Ermənistan hakimiyyətində təmsil olunanlar kriminal və cinayətkar elementlərdir

Bu fikir Moskvadakı "Miabanutyun" Erməni Milli Klubunun bəyanatında yer alıb
Azərbaycan xalqının tarixi torpağı, halal yurdu olan Qarabağı (onun bir parçası olan Dağlıq Qarabağı) işğal etmiş Ermənistanın rəhbərləri son 20 il ərzində özlərini elə göstərməyə çalışırlar ki, sanki erməni xalqının milli mənafeləri uğrunda həyatlarını belə qurban verməyə hazırdırlar. Sanki Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun işğalı onların son illərdəki fəaliyyətinin əsas qayəsini təşkil edib. Vaxtilə Ermənistanda və Dağlıq Qarabağda yaradılmış müxtəlif ictimai-siyasi təşkilatlarda cəmləşmiş bu erməni "liderləri" bu minvalla özlərini erməni xalqına əsil milli qəhrəman kimi təqdim etməyə çalışırlar. Sanki bu gün erməni xalqı onlara "sağ ol" deməlidir ki, Dağlıq Qarabağda yaşayan soydaşlarının "azadlığı", "hüquqları" uğrunda mübarizə aparıblar və hətta bu mübarizəni "qələbə" ilə başa çatdırıblar. Və elə buna görə də onlar Ermənistanda hər cür imtizaya layiqdirlər, hətta dövlət hakimiyyətini ələ keçirməyə və ondan istədikləri kimi istifadə etməyə də hər cür haqları var.
Amma əslində bu liderciklər erməni xalqını aldadırlar. Nə Ermənistanın guya müstəqillik qazanmasında, nə Dağlıq Qarabağın işğalında onların, demək olar ki, heç bir hünəri olmayıb. Ermənistan son illərdə keçmiş SSRİ məkanında baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində müstəqillik (buna müstəqillik demək mümkündürsə) qazanıb. Qarabağın işğalı isə Ermənistanın daimi himayədarı olan Rusiya ordusu tərəfindən həyata keçirilib. Ermənistanın "liderləri" isə sadəcə son illərin ictimai-siyasi proseslərindən sui-istifadə edərək hakimiyyətə yiyələnib, ölkənin milli və dövlət maraqlarını deyil, şəxsi maraqlarını güdüblər. Bunu artıq Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər də yaxşı başa düşməkdədir. Artıq cidanı çuvalda gizlətməyin mümkünsüzlüyü hamı üçün gün kimi aydındır. Hətta Ermənistanı özünün forpostu hesab edən, Dağlıq Qarabağı zəbt edib Ermənistana bağışlayan Rusiyada da bu barədə açıq danışmağa, mətbu yazılar dərc etməyə başlayıblar. Bu yaxınlarda Rusiyanın "Versiya" və "Vek" nəşrlərində verilmiş dürüst faktlara əsaslanan yazılar da Ermənistan rəhbərliyinin əsl simasını açmaq baxımından olduqca xarakterikdir.
Sən demə, son 20 il ərzində Ermənistana rəhbərlik etmiş şəxslər nəinki ölkədə hüquqi, demokratik dövlət quruculuğu ilə məşğul olmayıblar, hətta dövlət və dövlətçilik terminlərini ümumimiyyətlə unudublar. Dövlət korrupsioner, kriminal, cinayətkar elementlərin əlində əməlli-başlı oyuncağa çevrilib. Və çox maraqlıdır ki, həmin faktları sözügedən nəşrlərə məhz erməni təşkilatı - "Miabanutyun" Erməni Milli Klubu təqdim edib.
Təşkilatın rəhbəri Smbat Qaraxanyan SSRİ-nin dağılmasından sonra Ermənistanda hakimyyət başına gəlmiş qüvvələrin, o cümlədən sabiq Prezident Robert Koçaryan və hazırkı dövlət başçısı Serj Sarkisyanın heç bir milli-dövlət mənafelərini, eləcə də sadə vətəndaşların maraqlarını nəzərə almadığını, hətta bu mənafeləri hər dəqiqə satmağa hazır olduqlarını bəyan edib. Qaraxanyanın qənaətinə görə, onların fəaliyyətinin əsas prinsipi öz ağalarına sədaqətlə xidmət etmək, təsərrüfat və maliyyə fırıldaqları işlətməklə özləri üçün var-dövlət toplamaq olub. Ermənistanın keçmiş və hazırkı rəhbərləri ümumölkə və ümummilli maraqlardan o qədər uzaq düşüblər ki, hətta əhaliyə verilən yanacağı, əsasən də qazı da özlərinin qrup maraqları çərvivəsində paylaşdırırlar. Bu vəziyyət indinin özündə də davam edir. Təşkilat rəhbəri öz bəyanatında qeyd edir: "Hakimiyyətin yuxarı eşalonu ölkədəki aktivlərin və müəssisələrin 85 faizini öz əlində cəmləşdirib, daxil olan maliyyə axınının 90 faizinə nəzarət edir. Bu mənada ölkənin aldığı dövlətlərarası kreditlərin əsl təyinatını və taleyini təsəvvür etmək çətin deyil. Ölkədə istər siyasi, istərsə də iqtisadi məsələlərin həll edilməsində hakimiyyətin köməyinə çatan yeganə effektiv resurs kriminal ünsürlərdən ibarət qeyri-formal qruplaşmalar və formal güc strukturlarıdır". Onun fikrincə, yuxarı hakimiyyət dairələrinin ətrafında toplaşmış bu kriminal ünsürlər isə əsasən Dağlıq Qarabağdakı erməni klanının nümayəndələridir. Bu bəyanat Dağlıq Qarabağda cinayətkar, kriminal rejimin hakimiyyətdə olduğu, bu nəzarətsiz ərazidə narkotiklərin becərilməsi, alveri və tranziti üçün münbit şərait yaradıldığı barədə Azərbaycanın dəfələrlə səsləndirdiyi bəyanatları bir daha təsdiq edir. Təəssüf ki, beynəlxalq ictimaiyyət rəsmi Bakının bu tipli bəyanatlarını həmişə qulaqardına vurub və nəticədə artıq bu barədə ermənilərin özləri Rusiyanın paytaxtında danışmağa başlayıblar.
Elə bu səbəbdəndir ki, Qaraxanyanın dediyi kimi, bütün keçmiş sovet respublikalarında ciddi antikorrupsiya qanunvericiliyi qəbul edilmiş olsa da, Ermənistanda belə bir hüquqi sənəd yaradılmayıb. Belə qanunvericiliyin olmaması cinayətkar Ermənistan hakimiyyətinə hər cür maxinasiyalar etməyə, ölkənin var-dövlətini şəxsi malı kimi mənimsəməyə, əldə edilmiş çirkli pulları sonradan xarici ölkələrdə yumağa imkan verir. Qaraxanyanın bəyanatına əsasən, Ermənistanın yüksək vəzifəli şəxsləri və oliqarxları öz çirkli kapitallarını bir qayda olaraq ölkədən çıxarıb İsveçrə, Kipr, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Lixtenşteyn kimi ölkələrə aparır və orada yuyurlar. Pulları gizlətmək və yumaq üçün başqa ölkələrdən də istifadə edilir: Cənubi Avropa və Balkan ölkələri (Xorvatiya, Çernoqoriya, İtaliya, Bolqarıstan, Rumıniya, Yunanıstan), eləcə də İsrail, hətta Türkiyə. Ermənistan korrupsionerləri və oliqarxları ABŞ-da da bu cür əməllərə cəhd ediblər, lakin fırıldaqlarının üstü açılıb və belə hallar ABŞ xüsusi xidmət orqanlarının məlumatlarında əsk olunub.
Ermənistanda bu cür cinayətkar və kriminal rejimin yaradılmasında ölkənin ikinci Prezidenti Robert Koçaryanın (1998-2008-ci illər) xüsusi xidməti olub. Bu da haqqında danışdığımız bəyanatda bildirilir. Koçaryan hakimiyyətdə olduğu illərdə öz əlində külli miqdarda vəsait toplayıb. Ölkənin vergi, telekommunikasiya, tikinti, qaz təchizatı, qiymətli daşların hazırlanması, ümumi ixrac (30-40 faizi), poçt, mülki aviasiya və sair sahələr birbaşa onun nəzarətində olub. Robert Koçaryan, eyni zamanda, özünün yaxın qohumları və etibarlı adamları vasitəsilə "Artsaxbank", "Armeksimbank", "Yunibank", ABB bank, Zəngəzur mis-molibden kombinatı və s. kimi yüzlərlə bank və müəssisəyə sahibdir. "Dauntaun Yerevan" tikinti şirkətinə o, böyük oğlu Sedrak Koçaryanın vasitəsilə nəzarət edir. "H2" telekompaniyasına nəzarəti isə şəriki Samvel Mayrapetyan və Baş nazirin müavini Armen Gevorqyan vasitəsilə həyata keçirir. Qaraxanyan yüzlərlə belə müəssisə və şirkətin adını çəkir ki, onların bir çoxu bütünlüklə, bəziləri isə 50, 40, 30 faizlə məhz Koçaryana məxsusdur. Bu sıraya mağaza şəbəkələri, mobil telefon idxalı, Yerevanda və Moskvada kazinolar, "Zvartnots" aeroportu və s. də daxil etmək olar. Nəticədə, Qaraxanyanın hesablamalarına görə, Koçaryan ailəsinin maddi və qeyri-maddi aktivləri 4 milyard dollardan artıqdır.
Ermənistanın hazırkı Prezidenti Serj Sarkisyan da özünün sələfindən geri qalmır. Bəs necə? Axı onları məhz keçmiş kriminal ortaqlıqları birləşdirir. Koçaryanın hakimiyyətdən gedərkən yerinə məhz Serjiki təyin etməsi də elə bu ümumi cinayətkar taleləri ilə bağlı deyilmi?! Bu iki erməni "lideri" Dağlıq Qarabağda hakimiyyətdə olarkən əl-ələ verərək nə qədər günahsız azərbaycanlıya divan tutub, nə qədər qanlar töküb, hətta torpağında qonaq olduqları halda humanist bir millətə qarşı soyqırım törətməkdən belə çəkinməyiblər. İyirminci əsrin faciəsi hesab olunan Xatın, Osvensim faciələri ilə yanaşı dayanan Xocalı soyqırımını öz ağalarının əmri ilə bu iki cinayətkar törətməyibmi?! Əslində Yuqoslaviya millətçiləri Miloşeviç, Karaciç və başqaları kimi bəşəriyyət əleyhinə cinayət törətməkdə suçlandırılaraq cəzalandırılmalı olan bu iki cani bu gün nəinki məsuliyyətdən qaça bilib, hətta əməlləri müqabilində kifayət qədər mükafatlandırılıb. Məhz arxalarında duran böyük və ədalətsiz güclərin, müsəlman qanları üzərində "demokratik" dünya quran dövlətlərin hesabınadır ki, Koçaryan, Sarkisyan kimi canilər dəmir barmaqlıqlar əvəzinə yüksək dövlət vəzifələrinə gətirilib, külli miqdarda var-dövlət sahibi edilib. Nəticə də göz qabağında. Onlar indi nəinki qonşu xalqları, qərbliləri, hətta öz millətlərini də aldatmaqdan, var-yoxunu talamaqdan çəkinmirlər.
Qaraxanyanın bəyanatında deyilir ki, Ermənistanın hazırkı Prezidenti Serj Sarkisyan ölkəsində iqtisadiyyatın gömrük, neft məhsulları, benzin və dizel yanacağı idxalı, metal və metal tullantıları ixracı, qızıl idxalı və işlənməsi, aviadaşımalar və aviaşirkətlər, ümumi idxal və digər sahələrinə nəzarət edir. Sarkisyan özünün etibarlı adamları, eləcə də qardaşı Aleksandr və kürəkəni Mikael Minasyan vasitəsilə "Fleş" şirkətinin aktivlərinə, yanacaqdoldurma şəbəkəsinə, Dağlıq Qarabağda üç çaxır və araq zavoduna, "Ararat" bankına, eyni adlı restoranlar şəbəkəsinə, "MİKA" şirkətinin aktivlərinə (Mixail Baqdasarovla birgə), tikinti şirkətlərinə, "MİKA-sement"ə nəzarət edir. Ölkədən xaricdə də bir sıra obyektlər Ermənistan prezidentinin nəzarətindədir. Bura Moskvadakı mehmanxana-restoran kompleksi, Londonda şəxsi mülk və s. daxildir. Qaraxanyanın təqdim etdiyi siyahıda yüzlərlə bu cür şirkət və obyektin adı çəkilir. Artıq erməni xalqı fərqindədir ki, əhalisi, demək olar ki, aclıq və yoxsulluq həddində yaşayan, ordusu yeməyə çörək tapmayan Ermənistan Prezidentində bu qədər var-dövlət haradandır. Qaraxanyan bu tipləri dövlətçilik düşüncəsindən məhrum insanlar kimi xarakterizə edir. Təəssüflə qeyd edir ki, 2009-cu ilin nəticələrinə görə, Ermənistan MDB ölkələri arasında ümumi daxili məhsulun 14,4 faizlik enmə tempi ilə birinci yerdədir.
Maraqlıdır ki, Ermənistan rəhbərlərindən təkcə bu iki sabiq və hazırkı prezidentlər deyil, demək olar ki, hakimiyyətin müxtəlif pillələrində təmsil olunan bütün məmurlar ölkənin varidatını bölüşdürüblər. Parlamentin spikeri Ovik Abramyan, Baş nazir Tiqran Sarkisyan, Yerevanın keçmiş meri Ervand Zaxaryan, Milli Təhlükəsizlik Xidməti direktorunun müavini olmuş Qrişa Arutyunyan və başqaları da öz şeflərini ləpirbələpir izləyir, erməni xalqının çörəyini əlindən almaq üçün əllərindən gələni edirlər. Ermənistan hakimiyyətindəkiləri çox az düşündürür ki, ölkə getdikcə müflisləşir, insanlar bir tikə çörək dalınca qonşu ölkələrə qaçır, istər Ermənistan, istərsə də onun nəzarətində olan Dağlıq Qarabağ boşalır, orduda kütləvi fərarilik adi hala çevrilib, son bir il ərzində ayrı-ayrı hərbi hissələrdə 2000 cinayət baş verib, 200 əsgər və zabit isə bir-birini güllələyərək öldürüb.
Amma bu liderciklər hələ də erməni xalqının gözündə Qarabağ uğrunda mücahid görünmək niyyətindədir. Bunun üçün ata bildikləri yeganə addım isə Azərbaycanla sülh danışıqlarını yubatmaq, Türkiyə ilə münasibətləri normallaşdırmaqdan yayınmaqdır. Özləri də yaxşı bilirlər ki, əgər Azərbaycanla sülh əldə olunsa, Türkiyə ilə sərhədlər açılsa, erməni xalqının gün-güzəranı kifayət qədər yaxşılaşar, Ermənistanın iqtisadiyyatı inkişaf edər. Bu isə onlara sərf etmir.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında