Nikolay Baybakovun xatirəsi yad edildi

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində görkəmli ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanda neft sənayesinin inkişafında böyük xidmətləri olmuş Nikolay Konstantinoviç Baybakovun xatirəsinə həsr olunmuş gecə keçirildi.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin iştirakçıları salamlayaraq, tədbirin əhəmiyyətindən danışdı.
Sonra Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, N.Baybakov adına Fondun Bakı nümayəndəliyinin baş direktoru Pərviz Əbduləzizov, Azərbaycan Respublikası Nazirlər Kabineti aparatının rəhbəri Ağabala Hacıyev, Milli Məclisin deputatı, Azrbaycandakı rus icmasının sədri Mixail Zabelin və başqaları çıxış edərək Nikolay Baybakovun çoxsahəli fəaliyyətindən söhbət açdılar.
Məlumat üçün bildirək ki, Nikolay Baybakov 1911-ci il mart ayının 7-də Bakı şəhərinin Sabunçu qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. O, 1932-ci ildə Azərbaycan Neft İnstitutunu bitirərək, Bakı neft mədənlərində mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.
Nikolay Baybakov 1935-ci ildə ordu sıralarına çağırılmış, 1937-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən Bakının neft mədənlərinə qayıdaraq burada böyük mühəndis, baş mühəndis və trest müdiri vəzifələrində çalışmışdır. O, 1938-ci ildə "İkinci Bakı" adlanan neftçıxarma rayonlarının işlənilməyə başlanması ilə əlaqədar Rusiya Federasiyasının Kuybışev şəhərində "Şərq neft hasilatı" birliyinin müdiri vəzifəsinə təyin edilmişdir.
Nikolay Baybakov 1940-cı ildən SSRİ xalq neft sənayesi komissarının müavini, 1944-cü ildən komissarı, 1946-1948-ci illərdə SSRİ-nin cənub və qərb rayonları neft sənayesi naziri, 1948-1955-ci illərdə SSRİ neft sənayesi naziri, 1955-1957-ci illərdə SSRİ Nazirlər Soveti Dövlət Plan Komitəsinin sədri, 1957-1958-ci illərdə RSFSR Dövlət Plan Komitəsinin sədri, 1958-1963-cü illərdə Krasnodar, sonra Şimali Qafqaz iqtisadi rayonları xalq təsərrüfatı şuralarının sədri, 1963-1964-cü illərdə SSRİ Dövlət Plan Komitəsi yanında Dövlət Kimya Komitəsinin sədri, 1964-1965-ci illərdə isə Dövlət Neftçıxarma Komitəsinin sədri vəzifələrində çalışmışdır. O, 1965-ci ildən 1985-ci ilə qədər SSRİ Dövlət Plan Komitəsinin sədri - SSRİ Nazirlər Soveti sədrinin müavini işləmiş, bu vəzifədən azad edildikdən sonra 1988-ci ilədək SSRİ Nazirlər Soveti yanında dövlət müşaviri olmuşdur.
Təqaüdə çıxdıqdan sonra Nikolay Baybakov müxtəlif qurumlarda ictimai əsaslarla fəaliyyət göstərmiş, o cümlədən Rusiya Neft və Qaz Universitetinin Qəyyumlar Şurasının fəxri prezidenti, energetika-yanacaq sektoru ilə bağlı müxtəlif assosiasiya və fondların rəhbəri, Rusiya-Azərbaycan Dostluğu Cəmiyyətinin sədri seçilmişdir.
Nikolay Baybakov yüksək vətəndaşlıq qayəsi ilə səciyyələnən zəngin və mənalı ömür yolu keçmiş, dərin peşəkarlığı, tükənməz enerjisi və böyük zəhmətsevərliyi sayəsində görkəmli dövlət xadimi səviyyəsinədək yüksəlmişdir. O, səksən ilə yaxın bir dövrü əhatə edən əmək salnaməsinin qırx ilini ali dövlət hakimiyyəti orqanlarında çalışmışdır.
Nikolay Baybakovun ictimai xadim kimi fəaliyyəti çox zəngin olmuşdur. O, səkkiz çağırış SSRİ Ali Sovetinə Azərbaycandan deputat seçilmişdir. Həmyerlimiz bütün ömrü boyu Azərbaycanla sıx bağlı olmuş, xüsusilə SSRİ Dövlət Plan Komitəsinin sədri olarkən respublikamızın inkişafına böyük diqqət yetirmişdir. Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri kimi də o, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində səmərəli çalışmışdır.
Nikolay Baybakovun uzun bir dövrü əhatə edən ictimai fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. O, bir çox fəxri adlar almış, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycanın ali mükafatlarına - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.
Böyük Vətən müharibəsində qələbənin 65 illiyi ərəfəsində keçirilən bu tədbirdə N.Baybakova həsr olunmuş fotosərgi də təşkil olunmuşdu. N.Baybakov adına fondun hazırladığı bu böyük ictimai xadimin fəaliyyətini əks etdirən sənədli filmə də baxış keçirilmişdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında