Narkotik qaçaqmalçılığının və saxta dərman preparatları hazırlanmasının qarşısı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində alınmışdır

 

 

 

Qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına 36 kiloqram 500 qram narkotik vasitənin daşınmasının, həmçinin Bakı şəhərində saxta dərman preparatlarının hazırlanmasının və qanunsuz dövriyyəsinin qarşısı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində alınmışdır.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Eldar Qurban oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Rza adlı vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitəni İrandan qaçaq yolla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirmişlər.

Məlum olmuşdur ki, 2013-cü ilin təxminən yanvar ayının əvvəllərində “Ağa” ləqəbli Rza adlı İran vətəndaşı külli miqdarda heroinin İrandan Azərbaycana gətirilməsini təşkil etmiş və Eldar Həsənova həmin narkotik vasitəni əvvəlcədən müəyyən edilmiş gizli yerdən götürüb Rusiya Federasiyasına göndərməyi tapşırmışdır. Eldar Həsənov da həmin narkotik vasitəni oradan götürərək başqa bir yerdə gizlətmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat tədbirləri nəticəsində Eldar Həsənov saxlanılmış, cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada keçirilən baxış zamanı 25 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür.

İrandan Azərbaycana qaçaq yolla narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları  Əkbərov Tofiq Ağabala oğlu və Bağırov Zaur Abasəli oğlu Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində saxlanılmışlar. Baxış zamanı təxminən 8 kiloqram 500 qram həşiş və 2 kiloqram 440 qramdan artıq tiryək aşkar edilərək götürülmüşdür.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.4-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işləri başlanılmış, Eldar Həsənov, Tofiq Əkbərov və Zaur Bağırov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta baytarlıq preparatlarının hazırlanmasının və satışa çıxarılmasının qarşısı Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində alınmışdır.

Məlum olmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Muxtar Rafiq oğlu Bakı şəhəri, Binəqədi rayonun Biləcəri qəsəbəsində icarəyə götürdüyü şəxsi həyət evində satış məqsədilə qaçaq yolla xaricdən gətirdiyi baytarlıq preparatlarını respublikanın müxtəlif xəstəxanalarından topladığı, istifadə olunmuş dərman şüşələrinə kustar üsulla qablaşdıraraq, üzərində xarici əmtəə nişanları və rekvizitlər əks olunmuş, Bakı şəhərində çap edilmiş etiketlər yapışdırmaqla baytarlıq preparatnları hazırlamışdır. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən həmin ünvana Kənd Tənsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin nümayəndəsinin və hal şanhidlərınin iştirakı ilə baxış keçirilmişdir. Orada külli miqdarda müxtəlif əmtəə nişanlı satışa hazır saxta, eləcə də dövlət qeydiyyatından keçməyən xarici ölkə istehsalı olan baytarlıq preparatları, onların hazırlanması və qablaşdırılması üçün zəruri avadanlıq, etiketlər, boş şüşə qablar aşkarlanmışdır. Müəyyən edilmişdir ki, xarici ölkə istehsalı olan baytarlıq preparatlarının etıketi Muxtar Abdullayev tərəfindən dəyişdirilərək Azərbaycan istehsalı olan məhsul kimi satışa çıxarılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun ekspert rəyində həmin preparatların yararlı hesab edilmədiyi və məhv olunmasının zəruriliyi göstərilmişdir. İş üçün əhəmiyyət kəsb edən avadanlıq və digər əşyalar müvafiq qaydada sənədləşdirilmiş, fakt üzrə toplanılmış materiallar istintaq aidiyyəti üzrə göndərilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında