Mediaya dövlət dəstəyi zamanın tələbindən irəli gəlmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətə başlamasından 5 il keçir. Fondun icraçı direktoru Vüqar Səfərlinin ötən müddətdə bu qurumun həyata keçirdiyi uğurlu layihələr, KİV-ə dövlət dəstəyinin gerçəkləşdirilməsi ilə bağlı gördüyü işlər bərədə açıqlamasında bildirmişdir:

Əvvəla, deyim ki, KİVDF-nin yaradılması, həqiqətən, tarixi zərurət idi. Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikamızda söz, fikir, məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Həmin dövrdə KİV üzərində senzuranın olması, redaksiyaların maddi-texniki bazasının zəifliyi, jurnalist peşəkarlığının yüksək səviyyədə olmaması söz və fikir azadlığının inkişafına öz mənfi təsirini göstərirdi. Bu vəziyyətin aradan qaldırılması üçün ulu öndər Heydər Əliyev bir sıra ciddi qərarlar qəbul etdi. 1998-ci ildə onun fərmanı ilə senzura ləğv olundu, 1999-cu ildə “KİV haqqında” qanun qəbul edildi. 2000-ci ildə mətbuata nəzarət funksiyasını həyata keçirən Mətbuat və İnformassiya Nazirliyi ləğv edildi, “İnformassiya əldə etmək haqqında” Qanun qəbul edildi. 2005-ci ildə KİV-lərin qeydiyyatı qaydaları sadələşdirildi, onların sayı sürətlə artmağa başladı.

 Sözsüz ki, KİV-lərin sayı artdıqca, onların tirajları aşağı düşməyə başladı və nəticədə onlar maliyyə böhranı ilə üzləşdilər. Məhz bu böhrandan çıxış yolları axtarmaq üçün Mətbuat Şurasında peşəkar jurnalistlərdən və mütəxəssislərdən ibarət işçi qrupu yaradıldı. Bu qrup KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını hazırladı. Konsepsiyaya Prezident Administrasiyasında baxıldı və Prezident İlham Əliyevin 2008-ci il 31 iyul  tarixli sərəncamı ilə təsdiqləndi. Konsepsiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədi ilə 3 aprel 2009-cu ildə dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı.

 Fondun əsas məqsəd və vəzifələri söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı genişləndirmək, jurnalistlərin peşəkarlığı və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqramları, layihələri və digər tədbirləri maliyyələşdirməkdir.

Maliyyə dəstəyi Fondun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş qaydalar və əsasnaməyə uyğun həyata keçirilir. Maliyyə yardımları əsasən müsabiqə üsulu ilə reallaşdırılır. Konsepsiyada nəzərdə tutulan istiqamətlər layihə kimi həyata keçirilməsi üçün redaksiyalara təklif olunur. Onlar isə fondla bağlanmış müqavilənin şərtləri əsasında layihələri həyata keçirirlər. Bunun müqabilində qəzetlərin dövriyyəsi, tirajı və yayımı nəzərə alınmaqla maliyyə dəstəyi göstərilir.  Beş il ərzində yüzlərlə gündəlik və həftəlik çap olunan qəzetlər maliyyə dəstəyi almışlar. Onu da qeyd edim ki, dəstək prosesi daim möhtərəm dövlət başçısının diqqət mərkəzində olmuş və hər il artan templə getmişdir.

Vüqar Səfərli daha sonra demişdir:

— 2010-cu ildə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə möhtərəm Prezidentimiz İlham Əliyev jurnalistlər üçün yaşayış binasının tikintisi barədə sərəncam imzalamışdır.

 2013-cü ildə ölkə rəhbərinin  iştirakı ilə həmin binanın açılışı keçirildi və jurnalistlərin istifadəsinə verildi. Beləliklə, 156 jurnalist ailəsi öz arzularına çatdı. Elə bu binanın açılış mərasimində cənab Prezident jurnalistlər üçün ikinci binanın tikintisi barədə sərəncam imzaladı. Hazırda həmin binanın tikintisi üçün hazırlıq işləri gedir.

Bundan əlavə, jurnalistlərin sosial vəziyyətinin və peşəkarlığının artırılması məqsədi ilə fərdi yazı müsabiqələri də keçirilmişdir. Bu müsabiqələrdən 5 il ərzində 1000-dən çox jurnalist faydalanmış, onlara ümumilikdə 500 min manatdan artıq mükafat verilmişdir.

 Ötən illər ərzində fond mərkəzi və yerli icra orqanları ilə geniş konfranslar və “dəyirmi masa”lar keçirmiş, media və məmur münasibətlərinin genişlənməsində müsbət rol oynamışdır. Mərkəzi və yerli icra orqanları ilə birgə yazı müsabiqələri də keçirilmiş, qalib jurnalistlər  mükafatlandırılmışdır.

  Media sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində işlərdən danışan fondun icraçı direktoru bildirmişdir ki, bunun üçün Müşahidə Şurasının üzvlərindən və fondun rəhbərliyindən ibarət nümayəndə heyəti inkişaf etmiş dövlətlərdə analoji fondlarda olmuş və onların iş təcrübəsi ilə yaxından tanış olmuşdur. Bundan əlavə, bir qrup qəzet rəhbərlərinin Türkiyə Cümhuriyyətinə, Şimali Kipr Türk Cümhuriyyətinə səfərləri təşkil edilmişdir. Türkdilli ölkələrin media formunun Azərbaycanda keçirilməsini Mətbuat Şurası ilə KİVDF birgə təşkil etmişdir. Bundan başqa, fond bir sıra beynəlxalq tədbirlərin təşkilində də fəal iştirak etmişdir.

Sonda Vüqar Səfərli KİVDF-nin gələcək fəaliyyətindən söz açaraq söyləmişdir ki, internet media müasir həyatımızın ən mühüm istiqamətlərindən birinə çevrilməkdədir. Azərbaycanda İKT sektoru sürətlə inkişaf etməkdədir və onun inkişafına dövlət hər cür  dəstək verir. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü il “İKT ili” elan edilmişdir. İnternet medianın da fəaliyyətinə gələcəkdə fond tərəfindən dəstək verilməsi gerçəkləşə bilər.

Hazırladı: R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında