Şriftin ölçüsü:
15.08.2010 00:06 | Oxunma sayı: 398
Havaların qızmar keçməsinə baxmayaraq, "N" hərbi hissəsində xidmət öz axarı ilə davam edir. Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş gün rejimi qaydalarına əməl edilməklə burada şəxsi heyət döyüş hazırlığı planında nəzərdə tutulan tədbirləri ardıcıl yerinə yetirir. Ən başlıcası isə odur ki, hərbi hissənin bölmələri düşmənlə təmas xəttində döyüş növbəsi aparır. Ermənistan silahlı bölmələri ilə üzbəüz mövqelərdə döyüşçülərimiz gecə-gündüz həmin hüdudların keşiyində ayıq- sayıq dayanır, məkrli düşmənin təxribatlarının qarşısını məharətlə alırlar.
- Əslində döyüş bölgəsində irəlidə, yaxud arxada olmaq məfhumu bir qədər nisbi mahiyyət kəsb edir, - zabit A. Məmmədtağıyev bildirir. - Yəni ön xətdə hər hansı hadisə baş verərsə, nisbətən arxadakı qüvvələr dərhal ön xəttə çıxmağa hazır olmalıdır. Düşmən isə atəşkəs rejiminə heç də həmişə əməl etmək niyyətində deyil. Fürsət düşən kimi dığalar mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tuturlar. Bizim döyüşçülər də, təbii ki, azğınlaşmış düşməni susdurmağa borcludurlar. Dünən axşam da erməni əsgərləri mövqelərimizə atəş açdılar, ancaq layiqli cavab verildikdən sonra səslərini kəsməyə məcbur oldular. Ümumiyətlə, şəxsi heyət tərəfindən xidmət qaydasında aparılır. Bölmələrimiz döyüş hazırlıqlarını artırmaqla məşğuldurlar.
Komandanlığın məsləhətilə belə taborlardan birilə yaxından tanış olmaq qərarına gəldim. Hərbi xidmət keçmiş və döyüşlərdə iştirak etmiş hər bir şəxs yaxşı bilir ki, döyüşçünün silahı onun qardaşıdır. Ancaq bu qardaşa etibar etmək, arxayın olmaq üçün gərək ona vaxtında lazımi qulluq göstərəsən, vaxtında diqqətlə onu silib təmizləyəsən. Əks halda öz günahının ucbatından silah səni darda qoya bilər. Döyüş məqamında avtomat, pulemyot və ya qumbaraatan sıradan çıxarsa, vəziyyətin nə ilə nəticələnə biləcəyini ehtimal etmək çətin deyil. Bölmənin səxsi heyəti, görünür, bu məlum həqiqəti yaxşı əxz edib. Ona görə burada bölmənin qarşısında döyüşçülər stollar qoyub əllərindəki silahları səliqə ilə təmizləyir, yağlayırdılar.
Yeni tədris mövsümünə hərbi kollektiv yeni əhval-ruhiyyə və həvəslə başlayıb. Bölmələr ilk döyüş hazırlığı həftəsində, yəni iyul ayının əvvəlində həyəcan siqnalı ilə qaldırılıb tam tərkibdə döyüş təyinatı rayonuna çıxarılıb. Onların hazırlıq səviyyəsi burada komandanlıq tərəfindən yoxlanıb. Sonrakı həftə isə döyüş hazırlığı planına uyğun olaraq dərslərə start verilib.
- Hazırda bölmələrimiz qarşıdakı atış çalışmalarını yerinə yetirməyə hazırlaşırlar, - zabit E.Məmmədov deyir. - Eyni zamanda günün nizam qaydalarına uyğun olaraq şəxsi heyət fəaliyyətini davam etdirir. Bölmələrin bir qismi naryaddadır. Onlardan başqa, bütün döyüşçülərimiz döyüş hazırlığı planına uyğun məşğələlərdə iştirak edirlər.
Səhər yerbəyerində gün ərzində görüləcək işlər barədə komandir zabitlərə öz tapşırıqlarını çatdırmışdı. Hər şeydən öncə döyüş və ixtisas hazırlığı məşğələlərinin keçirilməsilə bağlı bölmələrə konkret göstərişlər verilmişdi. Atış çalışmalarını yerinə yetirməli olan bölmələrin komandirlərinə təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi barədə komandir tərəfindən tapşırıq verilmişdi.
- Qrup rəhbərləri mövsüm ərəfəsində hazırlıq işləri görmüşdülər və şəxsi heyətlə məşğələlər öz axarı ilə davam etdirildi, - zabit E.Məmmədov deyir. - Hazırda onlar günün nizam qaydalarında göstərilmiş vaxta qədər döyüşçülərin hərbi hazırlıqlarını artırmaları üçün əllərindən gələni əsirgəmirlər. Taborun döyüş hazırlığı vəziyyəti qənaətbəxş səviyyədədir və qarşıya qoyulan döyüş tapşırıqlarını şəxsi heyət vahid kollektiv şəklində yerinə yetirməyə qadirdir.
Əlbəttə, hər bir kollektiv döyüş hazırlığı sahəsində fərqlənirsə, ilk növbədə, yaxşıların, nümunəvi xidmətilə və hərbi intizamı ilə seçilən zabit və əsgərlərin hesabına buna nail olur. Zabit E.Məmmədovun rəhbərlik etdiyi bölmədə də belələri az deyil. Belə zabitlərdən baş leytenant Rəşaiq Ələkbərovu, batareya komandiri vəzifəsini yerinə yetirən Rüfət Əliyevi qeyd etmək olar. Onlar şəxsi nümunə göstərməklə kollektivə uğurlar qazandırmaq üçün çalışırlar.
{nl}
Ə.QASIMOV
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.