Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ölkəmizin xaricdə geniş tanıdılması ilə bağlı daha bir layihəsini reallaşdırmışdır. Bu dəfə agentlik Danimarkada Azərbaycan təşkilatları ilə birgə bir sıra tədbirlər həyata keçirmiş və geniş işıqlandırmışdır. İndiyədək AzərTAc belə layihələri İsveçdə və Finlandiyada da həyata keçirmişdir.
Layihənin məqsədi
Danimarka Azərbaycanın xarici əlaqələrində özünəməxsus yer tutan Avropa ölkələrindəndir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Azərbaycanın bu ölkədə diplomatik nümayəndəliyi hələ ki, təsis edilməmişdir. Buna baxmayaraq, iki ölkə arasında ictimai cəmiyyətlər və parlament nümayəndələri vasitəsilə mədəni sahədə münasibətlər inkişaf etməkdədir. Azərbaycanın bu Şimali Avropa dövlətində daimi təmsilçiliyinin olmaması orada yaşayan azərbaycanlıları daha da fəal olmağa sövq edir.
AzərTAc respublikamızla bağlı reallıqların uzaq Avropa ölkələrində tanıdılması üçün həmin dövlətlərdə fəaliyyət göstərən Azərbaycan təşkilatları ilə birlikdə bir neçə layihə həyata keçirmişdir. Məqsəd də Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin mədəniyyəti, tarixi haqqında çap məhsullarını bu ölkələrdə yaymaq, keçirilən tədbirlər vasitəsilə ictimaiyyətin diqqətini Azərbaycana cəlb etməkdir.
AzərTAc Kopenhagendə Danimarka – Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə bir sıra tədbirlər həyata keçirmişdir. Azərbaycan həqiqətləri haqqında Heydər Əliyev Fondunun, AzərTAc-ın, Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi kitablar və albomlar, həmçinin agentlik tərəfindən hazırlanan “Gəzdim Azərbaycanı” video layihəsinin diskləri cəmiyyətə təqdim olunmuşdur.
Cəmiyyətin sədri Kəmalə Hüseynova Kopenhagendə Azərbaycan musiqisini tanıtmaq üçün azərbaycanlı və danimarkalı uşaqlara milli mahnılarımızı və rəqslərimizi öyrədir. Bu işə dəstək verən AzərTAc cəmiyyətə milli geyimlər hədiyyə etmişdir.
Kopenhagen şəhərində yaşayan azərbaycanlılarla cəmiyyətin dəstəyi ilə görüş keçirilmişdir. Hər səfərdə xaricdə yaşayan azərbaycanlılarla görüş artıq ənənə halı almışdır. Belə görüşlərdə həm Azərbaycan həqiqətlərini tanıtmağın yolları, həm də həmvətənlərimizin bununla bağlı hansı problemlərlə üzləşməsi ətrafında fikir mübadiləsi aparılır.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi qurumun Azərbaycan həqiqətlərinin danimarkalılara çatdırılması istiqamətində mühüm işlər gördüyünü söyləmişdir. O, bu ölkədə danimarkalılarla yanaşı, müxtəlif xalqların nümayəndələrinin Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 20 Yanvar faciəsi və Xocalı soyqırımı barədə ətraflı məlumatlandırılmaları üçün müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir. “Həmin tədbirlərin iştirakçılarına Azərbaycanın tarixi həqiqətlərindən bəhs edən kitab və broşürlər verilir. Bu işdə azərbaycanlılarla yanaşı, Danimarkada yaşayan türkdilli xalqların nümayəndələri də yaxından iştirak edirlər”, – deyə o bildirmişdir.
S.Sadiqi demişdir ki, vacib məqamlardan biri də Danimarka parlamentinin üzvləri, türk mənşəli deputatlarla sıx əlaqələrin yaradılmasıdır. Yaxın vaxtlarda Danimarkada fəaliyyət göstərən türkdilli cəmiyyətlərin konfransının keçirilməsinin planlaşdırıldığını deyən S.Sadiqi əlavə etmişdir ki, Skandinaviyada Azərbaycan Gəncləri təşkilatının yaradılması istiqamətində də bəzi işlər görülür.
Danimarkada “Ana dili”
Kopenhagendə artıq bir ildir ki, “Azərbaycan evi” fəaliyyət göstərir. Danimarkada yaşayan azərbaycanlıların adət-ənənələrinin yaşadılması baxımından böyük əhəmiyyət daşıyan bu ev Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə fəaliyyətə başlamışdır. Burada “Ana dili” məktəbi də vardır. Məktəbin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə Azərbaycan dilini, tarixini, coğrafiyasını, mədəniyyətini və s. tədris etməkdir.
“Ana dili” məktəbinin müəllimi Fərqanə İsmayılova Danimarkada belə bir məktəbin fəaliyyət göstərməsinin vacib olduğunu qeyd etmişdir. O bildirmişdir ki, bu məktəbdə oxuyan azərbaycanlı uşaqlar xalqımızın ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənirlər. F.İsmayılova demişdir: “Danimarkada doğulub böyüyən azərbaycanlı uşaqların ana dillərində danışmaları üçün ”Ana dili" məktəbinə böyük ehtiyac var idi. Bu məktəbin şagirdləri danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı cavablandıra biləcəklər. Azərbaycanlı valideynlər uşaqlarını bu məktəbə böyük həvəslə gətirirlər".
Məktəbdə Azərbaycan təhsil sistemində tədris olunan dərs vəsaitlərindən istifadə edilir. Təhsil Nazirliyi məktəbə bir neçə kitab hədiyyə etmişdir. Fərqanə İsmayılova demişdir ki, dərsliklərin sayı çox olarsa, onları bütün uşaqlara paylamaq olar. Hazırda isə hər dərslikdən bir nüsxə olduğu üçün uşaqlar kitabların surətindən istifadə edirlər. O, məktəbə yeni kitabların veriləcəyinə əmin olduğunu bildirmişdir.
Məktəbdə təhsil alan uşaqlar həm də Azərbaycan nağıllarından və milli rəqslərimizdən ibarət kompozisiyalar hazırlayırlar. Azərbaycanlı uşaqların ifasında bu rəqs və nağıllar Kopenhagendə təşkil edilən müxtəlif tədbirlərdə müntəzəm şəkildə təqdim olunur.
Danimarkada yaşayan soydaşımız Aybəniz Murtuzova da bu ölkədə doğulub böyüyən azərbaycanlı uşaqların doğma dilimizi, xalqımızın tarixini, mədəniyyətini, milli musiqimizi və rəqslərimizi yaxşı bilmələri üçün “Ana dili” məktəbinin böyük rolu olduğunu söyləmişdir.
Bələdiyyə təmsilçisi: “Qondarma “erməni soyqırımı”nın Danimarka parlamentində tanınması gündəmdə deyil”
Finlandiyadan fərqli olaraq, Danimarkada müxtəlif xalqların ana dilləri tədris proqramına salınmır. Lakin bu istiqamətdə dönüş olacağı gözlənilir. Kopenhagen Şəhər Bələdiyyəsinin siyasi məsələlər üzrə katibi Yıldız Akdoğan bizimlə görüşdə dedi ki, ölkə parlamentinin deputatları artıq uşağın öz ana dilini bilmədən Danimarka dilini də yaxşı öyrənə bilməyəcəyini anlayırlar. İki dəfə parlamentin deputatı olmuş Yıldız Akdoğan hakim Sosial-Demokrat Partiyasının üzvüdür. Onun sözlərinə görə, əvvəl hakimiyyətdə olan liberal-demokratlar hesab edirdilər ki, uşaqlar ilk növbədə Danimarka dilini öyrənməlidirlər. Elə bu səbəbdən də ölkə məktəblərində ana dili fənn kimi tədris proqramına salınmamışdır.
“Danimarkada yaşayan azərbaycanlılar çox fəaldırlar və onların bu cəmiyyətə inteqrasiyasında heç bir problem yoxdur”, - deyən Yıldız Akdoğan bildirmişdir ki, azərbaycanlıların Danimarkada sayının az olmasına baxmayaraq, onlar yaxşı təşkilatlanmış şəkildə fəaliyyət göstərirlər.
Yıldız Akdoğanla Danimarka parlamentində qondarma “erməni soyqırımı”nın tanınıb-tanınmayacağı ilə bağlı da söhbət etdik. Məlumdur ki, artıq İsveç parlamentində qondarma “erməni soyqırımı” tanınmışdır. Ermənilərin Şimali Avropa ölkələrində fəallaşması Danimarkada da bu məsələnin qaldırıla biləcəyi ehtimalını yaradır. Hakim partiyanın üzvü kimi Y.Akdoğan qondarma “erməni soyqırımı”nın Danimarka parlamentində tanınmasının gündəmdə olmadığını demişdir. O bildirmişdir ki, mətbuatda bu məsələ haqqında məlumat yayılsa da, qanunverici orqanda onun müzakirəsi nəzərdə tutulmur.
Y.Akdoğan demişdir ki, Azərbaycan icması öz ölkəsinin həqiqətlərini parlament nümayəndələrinə çatdırmaqla onları daha geniş məlumatlandıra bilər. Biz də bu fikirdəyik ki, Azərbaycan təşkilatları tez-tez parlament nümayəndələri ilə görüşlər keçirməli, yerli mətbuatda məqalələrlə çıxış etməlidirlər. Bu, erməni təbliğatının qarşısını almaq üçün vacib məqamdır.
Danimarkada Azərbaycan musiqisi
Kopenhagendə olduğumuz müddətdə danimarkalıların Azərbaycana marağının şahidi olduq. Bizimlə söhbətində Danimarkanın Enerji Agentliyinin iqtisadçısı Kristina Bak Azərbaycanın mədəniyyəti, təbiəti və musiqisi ilə yaxından maraqlandığını demişdir. Danimarkada azərbaycanlıların keçirdikləri tədbirlərdə fəal iştirak etdiyini bildirən K.Bak Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən də xəbərdar olduğunu söyləmişdir. Biz də danimarkalı xanımın Azərbaycan haqqında bilgilərini daha da artırmaq üçün ona kitablar və ölkəmizin regionları haqqında agentliyimiz tərəfindən hazırlanmış videoçarxlar təqdim etdik.
Azərbaycan musiqisi, həqiqətən, ürəkləri fəth edir. Kopenhagendə görüşdüyümüz danimarkalı müğənni Qudrin Holk mahnılarımızın vurğunudur. Azərbaycan haqqında isə müğənni ilk dəfə Elbrus dağının zirvəsində eşitdiyini bildirdi. O dedi: “Bir dəfə Elbrus dağının zirvəsinə qalxmışdım və mənə bələdçilik edən şəxs dağın zirvəsində uzaqdan görünən ölkələrdən birinin Azərbaycan olduğunu dedi. Elə həmin gün mən Azərbaycan haqqında eşitdim və Azərbaycan mənim üçün Elbrus dağının zirvəsindən başladı”.
Sonralar isə Qudrin Holk Azərbaycan musiqisi ilə Kəmalə Hüseynova vasitəsilə tanış olmuşdur. Tanınmış pianoçu Kəmalə Hüseynova ona bir neçə Azərbaycan mahnısı öyrətmişdir və tədricən Qudrin Holk musiqimizin bütün janrları ilə tanış olmuşdur. Q.Holk Azərbaycan musiqilərində Danimarka musiqisindən tam fərqli notların olduğunu, mahnılarımızdakı dərin, incə ahənglərin Avropa musiqisində olmadığını bildirmişdir.
Digər danimarkalı musiqiçi Anne Mariya Vanq Azərbaycan ilə ilk tanışlığının onun musiqisindən başladığını bildirmişdir. Biz məmnuniyyətlə bu iki danimarkalı musiqiçinin ifasında “Girdim yarın bağçasına”, “Sarı gəlin”, “Yalqızam” mahnılarını dinlədik.
Danimarkada yaşayan həmvətənlərimiz bu ölkədə Azərbaycan musiqisini böyük həvəslə təbliğ edir və yayırlar. Burada doğulan azərbaycanlı uşaqlar da milli musiqimizlə böyüyürlər. Eyni zamanda, Danimarkada Xocalı soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında məlumatlar da bu ölkənin ictimaiyyəti arasında yayılır. AzərTAc-ın belə tədbirlərdə iştirak etməsi də dövlətin bu istiqamətdə son illər apardığı uğurlu təbliğat işinə bir töhfə verməkdir. Bu sahədə əldə edilən uğurlar isə təbii ki, Azərbaycan dövlətinin maddi və mənəvi dəstəyi sayəsindədir.
AzərTAc bu layihələri həyata keçirməklə həm ölkəmizin xaricdə tanıdılması işinə töhfə verir, eyni zamanda, öz resursları ilə bu haqda müxtəlif dillərdə informasiya yayımını təmin edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də Azərbaycanın dünyada geniş təbliğidir ki, agentlik də bu işdə fəal çalışır və bundan sonra da belə layihələrini davam etdirəcəkdir.
Aygün HƏSƏNOVA,
Elşən ŞAHBALAYEV
AzərTAc-ın müxbirləri
Bakı-Kopenhagen-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.