonun sənaye, təhsil, səhiyyə, mədəniyyət, xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açdı.
Rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyev 2014-cü ilin ilk üç ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış etdi. Cari ilin ötən dövrünü Azərbaycan Respublikası üçün kifayət qədər uğurlu və yüksək nailiyyətlərlə zəngin bir dövr olduğunu qeyd edən natiq bildirdi ki, aprel ayının 13-də dövlət başçısı cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin ilk rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında son illər ölkə iqtisadiyyatında müşahidə olunan iqtisadi artımın hazırda da davam etməsi müsbət hal kimi qiymətləndirlimişdir. Belə ki, Prezident İlham Əliyev statistik göstəricilər əsasında Azərbaycanda iqtisadiyyatın, qeyri-neft bölməsinin, o cümlədən kənd təsərrüfatının və digər bütün sahələr üzrə istehsalın artdığını qeyd etmiş, ölkədə sosial proqramların uğurla icra olunduğunu vurğulamış, makroiqtisadi vəziyyətin sabit qaldığını diqqətə çatdırmışdır. 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edildiyini diqqətə çatdıran dövlət başçısı bununla əlaqədar olaraq bütün rayonlarda sənaye zonalarının yaradılmasının vacibliyini bildirmiş, ətraf mühitin qorunmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur.
Paytaxtın Nizami rayonunun da ölkəmizin dinamik inkişafının təmin olunmasına mühüm töhfələr verdiyini vurğulayan məruzəçi bildirdi ki, 2014-cü ilin birinci rübündə rayonun sənaye müəssisələrinin fəaliyyəti xeyli canlanmış, ayrı-ayrı müəssisələr tərəfindən 117 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6 faiz çoxdur. Hesabat dövründə sənayenin dövlət sektorunda 73,5 milyon manatlıq və ya ümumi istehsalın 62,8 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun 37,2 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd olundu ki, ötən ilin eyni dövrü ilə müqayisədə rayon üzrə zeytun və kakao yağlarının istehsalı müvafiq olaraq 2,8 və 3,2 dəfə, günəbaxan yağı istehsalı 32,5 faiz, marqarin istehsalı 34,3 faiz, sousların istehsalı 63,7 faiz, süd məhsullarının istehsalı 34,3 faiz, beton, gips və sement məmulatlarının istehsalı 3,2 dəfə, sair kimyəvi məhsullar 16,8 faiz, bərk polipropilen boruların istehsalı 3,2 dəfə, tikinti mallarının istehsalı isə 33,3 faiz artmışdır. Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində cari ilin üç ayında istehlakçılara 118 milyon manatlıq məhsul göndərilmişdir. Natiq bildirdi ki, hesabat dövründə daxili imkanlar hesabına yerinə yetirilən podrat işlərinin həcmi 75,6 milyon manat təşkil etmiş, rayon iqtisadiyyatının və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 102,5 milyon manatlıq investisiya yönəldilmişdir ki, bu da ötən ilin eyni dövründəkindən 3,5 dəfə çoxdur. İlin ilk üç ayı ərzində istifadə edilmiş investisiyaların 85,3 milyon manatı və ya 83,2 faizi tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Məruzəçi qeyd etdi ki, 2014-cü ilin ilk rübündə rayon üzrə əmtəə dövriyyəsi və pullu xidmətlərin səviyyəsi də xeyli yüksəlmiş, pərakəndə ticarət dövriyyəsi 459,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 90,8 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə ticarət dövriyyəsinin 100 faizi, pullu xidmətlərin isə 83,3 faizi özəl müəssisələrin payına düşmüşdür. Pullu xidmətlərin 36,2 milyon manatı hüquqi şəxslərin, 54,6 milyon manatı isə fiziki şəxslərin fəaliyyəti hesabına olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin 24 faizini məişət xidmətləri təşkil etmişdir. Yeri gəlmişkən, hesabat dövründə rayondakı ayrı-ayrı məişət obyektləri tərəfindən əhaliyə 13 milyon manatlıq müxtəlif xidmətlər göstərilmişdir.
2014-cü ilin ilk üç ayı ərzində rayon üzrə rabitə xidmətləri sahəsində 50,5 milyon manat, nəqliyyat üzrə isə 17,8 milyon manat dəyərində xidmətlər göstərilmiş, bu sahələrdə müvafiq olaraq 4 dəfə və 32,2 faiz artım baş vermişdir. Məşğulluq strategiyasının həllinə diqqətin getdikcə artırıldığını bildirən İ.Mehdiyev dedi ki, hesabat dövründə rayonda 769 yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə 2003-cü ildən 2014-cü il aprelin 1-dək Nizami rayonunda 23683 yeni iş yeri açılmışdır ki, bunun da 23586-sı daimidir. Cari ilin yanvar-mart aylarında rayon üzrə orta aylıq əmək haqqının 475,7 manat təşkil etdiyini diqqətə çatdıran məruzəçi ayrı-ayrı sahələr üzrə artımın baş verdiyini bildirdi. Bununla yanaşı, natiq rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən də geniş bəhs etdi.
2014-cü ilin ötən dövrü ərzində rayonda elektrik enerjisi, istilik, qaz və içməli su təchizatı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verən İ.Mehdiyev abadlıq və quruculuq işlərinə də xüsusi diqqət yetirildiyini bildirdi. Natiq, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman sahələri üçün də yüksək nailiyyətlərlə zəngin olduğunu qiqqətə çatdırdı, dövlət başçısının xüsusi tapşırığına əsasən, sakinlərin pulsuz tibbi müaynələrə cəlb olunması sahəsində mühüm işlərin görüldüyünü vurğuladı. Bununla yanaşı, məruzəçi rayon icra hakimiyyətində vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması sahəsində görülmüş işlərdən də geniş söhbət açdı.
Məruzə ətrafında çıxış edən Nizami Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadir Eyvazov, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Hacıağa Qasımov və Sukanal İdarəsinin rəisi Rauf Abbaslı Azərbaycanın sosial-iqtisadi inkişafında paytaxtın Nizami rayonunun da mühüm rol oynadığını vurğulayaraq rəhbərlik etdikləri sahələrin işi ilə bağlı hesabat verdilər.
Hesabat yığıncağına yekun vuran Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyevin proqram xarakterli yekun nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən, həmçinin rayonda həllini gözləyən bir sıra məsələlərdən söhbət açdı, bununla bağlı müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.
Tədbirdə Milli Məclisin deputatı
Sədaqət Vəliyeva iştirak edirdi.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.