Ərdəbildə yaşayan görkəmli Azərbaycan şairi Asim Ərdəbilinin yaradıcılığına bir baxış
Bu günlərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət Mərkəzinin dəvəti ilə Asim Ərdəbilinin yaradıcılığına həsr edilmiş tədbirdə iştirak etmək üçün “Məcməüş-şüəra” ədəbi məclisinin sədri, tarix elmləri doktoru professor Şahin Fazil ilə birlikdə şairin vətəninə səfər etmişdik.
Bəri başdan xüsusi minnətdarlıq hissi ilə deyim ki, səfərin son dərəcə uğurlu keçməsində Mədəniyyət Mərkəzinin yeni təyin edilmiş sədri doktor İbrahim İbrahiminin çox böyük rolu oldu. O özü də bu səfərdə iştirak etdi, dost ölkənin bir çox vilayətlərindən və şəhərlərindən gəlib tədbirdə iştirak edən qələm ustaları, mədəniyyət xadimləri – şair və yazıçılarla bizi tanış etdi, yeni dostlar qazanmağımıza səbəbkar oldu. Doktor İbrahimi Asim Ərdəbilinin poetik yaradıcılığına dərindən bələd olan bir ədəbiyyatşünas mövqeyi nümayiş etdirdi və onun şeirlərində bədii təcəssümünü tapan bir çox mətləblərin üzərinə işıq saldı...
Asim Ərdəbili İranda islam inqilabının qələbəsindən sonra ilhamı yeni vüsət tapan, bütün varlığı ilə bu inqilabın məqsəd və vəzifələrinin həyata keçirilməsi, möhkəm və davamlı olması, köhnəliyin, ətalətin aradan qaldırılması, maneələrin dəf edilməsi yolunda qələm çalan, əsasən, Azərbaycan dilində yazıb-yaradan şairlərdəndir. Onun yaradıcılığı, bütövlükdə, Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələri üzərində köklənməklə bərabər, bu ənənələri uğurla davam və inkişaf etdirməsi ilə seçilir. Əsərlərində Şərq şeirinə xas olan bədii təsvir və ifadə vasitələrindən, eləcə də, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri yadigarlarından gen-bol istifadə edir. Asimin şeirlərini oxuduqca gözlərimiz önündə dahi Füzulilər, Sabirlər, Şəhriyarlar canlanır. O da öz böyük sələfləri kimi xalqın, Vətənin uğurlarına sevinir, yüksək poetik ilhamla tərənnüm edir. Şair, eyni zamanda, xalqın ictimai bəlalarını, ayrı-ayrı məqamlarda baş verən sosial ədalətsizlikləri də görür, onları yeri düşdükcə satirik qələmlə ifşa etməkdən çəkinmir:
Mən himmət dağlarında
seyr edən qeyrətli qartaləm,
Ki, uçmaq övcdə mümkün
deyil divar olan yerdə.
Onun arzusunun pak, məqsədinin saf olduğu təkcə bu misrasından görünür:
Bülbülə nəğmə qoşan çoxdu,
qəfəsdən danışaq!
Şair özü öz çağırışına hamıdan əvvəl səs verir, irəliyə, tərəqqiyə doğru aparan yolda istibdad dövründən qalma gizli və aşkar maneələrin dağıdılmasına səsləyir, bu yolun təmiz və hamar olmasına çalışır:
Çirkinliyin üstün elə bir nəqşlə örtdük
Mani də dalar heyrətə nəqqaşlığımızdan.
Vətənin, xalqın təəssübünü qeyrətlə çəkən şair bu yolda qarşıya çıxa bilən bütün çətinliklərə baxmayaraq, amalından dönməyəcəyini, son nəfəsinədək öz şərəfli vəzifəsini həyata keçirəcəyini, xalqın, vətənin xidmətində olacağını bəyan edir:
Satılmaram yar əlilə satılmasam, Asim,
Ölüncə öz elimin xidmətindəyəm, gözəlim!
Bu son misra ustad Şəhriyarın:
Elimin farsıca da dərdini söylər diliyəm mən,
Əbədiyyət gülüyəm mən!
misraları ilə necə də həmahəng səslənir! Xatirəsi bütün azərbaycanlıların qəlbində həmişəyaşar abidəyə çevrilmiş, “Heydərbabaya salam”ı ilə bütün türk dünyasını “əleyküməssəlam” – deyə ayağa qaldırmış ustad Şəhriyarı Asim Ərdəbilinin müəllimi hesab etməyə hər cür əsasımız vardır. Onun bir çox şeirləri böyük müəlliminin layiqli davamçısı olmaq şərəfinə ləyaqətini təsdiq edir.
Asimin öz yolu olan bir şair kimi püxtələşməsinə böyük Sabirin yaradıcılığı da təsirsiz ötüşməyib. Onun:
Bəsdir, arvad, çox uzatma, qoy yatan yatsın, oyatma!
misrası, Sabirin:
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın!
hayqırtısının davamı deyilmi?!
Yaxud, Asim Ərdəbili:
Mən ölüm, vaxtı itirmiş beçə tək banlama arvad, gecə keçmiş yarıdan!
– deyəndə, Sabirin bu misraları yada
düşmürmü:
Oylə bilirdim ki, dəxi sübh olub
Mürği-səhər tək bir ağız banladım.
Həqiqi söz və sənət adamları, mədəniyyət və ədəbiyyat xadimləri öz vətəninin, xalqının qazandığı uğurlarda böyük rol oynayır, xalq diplomatiyasının etibarlı nümayəndəsi olurlar. Asim Ərdəbili də ümid və inam dolu arzuları, fikirləri ilə bəşəri ideyalar carçısı, əmin-amanlıq, dostluq, qardaşlıq şairi olduğunu nümayiş etdirir:
Ürəklər güzgüsün
kinü kədər kaslandıra bilməz,
Məhəbbət sağərin
el qaldıranda, tar olan yerdə.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında mövcud əlaqələr də bu beytin doğruluğuna ən bariz dəlildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına son səfəri bir daha göstərdi ki, bu iki qonşu dövlət arasında münasibətlər bir çox sahələrdə əsrlərdən gələn ənənələr əsasında davam və inkişaf etdirilir. Bu ənənələrin əsasını isə ən əvvəl mənəvi, mədəni əlaqələr təşkil edir. Asim Ərdəbili də öz qəlbini, ilhamını, poetik yaradıcılığını bu yollarda məşələ çevirən vətənin şairi, xalqın şairi, dünyanın şairidir.
Hacı RAFİQ,
“Vahid” poeziya məclisinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.