Onu bölgədə demək olar ki, hamı tanıyır. Az ailə tapılar ki, əlinin şəfasını görməmiş olsun. Müxtəlif məclislərdə, tədbirlərdə çox görüşmüşəm, çox söhbət etmişəm. Hər görüşümüzdə də nədənsə yadıma Hippokratın məşhur sözləri düşüb: “Xəstə sağalanadək həkimin ürəyi ilə yaşayır”. Yəqin ki, tanıyanlar söhbətin kimdən getdiyini bildilər. Qoy tanımayanlara tanışlıq verək. Nəriman Əfəndiyevi deyirəm. O insanı ki, hamı qapısını ümidlə döyür, ona pənah aparır.
Otaqda ikimiz oturmuşuq. Sadəliyi və təvazökarlığı haqqında oxuculara danışmaq fikrim yoxdur. Sadəcə soruşuram:
- İndiyədək neçə adamın üzərində cərrahi əməliyyat aparmısınız?
Deyəsən, gözləmir, sualımdan duruxur. Gözünü uzaqlara dikir. Handan-hana dillənir:
- Dəqiq bilmirəm, - deyir, - Bəlkə də 30 mini keçmiş olar. Amma onu bilirəm ki, hər əməliyyatdan sonra xəstənin və əməliyyat olunan şəxsin qohumlarının üz-gözündə sevinci, işığı görəndə sanki dünyanı mənə bağışlayırlar.
Nəriman həkim 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika fakültəsini bitirib. Ali təhsildən sonra Oğuz rayon xəstəxanasında çalışıb, Zəngilanda insanların sağlamlığının keşiyində dayanıb. Doğulub boya-başa çatdığı Qaxda işləyib. İndi isə Zaqataladakı Diaqnostika Mərkəzinin baş həkimidir. 1992-ci ildə Moskvada uğurla dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Regionda lapkoskopik cərrahiyyəni həyata keçirən ilk həkimdir. Təkcə əməli- praktik həkim deyil. Həm də müasir səhiyyəmizin təəssübünü çəkən, müstəqil dövlətimizin daha da qüdrətli olması üçün öz töhfələrini verməyə hazır olan ziyalılarımızdandır. Təəssüflə danışır. Bildirir ki, indi bölgələrdə yetişən cərrahlar azdır. Hamı mərkəzə üz tutur... Bu isə o deməkdir ki, hamı ayrılıqda özünü düşünür. Əslində isə biz bütövlükdə millətimizi, təmsil etdiyimiz səhiyyə sistemini düşünməliyik. Əks təqdirdə - hərəmiz özümüzü fikirləşsək, itirən xalqımız və səhiyyəmiz olacaq.
Elə buradaca söhbəti saxlayıb hörmətli oxuculara söz verirəm ki, cərrah dostumuz Nəriman Əfəndiyev haqqında ayrıca bir qəzet materialı hazırlayacaq, onun cərrahiyyədəki uğurları barədə bütün soydaşlarımıza söz açacağam. İnandırıram sizi, çox maraqlı olacaq. Çünki ən ağır əməliyyatdan sonra belə üzündən təbəssüm əskik olmayan Nəriman həkim haqqında deyilməli, yazılmalı məqamlar sadalamaqla qurtaran deyil. Bu qısa yazını bilavasitə onun haqqında olan cümlələrlə başlamağım da təsadüfi deyildi. Belə ki, mən onu bir təəssübkeşlik nümunəsi kimi tanıyıram. Təəssübkeşlik isə Zaqatala camaatının bir nömrəli keyfiyyətidir.
Fikrimcə, Zaqatalanın mənim üçün hansı önəmi kəsb etdiyini söyləməyə o qədər də ehtiyac yoxdur. Çünki hörmətli oxucular yaxşı bilirlər ki, son on ildə mən bu rayondan nə qədər yazmışam, hansı sevgi-məhəbbətlə söz açmışam. Elə bir yeni tikinti, obyekt olmayıb ki, ya təməlqoymasında, ya da açılışında iştirak etməyim. Elə bir bayram və ya əlamətdar gün xatırlamıram ki, iştirakçılarının sırasında mən də olmayım. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə elə ucqar kəndlərə - sakinlərin görüşünə getmişik ki, bəlkə də həmin yerlərə indiyədək jurnalist ayağı dəyməyib. İki il əvvəl baş vermiş dağıdıcı zəlzələ isə məni də artıq zaqatalalı etmişdi. Təbii fəlakətin nəticələrini aradan qaldıran rayon rəhbərləri də, Fövqəladə Hallar Nazirliyinin məsul əməkdaşları da gecəli-gündüzlü camaatın yanında olanda az qala məni də həmkarları kimi qəbul edirdilər. Görürsünüzmü, Zaqatala mənim üçün sıradan bir rayon deyil...
Mübariz Əhmədzadə stolun üstündən bir bloknot götürüb vərəqləyir. 2009-cu ilin sentyabrından, Zaqatalaya icra hakimiyyəti başçısı təyin olunduğu gündən bəri ağsaqqallarla görüşlərdə qaldırılan məsələlər, irəli sürülən təkliflər və rayon rəhbərinin sakinlərə verdiyi vədlər burada səliqə ilə qeyd olunub. Hərdən götürüb bu qeydləri oxuyuram, - deyir, - Dörd il qabaqkı təkliflər indi nəyinizə gərəkdir? - deyə, - soruşuram. - Təklif gərək olmasa da, tutaq ki, hansısa kənddəki dörd il qabaqkı vəziyyətlə indiki vəziyyətin müqayisəsi çox gərəklidir - deyir. Məsələn, başçı kimi Zaqataladakı ilk görüşündən bir qeydi oxuyur: “Veteranların verdiyi təkliflər”. Baxıram hamısı icra olunub. Hərdən öz həllini tapmış məsələlərin arasında müqayisə də aparıram. Çünki hər təklifi bir ünvandan almışıqsa və hansısa təklifin icrasına bir az soyuq münasibət bildirilibsə, onda biz insanlar arasında ayrı-seçkilik etmiş olarıq və rayon rəhbərliyinə inam azalar.
Bax belə, Mübariz Əhmədzadə ulu öndər Heydər Əliyevin insanlarla işləmək təcrübəsini ən kiçik detallarına qədər öyrənmiş rəhbər şəxslərdən biridir.
Ona görə də Zaqatala son illər ölkənin ən sürətlə inkişaf edən rayonlarının sırasındadır. Həmin inkişafı dilə gətirmək üçün isə mütləq faktlara və rəqəmlərə müraciət etməli oluruq. Məsələn, faktlar və rəqəmlər göstərir ki, geridə qalan digər illər kmi, 2013-cü il də Zaqatala üçün yaddaqalan hadisələrlə zəngin olub. Avqustun 17-də rayona səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub, şəhərə və ətraf kəndlərə içməli suyun verilməsi mərasimində iştirak edib, Heydər Əliyev Fondu hesabına inşa edilmiş 600 şagird yerlik Bəhmətli kənd tam orta məktəbinin yeni binasının və “Tumurcuq” uşaq bağçasının açılışlarında iştirak edib. Ötən il Yaponiyanın, İsrailin, Gürcüstan və Polşa Respublikalarının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirləri, ABŞ, Türkiyə və digər xarici ölkələrin onlarla nümayəndələri Zaqatalaya qonaq gəliblər.
Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq Zaqatalada da iqtisadiyyatın dinamik inkişafına nail olunub, məhsul istehsalı əvvəlki illə müqayisədə sənayedə 18, kənd təsərrüfatında 6,8, rabitədə 6,4, ticarətdə 3,8, pərakəndə əmtəə dövriyyəsi 3,8, pullu xidmətlərin həcmi isə 7,1 faiz artıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarında Zaqatala rayonu üzrə nəzərdə tutulan tədbirlərin icra olunması nəticəsində yeni emal və istehsal müəssisələri, o cümlədən beton məmulatları, gül, süd və tütün emalı zavodları, quş əti istehsalı fabriki, 8 findıq emalı, süfrə suları, 1 meyvə-tərəvəz istehsalı müəssisələri və digər sosial obyektylər tikilərək istifadəyə verilib.
Son illər rayonda əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təkcə ötən il 6 subartezian quyusu qazılıb, 2 subartezian quyusu təmir-bərpa edilib, 27 subartezian quyusu təmir olunub, 2100 hektar əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli Alazan nasos stansiyasında təmir-bərpa işləri davam etdirilib. Onun gördüyü işləri sadalasaq, bir qəzet səhifəsi bəs etməz. Cəmiyyətin sədri Əhməd Əhmədzadə həmişə zaqatalalıların yanında olub. Uğurları sadalayıb bunları qeyd etməmək ən azı insafsızlıq olardı.
Zaqatalada tez-tez olan bir mətbuat təmsilçisi kimi qətiyyətlə deyə bilərəm ki, burada tikinti-quruculuq məsələləri daim diqqət mərkəzində saxlanılır. “Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi” layihəsinin 2-ci mərhələsi icra olunaraq xarici su təchizatı obyektlərinin, şəhərdaxili su və kanalizasiya xətlərinin tikintisi işləri başa çatdırılıb. Keçid obyektləri olan rayon Polis şöbəsinin, Qaz İstismar Sahəsinin, Hərbi Prokurorluğun və Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin yeni inzibati binaları istifadəyə verilib. Zaqatala şəhərində Heydər Əliyev Mərkəzi üçün yeni binanın, rayon Maliyyə İdarəsinin inzibati binasının, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınının, “Araz” hazırlıq kurslarının binalarının, çirkab su təmizləyici qurğular kompleksinin, Yeni Suvagil və Göyəm kəndində sahə baytarlıq məntəqələrinin tikintisi davam etdirilib. Zaqatala şəhərində Dövlət Yanğın Xidmətinin rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində və Çobankol kəndində yeni Yanğından Mühafizə bölmələrinin, Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsinin tikintisinə başlanılıb.
Rayon ərazisində yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam etdirilir. Əliabad qəsəbəsinə, Mosul, Yengiyan, Maqov, Danaçı, Aşağı Çardaxlar, Car və Mazıx kəndləri istiqamətində təxminən 87 kilometr uzunluğunda daşıyıcı qaz xətləri çəkilib, Danaçı və Mazıx kəndlərinə artıq təbii qaz verilib. Rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində görülmüş işlər nəticəsində təxminən 16 kilometr uzunluğunda olan hava elektrik verilişi xətləri, 59 transformator məntəqəsi əsaslı və cari təmir edilib, 1824 yeni elektrik sayğacı quraşdırılıb, 10 kilometr uzunluğunda SİP kabel xətti çəkilib.
Avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılır. Zaqatala-Car avtomobil yoluna 1,6 kilometr, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral avtomobil yoluna 1,0 kilometr asfalt beton örtük salınıb. Şəhərin küçələrində 62 min kvadratmetr sahəyə asfalt örtüyü döşənib.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayırmış 5,5 milyon manat vəsait hesabına 28 kilometr uzunluğunda Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun artıq 14 kilometri tikilib, qalan hissəsində tikinti işləri davam etdirilir.
Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra işlər görülüb, müəllim və şagirdlər respublika müsabiqələrində uğurla iştirak ediblər. Humanitar Fənnlər Gimnaziyasının riyaziyyat-informatika müəllimi Bahar İsmayılova “Əməkdar” müəllim adına, şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi Südabə Abdullayeva “Tərəqqi” medalına layiq görülüb, Əli Bayramlı kənd tam orta məktəbin coğrafiya müəllimi Nəzakət Məmmədova “İlin müəllimi” müsabiqəsinin qalibi olub. Rayonun orta məktəblərinin məzunlarından 547 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 315 nəfəri tələbə adını qazanıb. Rayon üzrə 11 nəfər 600-dən yuxarı, 32 nəfər 500-dən yuxarı bal toplayıb, Z.Murtuzəliyev adına şəhər 1 saylı tam orta məktəbin məzunu Allahverdiyev Mahmud Şahin oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qızıl” medala və Prezident təqaüdünə layiq görülüb.
Bu gün Azərbaycanın bütün ərazisi kimi Zaqatala da öz turizm potensialını zənginləşdirir və turizm sektoru bölgənin ümumi inkişafı fonunda özünəməxsus bir tərəqqi yolu keçir. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi XII Beynəlxalq Turizm və Səyahətlər sərgisində Zaqatalanın turizm obyektləri, folkloru və mətbəxi geniş təbliğ olunub. Ötən il Azərbaycanın Folklor Paytaxtı elan edilən Zaqatalada xüsusi tədbirlər planına əsasən təntənəli mərasimlər, respublika səviyyəli konfranslar, konsertlər, festivallar keçirilib, Masallı şəhərində keçirilən II Beynəlxalq Folklor Festivalında rayonun “Hudulki” xalq kollektivi iştirak edib. Həmin kollektiv Belarusiyanın Babruysk şəhərində keçirilən festivalda da uğur qazanıb.
Zaqatalada “Azərbaycan folkloru milli sərvətimizdir” mövzusunda dəyirmi masa, “Azərbaycanın folklor Paytaxtı-2013” çərçivəsində “Avropa İrs günləri” keçirilib, Dədə Qorqud meydanında Azərbaycan Respublikası Dövlət simfonik orkestrinin konserti təşkil olunub, “Xalq sənəti – el təranələri ” Ümumrespublika Xalq Yaradıcılığı bayramı təntənə ilə qeyd olunub.
Bir sözlə, bu gün Zaqatala sözün həqiqi mənasında ölkəmizdə gedən hərtərəfli inkişaf tendensiyasına öz töhfələrini verir. Yazının sonunda Gözbarax kəndində yaşayan, hamının ağsaqqal kimi hörmət etdiyi Bəşir Osmanovun sözlərini xatırladım. Ağsaqqal demişdi ki, “Görülmüş işdən gül ətri gələr” ifadəsi bu diyarda daha çox yerinə düşür. Doğrudan da qızılgüllər diyarında elə bir sahə, elə bir istiqamət yoxdur ki, oradakı uğurlar barədə ürək açıqlığı ilə danışmayaq. Son zamanlar Zaqatala elə gözəlləşir, elə müasirləşir ki, onu ancaq görmək lazımdır. Əslində bu gözəlliyi görənlər də az deyil. Elə bir ay olmur ki, bu şəhərdə çoxsaylı qonaqların toplaşdığı böyük tədbirlər keçirilməsin. Turistlərin sayı isə aydan-aya deyil, gündən -günə çoxalır...
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.