Görkəmli jurnalist, tərcüməçi və ictimai xadim

 

 

 

 

Xasay Vəzirov - 100

Şuşadan Bakıya gələndə kiçik Xasayın heç beş yaşı da tamam olmamışdı. Sovet hakimiyyətinin ilk illərində orta məktəbi bitirib, ailəsinə maddi kömək eləmək məqsədilə atasının yanında işə girdi. Bir ildən sonra mətbəə işinə keçdi. Bir il də burda çalışdı.

Sonra təhsilini artırmaq üçün Bakı Pedaqoji Texnikumunu bitirdi, təyinatla Əli-Bayramlı şəhər ibtidai məktəbinə göndərildi. 1931-ci ildə Bakıya qayıdan on yeddi yaşlı gənc müəllim pedaqoji sahədən birdəfəlik uzaqlaşdı və o vaxtlar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan “Yeni yol” ictimai-ədəbi qəzetin redaksiyasında işə düzəldi. Çox çəkmədən ona ədəbi işçi vəzifəsi həvalə olundu.

Qəzet işi ilk günlərdən, ilk yazılardan gənc Xasaya hakim kəsildi, onda jurnalist olmaq həvəsini daha da artırdı. İki il işlədi, əsl həyat məktəbinin qapıları onun üzünə burda açıldı. Görüş dairəsi daha da genişləndi, fikrinin aydınlığı, dərin düşüncəsi ilə, uzun müddət öz aktuallığını itirməyən yazıları ilə fərqləndi. Xasayın peşəkar yaradıcılıq tərcümeyi-halı belə başlandı. Həmin vaxtdan da o, bütün ömrünü Azərbaycan mətbuatı ilə sıx bağladı...

Lakin zəmanənin vacib tələblərindən birinə çevrilmiş ali təhsilə yiyələnmək də lazım idi. Ona görə də 1933-cü ildə o vaxtın gənclərinin ən çox üz tutduqları M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mühəndis-iqtisad fakültəsinə daxil oldu. Təhsil illərində də imzası dövri mətbuatda tez-tez göründü. İnstitutda yenicə nəşrə başlayan “Neft kadrları uğrunda” adlı tələbə qəzetinin redaktoru olmaq təklifini məmnuniyyətlə qəbul elədi və qəzeti vaxtlı-vaxtında, olduqca maraqlı şəkildə çıxarmağa başladı. Qəzetin səhifələrində neft sənayesinin uğurlarından, gələcək neftçi kadrların yetişdirilməsindən, fəhlələrin iş şəraitinin daha da yaxşılaşdırılması məsələlərindən oxunaqlı yazılar dərc etdirdi.

Nəhayət, 1939-cu ildə Xasay ali təhsilini fərqlənmə diplomu ilə başa vurdu və institut elmi şurasının qərarı ilə “Neft sənayesinin iqtisadiyyatı” kafedrasında baş laborant vəzifəsində saxlanıldı. Mətbuatdan, qəzet və jurnallardan da ayrılmadı. Həmin illər çox məhsuldar işlədi, müxtəlif səpgili yazıların altında imzası tez-tez göründü. Heç də təsadüfi deyildi ki, qırxıncı illərin əvvəllərində gənc jurnalistin qələmindən artıq iki yüzdən çox aktual problem kəsb eləyən məqalə çıxmışdı. Redaktorluğu ilə bir neçə kitab nəşr olundu, görkəmli filosof Heydər Hüseynovun rəhbərliyi ilə çap edilmiş dördcildlik “Rusca-azərbaycanca tam lüğət”in tərtibçilərindən biri oldu. Məhz bu əməyinə və fəallığına görə 1940-cı ildə o, SSRİ Xalq Neft Komissarlığının əla təhsil və istehsalat işinə görə “Sosializm yarışının əlaçısı” döş nişanı ilə təltif edildi.

Böyük Vətən müharibəsi başlananda qəzetin işçiləri də bir-bir hərbi komissarlığa çağırılır, döyüşən ordu sıralarına göndərilirdi. Artıq bir neçə aydan sonra redaksiyanın əməkdaşları yarıbayarı azalmışdı. Xasay da səfərbərliyə alındı. 1941-1942-ci illərdə Sovet qoşunları tərkibində İranda oldu. Bir il sonra isə siyasi orqanlarda işləmək üçün Moskvaya çağırıldı və Qızıl Ordunun Baş Siyasi İdarəsində redaktor-tərcüməçi vəzifəsinə təyin edildi. Artıq həmin vaxta qədər gənc jurnalist bir çox redaksiyalarda çalışmış, müəyyən qədər təcrübə toplamış bir qəzet işçisi idi. Ona görə də burda fəaliyyət göstərmək onun üçün o qədər də çətin deyildi.

 Xasay Vəzirov ikinci cəbhənin açılması ilə əlaqədar üç müttəfiq dövlətin - SSRİ, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya hökumət başçılarının 1943-cü il noyabrın 28-dən dekabrın 1-nə qədər Tehranda və Almaniyanın tamamilə darmadağın edilməsi məqsədilə 1945-ci il fevralın 4-dən 11-nə qədər Krımın Yalta şəhərində keçirdikləri konfranslarda hərbi müxbir kimi iştirak etmişdir. Tehrandan qayıdandan sonra o, 416-cı Azərbaycan milli atıcı Taqanroq diviziyasına göndərildi və Şimali Qafqazdan Berlinə qədər uzun bir döyüş yolu keçdi. Çox çəkmədən diviziyada Azərbaycan dilində nəşr olunan “Qızıl Ordu təşviqatçısının bloknotu”nun redaktoru təyin edildi, eyni zamanda milli dildə döyüş vərəqələri buraxmağa başladı.

Qələbədən sonra bütün ölkə öz əvvəlki dinc, firavan həyatına yenidən qədəm qoydu. Barıt qoxusu səmalardan, sərhədlərdən çəkiləndən sonra müxtəlif cəbhələrdə gecə-gündüz fəaliyyət göstərən mətbuat fədailəri geri dönməyə başladılar. Xasay Vəzirov da 1945-ci il dekabrın sonlarında baş leytenant rütbəsində ordudan tərxis olundu, köhnə iş yerinə qayıtdı. Bir müddət “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini və eyni zamanda Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının Azərbaycan SSR üzrə müvəkkilinin müavini vəzifələrində işlədi. 1949-cu ildə üzərində çoxdan işlədiyi mətbuat tarixindən namizədlik dissertasiyasını müdafiə elədi.

 Çox çəkmədən “Kommunist” ( indiki “Xalq qəzeti”-red.) qəzetinə şöbə müdiri keçdi, az sonra isə redaktor müavini vəzifəsində çalışmağa başladı. Gənc jurnalist əvvəlki şövqlə, əvvəlki həvəslə işləyirdi. Keçmiş cəbhəçilər haqqında təsirli məqalə və oçerkləri onu təkcə həmkarları arasında yox, həm də oxucular arasında şöhrətləndirmişdi.

Xasay Vəzirov əllinci illərdə respublikada xüsusi nüfuz sahiblərindən olan jurnalistlərdən sayılırdı. İstedadına və bacarığına görə o, vəzifə pillələri ilə durmadan irəliləyirdi. 1951-ci ildən artıq “Kommunist” qəzetinin kollektivinə rəhbərlik edirdi. Az müddət içərisində bacarıqlı təşkilatçı-redaktor ətrafına qüvvətli bir jurnalist kollektivi toplamışdı. Xasay müəllimin qayğıkeşliyi sayəsində redaksiyaya yeni-yeni yaradıcı qüvvələr gəlir və kollektivi daha da qüvvətləndirirdilər. Qəzetin çıxışları get-gedə sanballı olur və burda gedən yazılar da respublika ictimaiyyətinin diqqətini cəlb edirdi. Qəzet artıq Azərbaycan mətbuatının bayraqdarına çevrilmişdi. Onu da qeyd etmək lazımdır ki, həmin mürəkkəb ictimai-siyasi bir şəraitdə bir-birinin ardınca belə məsul vəzifələrə irəli çəkilmək hər adama müyəssər olmurdu.

Həddindən artıq bacarıqlı və enerjili olan Xasay Vəzirov hansı işə göndərilirdisə, onun öhdəsindən ustalıqla və peşəkarlıqla gəlir, yüksək məsuliyyəti, nizam-intizamı, biliyi, səriştəsi ilə göstərilən etimadı doğruldurdu. Ona görə də qələm təcrübəsi, jurnalistika sənətinə sonsuz həvəsi və məhəbbəti nəzərə alınaraq 1959-cu ildə onun respublikanın dövri mətbuatı, radio və televiziyası, nəşriyyatları və məlumat agentliklərində çalışan jurnalistlərin könüllü yaradıcılıq təşkilatının - Azərbaycan Jurnalistlər İttifaqının ilk sədri seçilməsi heç də təsadüfi deyildi.

Xasay Vəzirov Sovet jurnalistləri nümayəndə heyətinin tərkibində bir neçə xarici ölkədə - Rumıniyada, Bolqarıstanda, Yaponiyada, Hindistanda olmuş, həmin ölkələrdən göndərdiyi yazılar respublika mətbuatında dərc edilmiş və böyük maraqla qarşılanaraq müəllifinə şöhrət gətirmişdi. Onun səfər təəssüratları sonralar çapdan çıxmış “Rumıniya səfəri”, “Tokio-Xirosima”, “Yeni Bolqarıstan”, “Hindistan xatirələri” adlı kitablarında geniş əks olunmuşdur.

O həm də Azərbaycanın “Əkinçi”dən üzü bəri mətbuat tariximizin tanınmış tədqiqatçılarından biri idi. Görkəmli jurnalist milli mətbuatımızın inqilabdan qabaq keçdiyi yolu işıqlandıran monoqrafiyaların, iri tarixi oçerklərin və sənəd toplularının redaktoru olmuşdur. Eyni zamanda, milli jurnalistikamızın inkişafı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tərcümə işinin daha da yaxşılaşdırılması, bir sıra fundamental, irihəcmli nəşrlərin, o cümlədən, üçcildlik “Azərbaycan tarixi”nin, ikicildlik “Azərbaycan ədəbiyyatı”nın, ayrı-ayrı məlumat ensiklopedik ədəbiyyatın buraxılması üzrə tədbirlər onun fəal əməyi ilə həyata keçirilmişdir.

İstedadlı jurnalist-redaktor artıq özünün gözəl publisistika məktəbini yaratmış və onun inkişafında böyük xidmətləri olmuşdu. Həmin dövrdə o özünü tükənməz enerjili, iti qələmli partiya jurnalisti kimi də göstərmiş, həm həmkarları, həm də oxucuları arasında şöhrət tapmışdı. Digər tərəfdən zəngin və kəskin yazı dili və natiqlik məharəti də hamını valeh etmişdi. Yüksək insani keyfiyyətləri, intellektual səviyyəsi, faydalı, xeyirxah əməlləri, ümumiyyətlə, böyük xidmətləri ilə respublikanın ictimai-siyasi həyatında silinməz iz qoyan Xasay Vəzirovun qayğısı və köməyi ilə onlarla təcrübəli jurnalist və tərcüməçi yetişib-formalaşmışdır. Onun üçün əsl jurnalistin ən əsas xüsusiyyəti mənəvi saflıq, əxlaqi keyfiyyət, ilk növbədə isə xeyirxahlıq idi.

Təcrübəli jurnalist həm də öz məsuliyyətini dərk etməyi, həqiqəti yazmağı, obyektiv olmağı, mətbu sözü qiymətləndirməyi, ümumiyyətlə, yiyələndikləri jurnalistika peşəsinə hörmət eləməyi həmişə gənc yazarların qarşısında tələb kimi qoyurdu. Tanınmış jurnalist, “Kommunist” qəzetinin redaktorlarından biri olmuş Rəşid Mahmudov öz böyük həmkarını belə xarakterizə edirdi: “Mənim də həyat yoluma işıq salan Xasay müəllim olub. Ali jurnalist təhsilim olsa da, bu peşənin mahiyyətini, sirlərini xeyli dərəcədə ondan öyrənmişəm. O özünə qarşı çox tələbkar olmaqla tabeliyindəki işçilərə də bu hissi aşılayırdı. Həm özü daim öyrənər, həm də işçiləri öyrənməyə vadar edərdi. Biliyin, analitik təfəkkürün, siyasi mədəniyyətin, mənəvi-əxlaqi keyfiyyətlərin jurnalist üçün çox vacib şərtlər olduğunu bizə daim təlqin edərdi. İstər tənqid, istərsə də tərif obyektiv, həqiqi olmalıdır, - deyərdi. İti qələmi, hər hansı materialı sürətlə redaktə etmək bacarığı bizi heyran qoyardı”.

Bu gün onlarla alim, jurnalist, yazıçı, tərcüməçi var ki, Xasay müəllimin qayğısı və əməyindən bəhrələnib. Tanınmış tərcüməçilər Cəlil Xəlilov və Ənvər Quliyev mətbuatda dərc olunmuş “Ustad” adlı məqalələrində onun barəsində dərin minnətdarlıqla söhbət açmışlar. Xalq yazıçısı Qılman İlkin isə “Respublika” qəzetinin 18 mart 1997-ci il tarixli nömrəsində “Bir insan ömrü” başlıqlı məqaləsində Xasay Vəzirov və onun digər iki həmkarı haqqında görün necə səmimi  və obyektiv fikirlər söyləyir, ondan öyrəndiyini xüsusi minnətdarlıqla qeyd eləyirdi.

Xasay Vəzirov “Azərbaycan neft təsərrüfatı” jurnalında redaktor müavini (1946), Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının Azərbaycan SSR üzrə müvəkkilinin müavini, “Kommunist” qəzetində şöbə müdiri, redaktor müavini (1947), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsində mətbuat bölməsinin müdiri, şöbə müdirinin müavini, eyni zamanda “Təbliğatçı” jurnalının baş redaktoru (1947-1951), “Kommunist”in məsul redaktoru (1951-1958), Azərbaycan SSR Nazirlər Soveti yanında Azərbaycan Teleqraf Agentliyinin direktoru (1958-1962), Azərbaycan KP MK-nın ideologiya üzrə katibi (1962-1966), Marksizm-Leninizm İnstitutunun filialının Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru (1966-1978), “Azərnəşr”də böyük redaktor (1978-1991) və Azərinformda redaktor-tərcüməçi (1991-1998) kimi mətbuatla bağlı müxtəlif vəzifələrdə çalışmış, üç çağırış Bakı şəhər Sovetinin, dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, Ali Sovetin xarici işlər daimi komissiyasının sədri, 1951-1956-cı illərdə AKP MK-nın üzvü olmuşdur.

 Belə böyük, məsul vəzifələrdə işləyən və titulları olan bu heyrətamiz insan evdə də, işdə də, ictimaiyyət arasında da həddindən artıq sadəliyi ilə seçilir, özünü heç kəsdən ayırmır, xeyir-şər işlərində müntəzəm iştirak edirdi. Heç vaxt da öz halal zəhməti ilə aldığı “Şərəf nişanı”, Qırmızı Əmək Bayrağı ordenlərini və şərəflə qazandığı medalları bəzi görməmiş adamlar kimi döşünə taxıb, özünü gözə soxmurdu. Bir sözlə desək, o, olduğu kimi görünür, göründüyü kimi olurdu. 85 illik ömrünün təxminən yetmiş ilini milli jurnalistikamıza həsr etmiş Xasay Vəzirov Azərbaycan mətbuatı tarixində silinmçəz iz qoymuşdur.

Vasif QULİYEV,

“Şuşa” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında