“Bakı 2015” ilk Avropa Oyunları davamlı iqtisadi, sosial və siyasi inkişaf yolu ilə irəliləyən Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük və çoxsaylı idman yarışları tədbiri olacaqdır.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Türkiyənin Antalya şəhərində keçirilən SportAccord Konvensiyasının növbəti iclasındakı çıxışında demişdir.
Azərbaycanın milli tarixində yeni səhifə yazacaq bu müstəsna rolu və Avropa idmanının bu gün beynəlxalq idman sahəsinin aparıcı nümayəndələrinə verdiyi töhfə haqda danışan nazir, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş direktoru Azad Rəhimov nümayəndə heyətlərinə məlumat vermişdir ki, birinci dəfə keçiriləcək Avropa Oyunları Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcəkdir.
Nazir A.Rəhimov Azərbaycanın ev sahibliyi edəcəyi oyunlara hazırlıq barədə ətraflı məlumat vermiş və söyləmişdir ki, bu oyunlara hazırlıq prosesində əsas diqqət və sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilmişdir.
“Avropa Olimpiya komitələrində qitə oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar etmişlər”, deyən nazir vurğulamışdır ki, AOK-un etibarı və bizim ambisiyamız digər Avropa şəhərlərində də keçiriləcək gələcək oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanın müasir Avropa ölkəsi olduğunu göstərmək imkanını artırmaq niyyətindəyik.
Nazir A.Rəhimov, həmçinin Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin ölkəmizdə idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edərək bildirmişdir ki: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq nöqteyi-nəzərdən bizim üçün əhəmiyyətli məsələdir.
“Bakı 2015” oyunları yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaqdır, - deyə nazir əlavə etmişdir.
A.Rəhimov çıxışına davam edərək demişdir: “İnanırıq ki, Azərbaycan hökumətinin dəstəklədiyi tədbir yerlərinin inşası gənclərin idmana olan həvəsini artıracaq və xalqın daha fəal həyat tərzinə rəvac verəcək, və onun sağlam olmasına kömək edəcəkdir. Oyunlar üçün inşa edilən yeni idman məkanları və obyektləri Azərbaycan gənclərinə nəsildən-nəslə keçəcək bir töhfədir”.
Açılış-bağlanış mərasimlərinin keçirilməsi və idman tədbirlərində 65 min tamaşaçı və idman azarkeşi üçün nəzərdə tutulmuş Olimpiya stadionunun tikintisinin başa çatmaq üzrə olduğunu vurğulayan nazir demişdir: “İnşası yenicə başa çatdırılmış Milli Gimnastika Arenası növbəti il keçiriləcək oyunlar üzrə sınaq tədbiri kimi bu ilin may ayında Avropa Ritmik Gimnastika çempionatının iştirakçılarını qəbul edəcəkdir. Bakı Akvatika Mərkəzində üzgüçülük, sinxron üzgüçülük və dayvinq yarışları keçiriləcəkdir”.
Müşahidəçilər artıq Azərbaycanın “Bakı 2015" Avropa Oyunlarını əsas diqqətini idmançılara yönəldən bir məkan olduğunu qəbul etmişlər. Bu aydın şəkildə beynəlxalq miqyaslı, 9000 idmançı və rəsmi şəxsə ev sahibliyi edəcək və mümkün olduğu qədər ən yaxşı yaşayış üçün yer və hazırlıq obyektləri ilə təmin etmək məqsədi güdən Atletlər kəndində özünü büruzə verir, deyən nazir Rəhimov xidmət sahələri ilə bağlı görülən işlərdən danışarkən bildirmişdir: “Hökumət, həmçinin oyunlar vaxtı istifadəsi mümkün olacaq çoxlu sayda irimiqyaslı daşınma layihələrinə, habelə metro və avtobus şəbəkələrinin yenilənməsinə böyük sərmayə yatırır. İnvestisiya layihələri iki yeni yüksək texnoloji dəmiryolu xəttini - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars xəttini və Bakıdakı yeni beynəlxalq hava limanı terminalı olan Bakı-Çin xəttini özünə daxil edir və 2015-ci ilə dünyanın 50 şəhəri və 22 ölkəsi boyu 60 hava limanına uçuşları nəzərdə tutan uçuş qrafiklərini artırmağı nəzərdə tutur”.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.