Qadın güldükcə bəşəriyyət yüksələcək

 

 

 

 

 

 

 

 

Bu məktubu “Xalq qəzeti”nin möhtərəm oxucularına uzaq Almaniyadan göndərirəm. Bugünlərdə müayinə və müalicədə olsam da, qadınlarımızın əziz günündə onları təbrik etməyi həm vətəndaşlıq, həm də ən sevimli mövzusu qadınlar, analar, gözəllər olan şairin sənət borcu sayıram.

 Həvva ilə Adəmdən üzü bəri qadın həyatın çətin yükünün ağır tərəfinə çiyin vermiş cəfakeş məxluq olmuşdur. Böyük Hüseyn Cavid haqlı olaraq deyirdi ki, qadınsız bəşər yetim qalardı. Lakin tarix çox vaxt bu həqiqətin əleyhinə cərəyan etmişdir. Əsrlər boyu insanı dünyaya gətirən bu müqəddəs varlığı əzən, alçaldan utandırıcı əməllər az olmamışdır.

 Nə yaxşı ki, xalqımızın tarixində, ədəbiyyatında qadına hörməti, məhəbbəti ifadə edən bir sıra parlaq səhifələr də vardır. Bununla ulu babalarımız bizə öyünclü mərifət irsi, qadına münasibətdə doğru yol qoyub getmişlər. Nə yaxşı ki, Qazan babamız Burla xatun nənəmizi “başım baxtı, evim taxtı” deyə əzizləyib, uca tutub. Füzuli babamızın qadına, gözələ verdiyi bədii tərifin dünya ədəbiyyatında misli yoxdur. Mənaların-mətləblərin ən gözəlinə sığal çəkən şairlərimiz ən təravətli , ətirli sözlərini çiçək kimi qadınların başına səpiblər, önların könül dünyasını güldürüblər.

Bunlar o vaxt da az olub, indi də yetərli deyil. Əsas məsələ qadının həyatını yaxşılaşdırmaq, bu zərif məxluqun çiyninə düşən ağırlığı azaltmaqdır. Bu gün hardasa əzilən, incidilən, alçaldılan bir qadın varsa bu cəmiyyətin, ilk növbədə, kişilərin vicdanına yazılmalıdır. Tarixən, cəmiyyətlər, dövlətlər qadını yüksəltməklə irəli gedib. Babalarımızın qadına qayğıkeş münasibət nümunələri zaman keçdikcə miqyasca genişlənib, məzmunca kamilləşib.

 Müstəqil dövlətimizin yaranması indiki nəsillərin analarımıza ən böyük hədiyyəsidir. Anaların ən böyük xidməti isə varlığımızın anası saydığımız torpaqlarımızı qoruyan, onun yolunda canını belə əsirgəməyən övladlar doğub-böyütmələridir. Düşünürəm ki, yaralı Qarabağımızı geri qaytarmağımızla analarımızın bizdən ən böyük gözləntisini onlara vermiş olarıq. İnşallah, bu, mütləq baş verəcək və bununla analarımızın-bacılarımızın qəlbindəki ən ağrılı yaraya məlhəm qoyulacaq.

8 Mart Beynəlxalq Qadınlar Günü xalqımız üçün öz məna və mahiyyəti ilə çoxdan doğmalaşmışdır. Qadınlarımız bizim üçün hər gün doğma, əziz olsalar da, bu gün biz onların varlıqlarını, dünyamızı nurlandırmaqlarını daha dərindən duyub-anlayırıq. Məhz belə bir gündə analarımızı, bacılarımızı, sevgilimizi, bir sözlə, xalqımızın bütün qadınlarını ülvi bir diləklə əzizləyirik, təbrik edirik.

 Qoy qadınlarımız bu təbriklər axının gur selində bir daha paklansınlar, varlıqlarının İlahi mənası ilə öyünsünlər. Qoy qadınlar daim sevinməkləri ilə dünyamızı bir az da şənləndirsinlər, qayğısız eləsinlər!

 Bayramınız mübarək, ey kişilərin yarımçıq həyatını bütövləşdirən ən gözəl məxluqlar! Siz güldükcə dünyamız da sevinəcək, gözəl olacaq.

Zəlimxan YAQUB,

xalq şairi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında