Mətbuatda çalışdığım illər ərzində jurnalistlərlə keçirilən saysız görüşlərin iştirakçısı olmuşam. Amma etiraf edim ki, əyalətdə, özü də vaxtaşırı yerli rəhbərliklə media təmsilçilərinin bir araya gələrək işgüzar müzakirələr aparmaları nadir hallarda baş verib. Bu baxımdan Masallı təcrübəsi örnək sayıla bilər. Bəlkə də, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun ixtisasca jurnalist olması onun bu amilə xüsusi önəm verməsini şərtləndirir, KİV nümayəndələri ilə ünsiyyət və etimad atmosferi yaradır.
İki il öncə onun gözəl cənub diyarına rəhbərliyə gəlməsi ilə təqdirəlayiq ənənənin yaranmasını uğurlayıb. Qarşılıqlı faydalı əməkdaşlığın nəticəsidir ki, daha bu rayonda jurnalistlər üçün açıq olmayan məsələ qalmayıb.
Yazın ilk günlərində sayca 4-cü olan görüş-infotura paytaxt jurnalistləri də qatılmışdı. Masallı Ziyalılar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkənin aparıcı qəzetlərinin – “Azərbaycan”, “Xalq qəzeti” və “Respublika”nın, həmçinin “AzPRESS.az”, “Qafqazinfo”, “Publika.az”, “Virtual.az” saytlarınının, APA informasiya agentliyinin, “Azadlıq”radiosunun, ölkə televiziyalarının təmsilçiləri bir arada idilər.
Qonaqlar rayonda istifadəyə verilmiş Heydər Əliyev Meydanı, Qəhrəmanlar və Nizami Gəncəvi parklarını gəzdilər, Mədəniyyət və Gənclər Mərkəzləri ilə tanış oldular, Masallı Regional Boks və Taekvondo mərkəzlərində məşqlərə baxdılar. Hazırda inşa olunan Bayraq Meydanı və tarix-diyarşünaslıq muzeyi, uşaq incəsənət məktəbi və sair obyektlərin layihələri ilə tanışlıq maraq doğurdu.
Heydər Əliyev Mərkəzində Masallının son illərdəki nailiyyətlərini, iqtisadi inkişafını əks etdirən qısametrajlı film göstərildi. Jurnalistlərlə ziyalıların görüşü açıq dialoq, səmərəli fikir mübadiləsi şəraitində keçdi. Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması üçün atılan addımlardan danışıldı. Cəmiyyət həyatında mətbuatın, informasiya texnologiyalarının böyük rolu olduğu vurğulandı. O da təəssüflə qeyd edildi ki, bəzi qəzet və saytlarda reallıqdan uzaq, yalan və böhtan dolu yazılar dərc olunur. Elə bu tədbirdən də əsas məqsəd rayonla bağlı əsl həqiqətlərin öyrənilməsinə vəsilə olmaqdır.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Azad Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında Masallıda görülmüş işləri təqdir edərək göstərdi ki, bu inkişaf ölkə rəhbərliyinin regionlara göstərdiyi qayğının nəticəsidir. Jurnalistlər də infoturla bağlı təəssüratlarını bölüşdülər, arzu və istəklərini ifadə etdilər.
Elə buradaca “Xalq qəzeti” və “Kaspi” qəzetlərinin təmsilçilərinə, “Virtual.az”, “Publika.az” saytlarına, həmçinin “Cənub xəbərləri” qəzetinə bölgə haqqında verdikləri obyektiv və təhlili yazılara görə diplom və mükafatlar təqdim edildi. Tədbirdə həmçinin subyektivliyi ilə “seçilən”, müəyyən mənada qərəzdən xali olmayan orqanlar, konkret olaraq “Gündəlik Bakı” qəzeti qeyd olunaraq qınaq “mükafat”a layiq görüldü.
İnfoturun növbəti hissəsi Masallının İstisu ərazisindəki istirahət mərkəzlərindən birində təşkil olundu. İcra hakimiyyətinin başçısı infotur iştirakçıları ilə nahar süfrəsi arxasında görüşdü. O, ölkədə siyasi plüarizmin təmin edilməsini, KİV-in sərbəst fəaliyyətinə əlverişli şəraitin yaradılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirdi, mətbuata dövlət dəstəyindən danışdı. Rayonda görülən işlər və perspektiv vəzifələr barədə məlumat verən natiq bildirdi ki, başlıca hədəf ölkə rəhbərinin dəstəyi ilə abadlıq istiqamətində görülən tədbirlər sayəsində yaxın üç il ərzində rayonda həll edilməmiş hər hansı ciddi sosial problemin qalmamasıdır. Zəruri olan budur ki, görülən işlər obyektiv işıqlandırılsın, tənqid arqumentli olsun və həqiqət ölçüsü media təmsilçiləri tərəfindən heç vəchlə itirilməsin.
Problemlərdən, çətinliklərdən də söz açıldı. Məsələn, söyləndi ki, Masallıda hər kvadratmetrə düşən əhali sayı ölkə üzrə orta göstəricidən 3 dəfə çoxdur. Artım dinamikasına nəzər salsaq, bu gün 212 min əhalisi olan Masallıda həmin rəqəm 2018-ci ildə 247, 2030-cu ildə isə təxminən 295-300 minə çatacaq. Öncə biz buna hazır olmalıyıq. Perspektiv inkişaf tempinə görə, yaxın 3 ildə Masallının əksər problemləri həll olunmalıdır.
Masallının şəhər problemi də yox deyil. Ötən ilin göstəricilərinə görə, şəhərin 9 min əhalisi, 98 hektarlıq şəhər ərazisi var idi. Bu sahədə görülən məqsədəuyğun tədbirlər nəticəsində hazırda şəhərin ərazisi 2400 hektara çatıb, küçələrin sayı 2 dəfəyədək artıb. Artıq Masallı şəhərinin baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib və dövlət planına daxil edilib. Şəhər mərkəzində planauyğun dəyişikliklər aparılacaq.
Bundan başqa, Masallı şəhərindəki məktəblərin tutumu 3,5 mini keçmir. Lakin bu məktəblərdə təhsil alanların sayı 5 mini ötür. Uşaq bağçalarının sayı ölkə üzrə göstəricilərdən aşağıdır.
Bu problemlərin aradan qaldırılmasında xeyriyyəçilərin də köməyindən istifadə edilir. Ötən il iki iş adamı ayrı-ayrılıqda Boks və Taekvondo mərkəzlərinin inşasını həyata keçirib. Hazırda “Palmali” şirkəti Masallı stadionunda yenidənqurma işlərinə başlayıb. Burada Uşaq Futbol Akademiyasının da inşasına hazırlıq görülür. Ötən il bir xeyriyyəçi Ərkivan qəsəbəsində möhtəşəm mərasim evi tikdirib. Vətənə, yurda ürəkdən bağlı olan belə təəssübkeş insanlarla əlaqələr beləcə işgüzar şəkil alır.
Artıq rayonda 2 uşaq bağçasının tikintisinə başlanıb. Kolatan və Bədəlan məktəblərinin bəzi korpusları da uşaq bağçası kimi inşa ediləcək. Vaxtilə Bədəlana Pribaltikadan gözəl bir layihə gətirilmişdi: 2 idman zalı, nəhəng kitabxanası ilə birlikdə. İndi həmin layihə də reallaşdırılır.
Səhiyyənin də mənzərəsi xeyli cansıxıcı idi. Rayonda əsaslı təmirə ehtiyacı olan xəstəxanalar vardı. Neçə kənd tibb məntəqəsi evlərdə yerləşirdi. Artıq bunlar keçmişdə qalmaq üzrədir. 15 məntəqə üçün ayrıca binalar inşa edilib. Rayon Mərkəzi Xəstəxanası, Boradigah qəsəbə və Kalinovka kənd xəstəxanalarının yüksək səviyyədə təmir işləri bir neçə aya başa çatacaq. Masallı Mərkəzi Xəstəxanası üçün müasir və mükəmməl avadanlıq, xüsusi tomoqrafiya qurğuları gətiriləcək. Türkiyədə müvafiq kurslara kadrlar göndəriləcək.
Daha sonra başçı bildirdi: “Masallıda kollec açılması ilə bağlı ilkin mərhələ işləri də başa çatır. Bu kollecdə tibb kadrları hazırlanacaq. Turizm zonasında masajçılara, müvafiq tibbi aparatlarla işləməyi bacaran kadrlara olan tələbat ödəniləcək. Kollecə qəbul zamanı rus və ingilis dillərini bilən gənclərə üstünlük veriləcək. Ümumiyyətlə, turizm sahəsi fəaliyyətimizdə başlıca istiqamət təşkil edəcək. Biz elə istirahət bazası yaratmaq istəyirik ki, ilboyu və yüksək xidmətlə işləyə bilsin.
Masallı kənd təsərrüfatı rayonudur. Torpaq az, işləmək istəyən çoxdur. Hazırda rayonda aqroparklar qurulması məsələsi gündəmdədir. Bunun üçün 250 hektar yer də ayrılıb. Rayonun ərazisi dağlıq və aran hissələrdən ibarətdir. Dağlıq hissədə qələviləşmiş torpaqlar olduğu üçün burada taxılçılığın inkişafı mümkünsüzdür. Bütün güc çayçılığa və subtropik bitkilərə verilməlidir. Muğan zonasında isə şoran torpaqlar daha çoxdur. Ən adi müqayisələrdən də bəlli olur ki, bir hektarda əkilmiş kartof, çiyələk eyni həcmli ərazidə əkilən taxıldan xeyli artıq gəlir gətirir və daha çox insanın işlə təmin olunmasına imkan yaradır. Deməli, ixtisaslaşma bu yöndə getməlidir.”
Rayonun sənaye potensialı qonşu rayonlara nisbətən böyükdür. Burada tikinti materialları və mebel istehsalı daha geniş yayılıb. Masallı ustaları ev şəraitində belə yüksək keyfiyyətli mebellər istehsal edir. Bakıda, Türkiyədə, Malayziyada hazırlanan mebellərdən fərqi olmur.
Mənbəyini Yardımlı dağlarından götürən Viləş çayının Masallı şəhərindən keçən hissəsində, çay vadisində, sağ və sol sahillərdə bulvar yaradılması üçün vəsait ayrılıb və bu iş yaxın vaxtlarda öz həllini tapacaq. Qala bazarının arxasından Olimpiya İdmanKomleksinə kimi meşəlik salınması və yaşayış binalarının tikilməsi nəzərdə tutulur. Bu ərazidə 3 körpü olacaq. Bulvar hissəsində qədim mini-şəhər, uşaq-əyləncə mərkəzi və sair obyektlər də salınacaq. Kosaküllə şəhəri birləşdirən hissədə də körpü tikiləcək. Ərkivanda piyadalar üçün yerüstü keçidin layihəsi artıq hazırdır. Həmin körpülərin konstruksiyası, işıqlandırılması ən yüksək standartlara uyğun olacaq. Ərazidə park da salınacaq.
R.Hüseynov bildirdi ki, rayonun büdcəsi 28 milyon manatdır. Bunun 20 milyonu əmək haqqına sərf olunur. Qalan 8 milyon küçələrin abadlaşması, kommunal xidmətlərin yaxşılaşdırılması kimi məsələlərə xərclənir.
Hər həftə müxtəlif formalarda qəbullar olur: 1-ci günlər virtual formada, 2-ci günlər icra hakimiyyəti aparatında, 3-cü günlərsə yerlərdə səyyar görüşlərlə. Bundan əlavə, başçı hər 5-ci gün hətta gedib sakinlərlə evlərində də görüşür.
Bəzi qəzetlər yazır ki, guya, şikayətçilər binanın arxa qapısında qəbul edilir. Təsəvvür edin, bəzən 100-ə yaxın şikayətçi gəlir. Binanın arxasında bağça, oturacaqlar var, şikayətçilərə pulsuz çay, su verilir. Bunun nəyi pisdir ki? Bir qrup araqızışdıran isə görülən işlərə kölgə salmaq üçün hadisələri, necə deyərlər, əyri güzgüdə təqdim etmək istəyir. Qoy onlar ictimai rəyi çaşdırmasınlar.
Jurnalistlər görüşdən razı qaldılar və arzu etdilər ki, belə tədbirlər davamlı olsun, Masallı təcrübəsi geniş yayılsın. Media mənsubları açıq görüşlərdə birbaşa ilkin mənbədən məlumat alsalar, səhvlər də az olar, həqiqət də təhrif edilməz.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.