Qəbələ RLS ləğv olunur

 

Stansiya Silahlı Qüvvələrin balansından çıxarılmışdır

Fəaliyyəti 2012-ci ilin dekabrında dayandırılmış və 2013-cü ilin ortalarında Rusiyadan təhvil alınmış Qəbələ radiolokasiya stansiyası (Daryal RLS) Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarılmışdır.

Bu barədə APA-nın Müdafiə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilir.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixdən qüvvədən düşməsi ilə əlaqədar Rusiyanın stansiyanın istismarının dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim etdiyi 10 dekabr 2012-ci il tarixdən stansiyanın fəaliyyəti tam dayandırılmışdır.

RLS-in əmlakı və ərazisi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunmuşdur.

“Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə RLS-nin bağlanması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə komissiyanın tərkibi müəyyən edilmiş və aidiyyəti dövlət orqanları bu komissiyanın işindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələləri həll etmişlər. Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırmışdır. Keçmiş Qəbələ RLS-in əmlakının və ərazisinin gələcəkdə istifadəsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunmuşdur”, – deyə məlumatda qeyd olunur.

APA-nın hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, Qəbələ RLS Müdafiə Nazirliyinin balansından çıxarıldıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansına verilmişdir. Hazırda stansiyanın ərazisinin və qalan əmlakının mühafizəsi mühafizə polisi tərəfindən həyata keçirilir.

Stansiyanın ərazisində minatəmizləmə əməliyyatları, radioloji və ekoloji monitorinqlər tamamlandıqdan sonra ərazinin gələcək taleyi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Qəbələ RLS Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olmuşdur.

“Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş” 2002-ci ildə imzalanmışdı. 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda  6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi. 2002-ci ildə imzalanmış sazişə müvafiq olaraq Rusiya RLS-in icarəsinə görə Azərbaycana ildə 7 milyon dollar ödəmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında