Milli-mədəni irsimiz və dil amili

 

Müasir dövrdə Azərbaycan dövlətinin mədəniyət siyasəti uğurla həyata keçirilir, xalqımızın zəngin mədəni irsi və milli-mənəvi dəyərlərinin qorunub saxlanılması istiqamətində  ardıcıl tədbirlər aparılır. Milli-mədəni irsimizin tədqiqi və təbliği sahəsində alimlərin elmi  araşdırmaları, mili varlığımızın qorunması və inkişafında dilin rolu daha da artır. Bu baxımdan tanınmış jurnalist, publisist, ictimai xadim, tədqiqatçı Telman Quliyevin “Milli-mədəni irs və dil amilinə kulturoloji baxış” kitabı xüsusilə diqqəti cəlb edir. Müəllif  yeni nəşrdə ölkəmizdə mədəniyyət siyasəti sahəsində qazanılan nailiyyətlərdən iftixarla söhbət açır, Azərbaycan dövlətçiliyinin təməlinin, əsasının, milli varlığımızın  mədəniyyətə bağlı olduğunu göstərir. Eyni zamanda, mədəni irsimizin qorunub inkişaf etdirilməsində dilin rolu  araşdırılaraq Naxçıvan dialektinin terminoloji leksikası nümunəsində nəzərdən keçirilir.

Kitabın “Milli mədəni irs sahəsində dövlət mədəniyyət siyasəti”, “Mədəni irsin tədqiqi məsələləri”, “Milli-mədəni varlığın mühafizəsində dil amili”(Dilin kulturoloji mahiyyəti) bölmələrindən  aydın olur ki,  müstəqil Azərbaycan Respublikası demokratik mədəniyyət siyasətini həyata keçirərək müasir dünya mədəniyyətinə inteqrasiya olunur. Bu sahədə qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyini getdikcə möhkəmləndirir və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi sürətlə inkişaf etdirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi: “Biz öz milli-mədəni dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını  təşkil edən amillərdir” fikri  müasir gənclərimizin milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə  olunması kimi vacib və aktual məsələləri qarşıya qoyur. Fərəhləndirici haldır ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev  bacarıqla və uzaqgörənliklə Heydər Əliyevin Azərbaycan xalqının mədəni irsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. Mədəniyyət siyasətinin mütərəqqi və təminatlı perspektivləri özünü  Naxçıvanın tarixi-mədəni irsinə münasibətdə də göstərir. Muxtar Respublikada Azərbaycan xalqının tarixi, elmi və mədəni irsi formalaşmışdır.

Ölkəmiz mədəni dünyaya inteqrasiya yolu  ilə inamla irəliləyir və beynəlxalq mədəniyyət təşkilatlarının kulturoloji layihələrinə qoşulur. Bu mənada  bəşəriyyətin kulturoloji irsinin öyrənilməsi, mühafizəsi və təbliği məsələləri mədəni dünyanı getdikcə daha çox düşündürür. Artıq mədəni irsin qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil Azərbaycanın mədəniyyət siyasətinin əsas vəzifələrindən birinə çevrilmişdir. Bu vəzifələrin icrası yolunda  Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratrik ölkələrin təcrübəsindən  istifadə edir.

Kitabda mədəni irsimizin tədqiqi məsələlərindən söz açan müəllif göstərir ki, Azərbaycan xalqı öz kökləri ilə bəşəri düşüncə və yaradıcı həyat fəaliyyətinin min illik dərinliklərinə, ilkin sivilizasiya epoxasından qabaqkı arxaik dövrə gedən zəngin maddi və mənəvi mədəniyyət yaratmışdır. Mədəniyyətimizin nəsildən-nəsilə ötürülməsi, digər xalqlara təsiri, yaşaması və inkişafı dil sayəsində mümkün ola bilər. Dilimiz həm millətimizin, həm də mədəniyyətimizin formalaşıb inkişaf etməsində ən böyük varlıqdır... Dil məsələsində dünya  mütəfəkkirləri ilə eyni mövqedən çıxış edən Azərbaycan ziyalıları da bu elmi qənaətlərə tərəfdar çıxmışlar ki, dil hər bir milli mədəniyyətin canı, cövhəridir.

Kitabın “Folklorun toplanması məsələləri” (Folklor və etnoqrafik irs) bölməsində milli-mədəni irsin öyrənilməsində bir sıra elmlərin qarşılıqlı əlaqəsinə ehtiyac olduğu göstərilir: Folklorun və  etnoqrafik irsin bütöv bir kulturoloji vahid halında öyrənilməsinin yalnız digər ictimai, sosial və humanitar elmlərlə vəhdətdə mümkün olması tezisi elmi sayıla bilər. Azərbaycan folkloru və etnoqrafik irsin ümumi və ortaq cəhətləri ilə yanaşı yerli şəraitdən irəli gələn müəyyən fərqli çalarları da vardır. Bu mənada Naxçıvan folklorunun və dialektinin özünəməxsus xüsusiyyətləri bölgənin indiyədək öyrənilməmiş materiallarının öyrənilməsi işini aktuallaşdırır.

Kitabda müəllifin uzun illər araşdırmaları nəticəsində ərsəyə gətirdiyi “Naxçıvan rayon şivələrində terminoloji səciyyə daşıyan leksika” mövzusunda elmi-tədqiqat işi, folklor və etnoqrafik irsimizin öyrənilməsinə kiçik bir töhfə olan bu tədqiqat Naxçıvan bölgələrindən toplanmış folklor və etnoqrafik mahiyyətli materialların izahından ibarətdir. Toplama materiallarında əkinçiliklə bağlı terminlər, taxılçılıqla, bitkiçiliklə, maldarlıqla, köçəriliklə əlaqədar olan sözlər yer almışdır. Habelə insan və heyvan xəstəlikləri, bunların təzahürü və müalicəsinə aid sözlərin, toxuculuğa,vəhşi heyvan, quş və həşarat adlarının, məişət leksikasına aid sözlərin, binaların, evlərin hissələrinə, tikinti materiallarına aid kəlmələrin, astronomik adların, baramaçılığa və arıçılığa aid terminlərin və nəhayət, toy və yas mərasimlərinə aid sözlərin işlədilmə arealı göstərilərək izahlı təsviri verilmişdir.

Naxçıvan dialektinin terminoloji leksikası, Naxçıvan şivələrində işlənən bəzi termin səciyyəli sözlərin başqa qohum dillərlə  müqayisəsi, bir çox sahələrə aid terminlər və sözlər Azərbaycan dilinin ayrı-ayrı dialektlərinin öyrənilməsi baxımından  mühüm əhəmiyyət daşıyır. Azərbaycan dilinin dialektləri özündə tarixiliyi, yüz illər boyu milli dəyərləri mühafizə etmiş, ümumtürk mədəniyyətinin izlərini qoruyub saxlamışdır. O cümlədən Naxçıvan dialektində termin səciyyəli sözlər  araşdırılarkən ümumtürk mədəniyyətinin ortaq oxşarlıqlarına sıx rast gəlinir. Türk dilləri ilə müqayisəli şəkildə öyrənilən termin səciyyəli sözlərin əksəriyyəti ümumtürk mədəni irsinin daşıyıcısıdır. Əkinçilk, heyvandarlıq, arıçılıq, dulusçuluq, adət-ənənlərimizlə bağlı olan sözlərin arxasında böyük bir mədəniyyət dayanır.

“Ziya” Nəşriyyat-Poliqrafiya  Mərkəzində  nəşr olunmuş kitabın redaktoru və ön sözün müəllifi Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, əməkdar jurnalist, professor Ramiz Əsgərdir. Kitab tələbələr, müəllimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Afət SADIQOĞLU,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında