Nərimanov rayonunda ənənəvi Novruz yarmarkasına start verildi

 

 

Xalqımızın əziz bayramı olan Novruzun gəlişi ilə əlaqədar olaraq əhalinin zəruri ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatı bir qədər də artır. Bu tələbatı ödəmək məqsədilə artıq uzun illərdir ki, paytaxt Bakıda, eləcə də ölkənin bütün şəhər və rayon mərkəzlərində ənənəvi Novruz yarmarkaları təşkil olunur.

Artıq paytaxtın ayrı-ayrı rayonlarında keçirilən bayram yarmarkalarının ünvanları dəqiqləşdirilmişdir. Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları ən müasir standartlara uyğun və yeni qapalı formada qurulmuş, əhali və fermerlər üçün əlverişli ticarət mühiti yaradılmışdır. Eyni zamanda, bayram yarmarkalarında ictimai iaşənin təşkili, müvafiq qaydada sanitar norma və qaydalara riayət olunması,  əhalinin rahatlığı, həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi üçün hər cür şərait yaradılmışdır.  Bu da  yarmarkaları digər alış-veriş məkanlarından xeyli fərqləndirir.

Xatırladaq ki, bayram ərəfəsində—martın 15-19-da keçiriləcək yarmarkalar əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin etmək, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədi daşıyır. Həmin yarmarkalarda əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının tam təmin olunması, seçim imkanlarının artması, eləcə də süni qiymət artımının qarşısının alınması nəzərdə tutulur.

Dünən paytaxtın Nərimanov rayonunda da ənənəvi Novruz yarmarkasına start verildi. Bakı Metropoliteninin “Gənclik” stansiyasının yaxınlığında təşkil olunmuş kənd təsərrüfatı və ərzaq mallarının satış yarmarkasına ölkəmizin 10 rayonundan 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Alıcılara təklif olunan kənd təsərrüfatı və digər ərzaq məhsulları təzə və keyfiyyətli olmaqla yanaşı, bazar və dükanlarda satılan analoji mallarla müqayisədə xeyli ucuz idi. Yeri gəlmişkən, Nərimanov rayonunda bayram yarmarkası üçün ayrılan yer müasir standartlara uyğun və qapalı formada təşkil olunmuş, burada istehlakçılar və əhali üçün əlverişli ticarət şəraiti yaradılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi tam təmin edilmişdi. Bununla yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri, eləcə də Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən yarmarkanın normal fəaliyyətinin təmin olunması və sui-istifadə hallarının aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdü.

Novruz yarmarkasının açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları burada yaradılmış şəraitlə yaxından tanış oldular, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlandılar. Yeri gəlmişkən, Novruz bayramını yüksək səviyyədə keçirmək məqsədilə yarmarkaya üz tutan paytaxt sakinləri burada yaradılmış şəraitdən və qiymətlərin münasibliyindən razılıqlarını bildirdilər. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında