Bakıda “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilmişdir

 

 

 

 AzərTAc xəbər verir ki,  Bakıda 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilmişdir.

Abidələr və Tarixi Yerlər Günü UNESCO-nun təşəbbüsü ilə 1982-ci ildən başlayaraq hər il aprelin 18-də qeyd edilir.

Konfransı giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açmışdır. O, qeyd etmişdir ki, İçərişəhərdə yerləşən tarixi abidələrin qorunub saxlanması və bərpası üzrə həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin xalqımızın milli-mədəni irsinə diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Azərbaycanın, o cümlədən zəngin tarixi-memarlıq irsimizin incilərindən biri olan İçərişəhərin mədəni sərvətlərinin qorunub saxlanması və təbliğində çox böyük rol oynayır.

2006-cı il avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalamışdır. Bu sərəncamın icrası çərçivəsində İçərişəhərin ərazisində yerləşən abidələrin bərpası və konservasiyası üzrə xeyli iş görülmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə Baş Plan”a uyğun olaraq 2009-cu ildə Qız Qalasında konservasiya işləri başlanmışdır.

Konservasiya işləri avstriyalı məşhur bərpaçı-mütəxəssis, dünyanın müxtəlif guşələrində 400-dən çox abidəni bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə yerli və xarici mütəxəssislər tərəfindən həyata keçirilmişdir.

Konservasiya prosesini müşayiət edən elmi araşdırmalar abidənin tarixinin öyrənilməsinə və onun təyinatının aşkar edilməsinə töhfələr vermişdir.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev konfrans iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, ölkəmizdə tarixi irs obyektlərinin qorunub saxlanması və onlara qayğıkeş münasibət problemi həmişə diqqət mərkəzində olmuşdur. Ə.Qarayev demişdir: “Artıq indi etiraf etmək olar ki, İçərişəhər həqiqətən Azərbaycanın turizm və mədəniyyət mərkəzinə çevrilmişdir”.

Nazir bu mühüm işə göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbəy Qasımzadə də konfrans iştirakçılarını salamlamışlar.

Sonra mövzu üzrə məruzələr oxunmuşdur.

Azərbaycan Müəlliflik Hüquqları Agentliyinin sədri Kamran İmanov “Xunzar-Günzar (Qız Qalası) - ümumqafqaz fenomenidir” mövzusunda, avstriyalı məşhur bərpaçı-mütəxəssis, “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erix Pummer “Dünya əhəmiyyətli məşhur Qız Qalası və Məhəmməd məscidi abidələrinin konservasiyası” mövzusunda məruzələrlə çıxış etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında