Kəlbəcərin işğalının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir

 

 

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində Kəlbəcərlə bağlı hazırlanmış stendlərə və Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxmışlar.

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov “Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz” adlı məlumat kitabını təqdim etmişdir. Kitabda Kəlbəcərin tarixi abidələri, maddi-mədəniyyət nümunələri, inzibati əraziləri, Ermənistanın hərbi təcavüzünün nəticələri və digər məlumatlar yer almışdır.

A.Məmmədov bildirmişdir ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, onlar min illər boyu yaşadıqları ata-baba torpağından silah gücünə qovularaq didərgin salınmışdır. İşğal zamanı 511 nəfər şəhid olmuş, yüzlərlə insan girov götürülmüşdür.

Qeyd edilmişdir ki, Kəlbəcər Azərbaycanın o vaxtkı rəhbərliyinin səriştəsizliyi nəticəsində düşmən tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilir. Lakin həmin qətnamədən irəli gələn öhdəlik indiyədək yerinə yetirilməmişdir.

Sonra “Kəlbəcər: Təbiətin möcüzəsi” adlı film nümayiş olunmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycanın kifayət qədər güclü ordusu vardır. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz hər an torpaqlarımızı azad edə bilər. Lakin Azərbaycan Prezidenti yenidən qan tökülməsini istəmədiyindən sülhə üstünlük verir. Əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyini davam etdirərsə, Azərbaycan öz torpaqlarını başqa yollarla azad edəcəkdir.

Əli Həsənov vurğulamışdır ki, Kəlbəcər Azərbaycanın ən dilbər guşələrindən biridir. Dünyada elə bir ərazi yoxdur ki, orada 30 min bulaq, 4 min növ dərman bitkisi olsun.

Baş nazirin müavini qeyd etmişdir ki, ermənilər işğal olunmuş ərazilərimizdə abidələrimizi məhv edir, narkotik bitkilər yetişdirirlər. Bu, təkcə region üçün deyil, dünya üçün təhlükədir.

Komitə sədri, həmçinin ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə, eləcə də kəlbəcərlilərə dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır və bu iş  davam edir.

Əli Həsənov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyinə toxunaraq bildirmişdir ki, bu proses ailədən, məktəbdən başlamalıdır. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işinə diqqət artırılmalıdır. Bu gün milli ordumuzun sıralarındakı gənclərimiz torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazırdırlar.

Baş nazirin müavini qeyd etmişdir ki, Azərbaycan bir gün mütləq öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Digər çıxış edənlər də torpaqlarımızın yağı düşməndən təmizlənəcəyi günün uzaqda olmadığını vurğulamışlar.

Tədbirdə Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti qəbul olunmuşdur (Müraciət qəzetin bugünkü nömrəsində dərc edilir).

Tədbir bədii hissə ilə davam etmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında