Şriftin ölçüsü:
19.08.2010 04:35 | Oxunma sayı: 498
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2010-2011-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar məruzə etmişlər.
Rayon icra hakimiyyətlərinin başçıları, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan filialının direktoru, 705 saylı hərbi hissənin komandiri, eləcə də daxili işlər, təhsil, iqtisadi inkişaf nazirləri çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2010-2011-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı bir sıra işlərin görüldüyünü, lakin bunların kifayətləndirici olmadığını bildirmiş, aidiyyəti orqanlara konkret tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, payız-qış mövsümündə əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədi ilə mövcud elektrik xətlərində dayaqlararası məsafələrin standartlara uyğunluğuna nəzarət gücləndirilməli, istismar müddəti başa çatmış elektrik dirəklərinin və xətlərinin cari ilin noyabrınadək yeniləri ilə əvəz olunması təmin edilməlidir. İşçilərin payız-qış mövsümündə isti geyim və təhlükəsizlik avadanlığı ilə təminatına ciddi fikir verilməli, yaşayış məntəqələrində yerləşən transformator və yarımstansiyaların ətrafında təhlükəsizlik sədləri çəkilməlidir. Sayğacdankənar elektrik enerjisindən istifadə hallarının qarşısının alınması məqsədi ilə görülən işlər davam etdirilməli, tələb olunan mal-materialların və avadanlığın muxtar respublikaya vaxtında alınıb gətirilməsi və ehtiyatının yaradılması diqqətdə saxlanılmalıdır.
Müşavirədə təbii qazla təminat sahəsində də vəzifələr müəyyən edilmişdir. Payız-qış mövsümündə fasiləsiz qaz nəqlini təmin etmək üçün qaz təsərrüfatında mütəmadi olaraq qazpaylayıcı stansiyalara, qoruyucu klapanlara, kran və siyirtmələrə texniki baxış keçirilməli, çatışmazlıqların dərhal aradan qaldırılması üçün yaradılmış mal və material ehtiyatının səmərəli istifadəsi və sərf olunan hissəsinin yerinə yenilərinin alınıb gətirilməsi təmin olunmalıdır. Təbii qazdan istifadə zamanı israfçılığın qarşısı alınmalı, yanğın təhlükəsizliyi ilə əlaqədar işlər gücləndirilməlidir.
Neft məhsulları və maye qazla təminat sahəsində aidiyyəti təşkilatlara da konkret tapşırıqlar verilmişdir. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi qış mövsümündə yarana biləcək çatışmazlıqların qısa müddətdə aradan qaldırılması məqsədi ilə maye qaz və neft məhsullarının ehtiyatının yaradılması işlərini davam etdirməli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın miqdarını qısa müddətdə müəyyənləşdirməli, Maliyyə Nazirliyi təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinə veriləcək yanacaq üçün lazımi vəsaitin köçürülməsini, Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi və yerli icra hakimiyyətləri tələbat olan ərazilərdə əhaliyə neft məhsulları və maye qazın satışını təmin etməli, aidiyyəti təşkilatlar verilmiş yanacağın təyinatı üzrə istifadəsinə diqqəti artırmalıdırlar.
Müşavirədə payız-qış mövsümündə təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fasiləsiz fəaliyyət göstərmələri ilə bağlı konkret vəzifələr müəyyənləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, verilmiş tapşırıqların icrası üçün müvafiq tədbirlər görsün, payız-qış mövsümü ilə bağlı zəruri yanacaq və avadanlığın alınmasını təmin etsin və verilmiş tapşırıqların icrası barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.