Parisdə işğalçı Ermənistanın Azərbaycan meşələrinə vurduğu ziyandan danışılmışdır

Aprelin 7-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsinin qurumun yaz sessiyası ərəfəsində son iclası keçirilmişdir. Toplantıda Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilmişdir.
Geniş mübahisə doğurmuş əsas mövzulardan biri rusiyalı deputat V.Timçenkonun hazırladığı və yaxın gələcəkdə AŞPA sessiyalarından birinin gündəliyinə salınması nəzərdə tutulan "Planetimizin gələcəyi olan meşələr" mövzusunda məruzə olmuşdur.
Müzakirələrdə bir sıra başqa avropalı deputatlarla yanaşı, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış etmişdir. Azərbaycanlı deputat Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meşələrə də ciddi zərər dəyməsi məsələsinin məruzədə əksini tapmamasını tənqid etmiş, bu problemlə bağlı təfərrüatların mətnə əlavə edilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Deputat bildirmişdir ki, meşələri təbiətin "ağ ciyəri" adlandırırlar. Bu həqiqətən belədir. Lakin ətraf mühitin sağlamlığını təmin etmək meşələrin funksiyalarından yalnız biridir. Meşələr həm də insanlar üçün həyat mənbəyidir. Meşəlik ərazidə yerləşən insanlar buradan həm qidalanır, həm qızınır, ev tikir, mənzillərinə əşya da düzəldirlər. İndi Azərbaycanın Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağ bölgəsinin və ona bitişik daha 7 rayonunun ərazilərinin böyük hissəsi meşədən ibarət idi. Bu meşənin əksər hissəsi artıq təmamilə məhv edilmişdir. Həmin meşələrdəki bir sıra ağaclar "qırmızı kitab"a düşmüş, kökü kəsilməkdə olan nadir növlər idi. Lakin işğalçılar heç bir fərq qoymadan bu meşələri ucdantutma talan etmiş, mebel sənayesi üçün xammal kimi qırıb qurtarmışlar. Qubadlı və Laçın rayonlarında qırmızı palıdların, Kəlbəcərdəki "Ayı fındığı meşələri"nin yerində boş ərazi qalmışdır. İşğal altındakı ərazilərdə meşələri kəsib aparan qəsbkarlar digər bir cinayəti də gerçəkləşdirirlər. Vaxtaşırı uydurma "soyqırımı-genosid" məsələsini qaldıran ermənilər özləri Azərbaycan təbiətinə qarşı əsl soyqırımı - ekosid siyasətini həyata keçirirlər. Bu, təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə aparılan bir xətdir. Meşələr qırılır, onların yerində nüvə tullantıları, zəhərli maddələr basdırılır.
R.Hüseynov meşələrin yalnız ekologiya üçün deyil, eyni zamanda tarixi baxımdan da xüsusi dəyəri olmasından bəhs etmişdir. O qeyd etmişdir ki, zəbt olunmuş ərazilərdəki meşələrdə və qoruqlarda yaşı yüz illərlə ölçülən ağaclar vardır. Məsələn, Cəbrayıl rayonunun Hacılı kəndində diametri 8 metrə çatan, hündürlüyü 45 metr olan 1.600 yaşlı 6 çinar vardı. Belə qocaman ağaclar isə yalnız Azərbaycana aid edilə bilməz. Bunlar əslində Avropanın, bəşəriyyətin sərvəti idi, işğalçılar isə onları da kəsib-doğramaqdan çəkinməmişlər.
Azərbaycanlı deputat ümumiyyətlə təkcə Azərbaycanda deyil, Avropanın digər hərbi münaqişələr gedən ərazilərində də meşələrin taleyi ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsinin, bu problemin ayrıca müzakirə edilməsinin vacibliyini vurğulamışdır.
Komitə R.Hüseynova bu barədə ayrıca sənəd hazırlamağı tövsiyə etmişdir.
Deputat bildirmişdir ki, AŞPA-nın aprelin sonlarında keçiriləcək yaz sessiyasında artıq bu mövzuda hazırladığı tövsiyə üçün təklifi deputatların diqqətinə çatdıracaqdır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri, Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında