Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli lider Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir

 

 

Martın 14-də Azərbaycan Ali Hərbi Məktəbinə ümummilli lider Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təşkil olunmuş mərasimdə veteranlar, ayrı-ayrı hərbi qurumların və güc strukturlarının nümayəndələri, məktəbin kursantı olmuş və hazırda ehtiyatda olan yüksək rütbəli zabitlər və Silahlı Qüvvələrin əməkdaşları iştirak etmişlər.

Əvvəlcə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ulu öndər Heydər Əliyevin məktəbin həyətindəki abidəsi önünə gül dəstələri düzmüşdür.

Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Mərasimdə çıxış edən məktəbin rəisi, general-mayor Heydər Piriyev  şəxsi heyət adından tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.

Heydər Piriyev demişdir ki, ulu öndər Heydər Əliyevin adının Ali Hərbi Məktəbə verilməsi mühüm tarixi hadisə olmuşdur. Məktəb müstəqil Azərbaycan dövləti üçün hərbi kadrların yetişdirilməsində əvəzsiz rol oynamışdır. Bugünkü tədbir isə ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın göstəricisidir. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktəbə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Məktəbin şəxsi heyətini təbrik edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirmişdir ki, müasir mütəşəkkil ordunu yaratmaq dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Hələ 1970-ci illərdə ulu öndər Heydər Əliyev Azərbaycanın öz müstəqilliyini bərpa edəcəyini əvvəlcədən görərək, Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmış və minlərlə azərbaycanlı gənc bu təhsil ocağını bitirərək keçmiş Sovet İttifaqının demək olar ki, bütün ali hərbi məktəblərində müxtəlif hərbi ixtisaslara yiyələnmişdir. Milli ordumuzun yaranmasında, formalaşmasında, möhkəmlənməsində,  respublikamızın ərazi bütövlüyünün qorunmasında, təcavüzkar Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınmasında, xalqın haqlı olaraq  “Heydər Əliyev məktəbi” adlandırdığı indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının böyük rolu olmuşdur. Hazırda bu məktəbin yetirmələri Azərbaycanın  Milli Qəhrəmanı, general, yüksək rütbəli zabitlərdir.

Nazir demişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda müasir hərbi təhsil sistemi yaradılmasının banisidir. Ulu öndərimizin adının Azərbaycan Ali Hərbi Məktəbinə verilməsi heç də təsadüfi deyildir. Ümummilli lider Heydər Əliyev dəfələrlə bu məktəbdə  olmuş, şəxsi heyətlə görüşmüş, onların  problem və qayğıları ilə maraqlanmış, əmr, göstəriş, tövsiyə və məsləhətlərini vermişdir.

Zakir Həsənov xüsusi vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin adını daşıyan bir məktəbdə oxumaq, xidmət etmək, çalışmaq həm şərəfli, həm də çox məsuliyyətlidir. Siz bunu dərindən dərk edərək Vətən, xalq, dövlət qarşısında öz vəzifə borcunuzu ləyaqətlə yerinə yetirirsiniz. Təhsildə, təlimdə qazanılan  uğurlarınız  bizi sevindirir. Sevindirici  haldır ki, indi bizim ali hərbi məktəblərdə  Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin gəncləri də təhsil alır və dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan bir məktəbin kursantı olmaqdan böyük qürur duyurlar.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daima  ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Azərbaycan Ali Hərbi Məktəbinə ulu öndər Heydər Əliyevin adı  verildikdən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev beş dəfə burada olmuş, məktəbi  müvəffəqiyyətlə bitirən gənc zabitlərə xeyir-dua vermiş və şəxsi heyətin  qarşısında  əhəmiyyətli nitqlər söyləmişdir.

Nazir əmin olduğunu bildirmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kollektivi göstərilən etimadı bundan sonra da şərəflə doğruldaraq  ölkəmizin  hərb tarixinə şanlı səhifələr yazacaq və Silahlı Qüvvələrin Ali Baş Komandanının hər bir əmrini hər an yerinə yetirməyə hazır olacaqlar.

Məktəbin məzunları adından çıxış edən Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrayılov qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin diqqəti sayəsində məktəbdə azərbaycanlı kursantların sayı artırılmışdır. Azərbaycan müstəqilliyini bərpa  etdikdən sonra həmin zabitlər Milli Ordunun formalaşmasında mühüm rol oynamışlar.

Sonda məktəbin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında