Qafqaz Müsəlmanları İdarəsi respublikamızın şimal bölgəsində müşavirələr keçirmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə aprelin 3-də respublikamızın şimal bölgəsində olmuşdur.

QMİ-nin sədrinin bölgəyə səfəri Quba rayonundan başlanmışdır. Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə  ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmişdir. Ardınca din xadimləri Quba Soyqırımı Memorial Kompleksində və ərazidəki kütləvi məzarlıqda olmuş, soyqırımı qurbanlarının xatirəsini anmış, dualar oxumuşlar.

Şeyxülislam Allahşükür Paşazadə Qubadakı Hacı Cəfər məscidini ziyarət etmiş, namaz qılmış, dualar oxumuşdur. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılmış və müxtəlif dini ədəbiyyatlar təqdim olunmuşdur.

Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq hüquqi normalara uyğun olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində bir sıra işlər həyata keçirilir. Görülən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyəti vurğulanmışdır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə Azərbaycanda mövcud dini durum barədə danışmışdır. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırmışdır. Vətəndaşlarımızın Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından razılıqları xüsusi vurğulanmışdır.

QMİ-nin sədri bildirmişdir ki, Azərbaycandakı sabitlik bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar qarışıqlıq yaratmaq üçün din amilindən istifadə edirlər. Lakin belə qüvvələr bilməlidirlər ki, Azərbaycanda heç vaxt məqsədlərinə çata bilməyəcəklər.

Görüşdə akademik Vasim Məmmədəliyev dindarların maarifləndirilməsinin vacibliyindən söz açmış, bu cür tədbirlərin əhəmiyyətindən danışmışdır. 

Sonra jurnalistlərə müsahibə verən şeyxülislam Allahşükür Paşazadə bildirmişdir ki, dindarların maarifləndirilməsi üçün tədbirlər bundan sonra daha da geniş vüsət alacaqdır. Bu səbəbdən dini icma üzvləri üçün xüsusi kursların təşkili nəzərdə tutulmuşdur. Bundan əlavə, sağlam dini ədəbiyyatın artırılması və icmalara təqdim olunması işi sürətləndiriləcəkdir.

Respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Qusar və Xaçmaz rayonlarında da olmuş, şəhər məscidlərində yerli dindarlarla görüşmüş, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını vermişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında