Türkiyə xalqı çətin sınaqdan bu dəfə də uğurla çıxdı

 

Yerli və əcnəbi ekspertlər ölkədə bələdiyyə seçkilərinin yüksək səviyyədə baş tutduğunu bildirirlər

Martın 30-da bütün dünyanın gözü qardaş Türkiyədəydi. Bu da səbəbsiz deyildi. Həmin gün qardaş ölkənin ictimai-siyasi həyatına əsaslı təsir göstərən, hətta, deyərdik ki, önümüzdəki illərdə Türkiyəni hansı siyasi kursun  idarə edəcəyini müəyyənləşdirəcək qədər əhəmiyyətli olan bələdiyyə seçkiləri keçirilirdi. Budəfəki seçkilər isə elə bir şəraitdə baş tuturdu ki, bir sıra tanınmış ekspertlər belə, hansı partiyanın uğur qazanacağı barədə  heç bir proqnoz verə bilmirdi.

Çünki bundan əvvəl ölkədə dünyaya səs salan “Gəzi olayları” baş vermişdi. Keçən il dekabrın 17-də Türkiyənin siyasi rəhbərliyinin xəbəri olmadan İstanbulda aparılan həbsləri  və bunun nəticəsində, ortaya çıxan bəzi dəqiqləşdirilməmiş korrupsiya faktlarını da həmin sıraya əlavə edə bilərik. Ölkədəki qeyri-ənənəvi dini cərəyanla Ədalət və İnkişaf Partiyası arasında ciddi ziddiyyətlərin baş qaldırması və son olaraq, müxtəlif səpkili səs yazılarının, hətta görüntülərin yayılması kimi mühüm hadisələr də məhz bələdiyyə seçkiləri ərəfəsində meydana gəlmişdi. Seçki ərəfəsində Türkiyədə 12 milyondan çox istifadəçisi  olan “Twitter” sosial şəbəkəsinə və youtube.com saytına qadağa qoyulması da seçicilərin mövqeyinə təsir edəcək amillərdən hesab edilirdi.  Ona görə də Türkiyədəki müxalifət seçkilərə bu dəfə daha da böyük ümidlə  gedirdi. Lakin hər şey tam əksinə baş verdi. Bütün bu hadisələrə rəğmən Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi  Ədalət və İnkişaf Partiyası nəinki qalib gəldi, hətta  sonuncu  2009-cu il bələdiyyə seçkilərindəkindən də çox səs topladı.   

Onu da deyək ki, Türkiyə budəfəki seçkilərə qeydiyyatdan keçmiş 52 milyon 695 min 831 nəfər seçici ilə getdi. Onlardan 26 milyon 704 min 757 nəfəri qadın, 25 milyon  991 min 75 nəfəri isə kişidir. Ölkə üzrə 194 min 310 seçki qutusu quraşdırılmışdı. Yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edirdi. Bu partiyalar arasında əsas mübarizə isə Ədalət və İnkişaf, Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyaları arasında gedirdi. Seçkilər başa çatandan bir neçə saat sonra isə məlum oldu ki, seçicilərin 43,7  faizi ƏİP-ə, 25,7 faizi CXP-yə,  17,6 faizi isə MHP-yə səs verib. Sonrakı saatlarda bu rəqəmlərdə dəyişikliklər baş versə də, seçkilərin qalibinin hakim partiya olduğu artıq məlum olmuşdu.

Türkiyədəki siyasi şərhçilərin əksəriyyəti bu fikirlə razılaşır ki, bələdiyyə seçkilərində İstanbulda hansı partiyanın namizədi daha çox səs toplayarsa, gec-tez Türkiyəni də həmin namizədi irəli sürən partiya idarə edər. Bundan əvvəl İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı olan Kadir Topbaş yenə ƏİP-in namizədi oldu və yenidən bu vəzifəyə seçildi. Onu da deyək ki, 2009-cu ildə CXP-nin indiki sədri Kamal Kılıçdaroğlu da İstanbul bələdiyyə başqanlığına namizədliyini irəli sürmüşdü və Kadir Topbaşa məğlub olmuşdu. Budəfəki seçkilərdə  isə ana müxalifət partiyasının digər bir aparıcı siması – Mustafa Sarıgül də ƏİP namizədinə məğlub oldu. Türkiyənin digər mühüm bir şəhəri olan paytaxt Ankarada da ƏİP-in namizədi Melih Gökçə qələbə qazandı. İzmirlilər isə CXP-dən olan namizəd Aziz Kocaoğlunu dəstəklədilər. Son məlumatlara görə, Türkiyədə keçirilən bələdiyyə seçkilərində 80-ə yaxın vilayətdə bələdiyyə sədrləri müəyyənləşib. Anadolu agentliyinin yaydığı məlumata görə, 78 vilayətdə bələdiyyə sədrlərinin adları məlumdur. Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub. Antalya, Adana, Ağrı, Hatay və Eskişehirdə səslərin sayılmasının davam etdirildiyi bildirilir.

Seçkilərin ilkin nəticələri elan edildikdən sonra hakim partiyanın tərəfdarları qarşısında çıxış edən Baş nazir  Rəcəb Tayyib  Ərdoğan deyib ki, bu qələbə təkcə ƏİP-in deyil, 77 milyon Türkiyə vətəndaşlarının ümumi qələbəsidir. Ərdoğan partiyasının qələbəsini “Siz öz iradənizə, demokratiyaya, partiyanıza, Baş nazirinizə sahib çıxdınız. Buna görə sizə təşəkkür edirəm”, - deyə ifadə edib. Baş nazir daha sonra müxalifət partiyalarına sərt ittihamlar səsləndirərək bildirib: “Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. Türk milləti bir daha dedi ki, biz burdayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyilməz.  Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun buradakı xain uzantılarına təslim etmərik”.

Ərdoğan onu da deyib ki, ölkədəki qeyri-ənənəvi dini cərəyanın üzvləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən ölkədən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, bunların hinlərinə girəcəyik. Onlar bu dövlətə vurduqları zərbənin cavabını verəcəklər. Bizim milli təhlükəsizliyimizi təhdid edənlərin hər biri qanun çərçivəsində cəzalandırılacaqdır”.

Baş nazir onu da qeyd edib ki, bugünkü seçkinin nəticələri türk millətinin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazının bariz nümunəsidir: “Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu göstərdi. Bu gün əxlaqdan kənar, səs yazısı, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xəyanət edənlər, xalq tərəfindən tam bir Osmanlı şilləsi yedi. Bu gün Türkiyə düşmənlərinin “dəyənəkləri”, millətin öz içindən çıxıb ona xəyanət edənlər peşman oldular.  Millət ölkənin sabitliyini pozmağa çalışanların  niyyətləri seçki qutusunda “dəfn” etdi. Məkrli planları, əxlaqsız tələləri pozdu, hiylələr üzərində qələbə çaldı. 30-40 il içində dövlət içinə sızanlarla qanun yolu ilə danışmağın vaxtı gəlib. Çünki bu cür şəbəkələri nə millət, nə də biz qəbul edə bilərik”.

Baş nazir daha sonra mövqeyindən asılı olmayaraq, bütün vətəndaşlara çağırış edib: “Biz nəticələri analiz edəcəyik. Bu faizlərimizin daha yüksək olmamasının səbəbini müzakirə edəcəyik. Bizə səs verənlərlə yanaşı, səsini ala bilmədiyimiz vətəndaşlarımızın da problemləri ilə maraqlanacağıq. Hər kəs seçki qutusundan çıxan mesajdan nəticə çıxarmalıdır”.  Baş nazir Türkiyəyə yeni müxalifət lazım olduğunu da bildirib: “Gəlin, yeni səhifə açaq. Türkiyə sevdası hər şeyin üzərində olsun.  Türkiyə qazanacaqsa, biz uduzmağa hazırıq”.

Müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı isə  hakim partiyanı inzibati resurslardan sui-istifadədə günahlandırıb. Seçkilərin nəticələri məlum olduqdan sonra Dövlət Baxçalı deyib ki, 30 mart seçkilərinin lap əvvəlində hakim partiya təzyiqlərə, şantaja əl atıb: “Ədalət və İnkişaf Partiyası rəhbərliyinin düşüncəsizliyi ictimai və siyasi quruluşda  gərginlik yaratmış və millət iradəsini təhrif etmişdir. Bu seçkilərə tarixin ən böyük rüşvət və “sui-istifadə əməliyyatı” damğa vurmuşdur. Türk milləti rüşvət alveri ilə məşğul olan təqsirkarları dəqiq olaraq görmüşdür. Baş nazir və partiyası seçkilərdə hansı nəticə qazanırsa-qazansın, hüquqi baxımdan bəraət qazanmamışdır. Heç bir şey əvvəlki kimi olmayacaq. Seçkinin nəticələri məhkəmə qərarını əvəz edə bilməz!”.

 Türkiyə Prezidenti Abdullah Gül  isə jurnalistlərə açıqlamasında seçkilərin nəticələrinin millətin iradəsini əks etdirdiyini bildirib: “Seçkinin nəticələrinə hər kəs hörmətlə yanaşmalıdır. Bütün vətəndaşlarım buna inansın ki, dövlətimiz güclüdür, dövlətimizin bütün qurumları da güclüdür. Qarşılaşdığımız bütün sıxıntılar, problemlər əsas qanunlar, hüquq dövləti nizamı çərçivəsində həll edilir və Türkiyə öz gücünə güvənərək yoluna davam edir”. Abdullah Gül Türkiyə vətəndaşlarına dövlətə, millətə güvənmələrini və gələcəyə ümidlə baxmalarını tövsiyə edib: “Bu gün çoxpartiyalı sistemdə demokratiyanın ən gözəl günlərindən birini bərabər yaşayırıq”.

Seçkilər insidentsiz də ötüşməyib.  Martın 30-da  6 nəfər silahla qətlə yetirilib. Belə ki, ölkənin Hatay vilayətinin Gölbaşı kəndində muxtarlığa namizədlər arasında silahlı insident baş verib. Hadisə zamanı iki nəfərin açılan atəş nəticəsində öldüyü, 9 nəfərin isə ağır yaralandığı bildirilir. Qeyd edək ki, Şanlıurfa bölgəsində də seçki zamanı silah səsləri eşidilib. Ümumilikdə, Hatay və Şanlıurfadakı silahlı hadisələr zamanı 6 nəfərin öldüyü, 17 nəfərin isə yaralandığı bildirilir. Seçkilərin nəticələri məlum olduqdan sonra da təxribatçılar əməllərindən əl çəkməyiblər.  Muş şəhərində bələdiyyə seçkilərində ƏİP namizədi Fəyat Asyanın qalib gəlməsindən sonra Sülh və Demokratiya Partiyasının  bir qrup tərəfdarı ƏİP-in seçki bürosuna daşla hücum edib. İki tərəfi üz-üzə qoymaq istəməyən polis hakim partiyanın seçki bürosunu boşaldıb. Buna baxmayaraq, BDP tərəfdarları seçki bürosunu daşa basıblar. Seçki nəticələrinə etiraz edən qrup bəzi mağazaların şüşələrini, bankomatları sındırıb, bələdiyyənin xidmət binasına zərər vurub. Etirazçılar su şırnağı vasitəsilə dağıdılıb.

Türkiyədəki bələdiyyə seçkiləri dünya mətbuatının da diqqət mərkəzində olub. “The vall street journal” yazır ki, Türkiyədəki səsvermələr Ərdoğanı daha da gücləndirdi. Baş nazirin partiyası ittihamlara tuş gəlsə də, yerli seçkilərdən uğurla çıxdı. Ərdoğan korrupsiya ittihamlarına rəğmən seçkilərdə qalib oldu. AKP 2009-cu ilin seçkilərindən daha çox səs yığdı. Eyni zamanda, məntəqələrdəki uzun növbələr seçicilərin fəallığından xəbər verirdi”. “The telegraph” isə yazır: “Ərdoğan seçkilərdə müxalifəti məğlub etdi. ƏİP kütləvi etiraz aksiyaları, korrupsiya dalğaları, internet qadağaları ilə damğa vurduğu bir vaxtda yerli seçkilərdə müxalifəti böyük səs fərqi ilə məğlub etdi. Ərdoğanın liderliyi üçün referendum hesab olunan seçkilər sadaladığımız uğursuzluqlarla bərabər, səs yazılarının da ardından baş tutdu”.

Yeri gəlmişkən, bu il avqustun 10-da Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə olaraq prezident seçkiləri keçiriləcəkdir. Bu seçkilərdə Baş nazir Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir. Bir çoxları 30 mart bələdiyyə seçkiləri ilə avqustdakı seçkilərin nəticələrinin eyni olacağı qənaətindədirlər. Ekspertlər fikirlərini belə əsaslandırırlar ki,  2009-cu ildəki bələdiyyə seçkilərində ƏİP 38, 4 faiz səs toplamışdı, 2011-ci ildə baş tutan parlament seçkilərində isə daha çox – 49,9 faiz səs topladı. Bunu nəzərə alaraq, ehtimal edilir  ki, əgər Ərdoğan prezident seçkilərində namizədliyini irəli sürsə, onda daha çox səs toplaya və nəticədə, Türkiyənin birbaşa xalqın səsi ilə seçilmiş ilk Cümhurbaşqanı ola bilər.

 

Rauf  KƏNGƏRLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında