Şəmkirin Qasım İsmayılov kəndində rayon icra hakimiyyəti başçısının keçirdiyi görüş bir daha göstərdi ki, adamlar indi təkcə öz şəxsi dərd-sərlərini deyil, kəndin, qəsəbənin problemlərini də dilə gətirir, təşəbbüslər irəli sürür, fəallıq göstərirlər.
Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov bu yaxınlarda istifadəyə verilmiş məktəbin binasında nəzərdə tutulan səyyar qəbuldan əvvəl kənd xəstəxanasına gəldi. Qasım İsmayılov kəndinin xəstəxanasına, bəlkə də, heç vaxt birdən-birə bu qədər adam müraciət etməmişdi. Xəstəxananın baş həkimi Şakir Qurbanov çalışırdı ki, hər bir sakinlə şəxsən özü birbaşa söhbət aparsın, onların xəstəlikləri ilə maraqlansın, müayinə etsin. Baş həkim bizimlə söhbətində dedi ki, ölkə Prezidenti
İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına Qasım İsmayılov kəndində də uğurla başalanıb. Adamlar olduqca fəaldırlar və ölkə rəhbərinin bu diqqət və qayğısından hədsiz məmundular. Ş.Qurabanov rayon rəhbərinə bu sahədə aparılan işlər barədə məlumat verdi.
Qeyd edək ki, rayon icra hakimiyyətinin başçısı təkcə Qasım İsmayılovda deyil, digər kəndlərdə də olarkən mütləq yerlərdəki xəstəxanalara, tibb məntəqələrinə baş çəkir, bu işə bilavasitə özü nəzarət edir, vəziyyətlə maraqlanır.
– Ölkə başçısının bu humanist göstərişi bir daha sübut edir ki, cənab Prezidentimiz üçün Vətənin hər bir övladının sağlamlığı necə vacibdir, - deyə Nazim Veysov bizimlə söhbətində fevralın 17-dən may ayının 1-dək davam edəcək vacib tədbirin təşkilindən söhbət açır:
– Şəmkirdə bu iş yüksək səviyyədə təşkil olunub. Çünki rayonda səhiyyə son illər çox inkişaf edib. Daha bir müasir xəstəxana kompleksi tezliklə istifadəyə veriləcək. Kənd və qəsəbələrdə səhiyyənin maddi-texniki bazası möhkəmdir. Yəni bunları deməklə məqsədim odur ki, bizdə hər cür şərait var. Sakinlər narazı qala bilməzlər.
...Bir azdan Qasım İsmayılov kənd orta məktəbinin akt zalında başçının səyyar qəbulu başlanır. Şənbə günü olduğundan məktəbin direktoru və bir neçə müəllimindən başqa heç kim yoxdur. Akt zalına toplaşanlar yalnız kənd sakinləri, rayonun idarə, müəssisə və təşklatlarının rəhbərləridir. Yeri gəlmişkən, 360 yerlik bu məktəb binası ötən sentyabrda istifadəyə verilib. İkimərtəbəli, gözəl bir binadır, dəhlizlər, sinif otaqları göz oxşayır, hər cür şəraiti var...
Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov əvvəlcə ölkə və rayonda görülən işlər barədə məlumat verir. Bildirir ki, ötən il sentyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şəmkirdə səfərdə olması rayonun ictimai-siyasi həyatında müsbət hadisəyə çevrilmişdir. Ölkə başçısının köməyi sayəsində Şəmkir öz görkəmini tamamilə dəyişmişdir. Bir-birindən gözəl binalar, park və xiyabanlar, idman-sağlamlıq mərkəzləri, digər sosial obyektlər istifadəyə verilmiş, infrastruktur yenilənmiş, su və kanalizasiya sistemi yenidən qurulmuşdur. Cənab Prezidentimizin rayona gəlişindən bir neçə gün sonra, yəni 19 sentyabr 2013-cü il tarixdə imzaladığı “Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam diqqət və qayğının daha bir parlaq təzahürü olmuşdur. Həmin sərəncama uyğun olaraq Şəmkir şəhərində aparılan abadlıq və quruculuq işlərini davam etdirmək məqsədilə rayon icra hakimiyyinə 2 milyon manat vəsait ayrılmışdır. Ölkə başçısının digər sərəncamı ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının tikintisi üçün Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq bu xəstəxananın inşasına hazırlıq işləri başlanılmış və bu məqsədlə şəhərin ərazisində 8 hektar torpaq sahəsi ayrılmışdır.
Ümumiyyətlə, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisdi inkişafı Dövlət Proqramında (2003-2013-cü illər)” rayon üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası başa çatdırlmış, 2-nin icrası ilə bağlı işlər davam etdirilir....
Nazim Veysovun qısa giriş çıxışından sonra zalda ani bir sükut yarandı və bu sükutu yenə başçı özü pozdu:
– Kimin nə sözü, nə problemi varsa, desin, çəkinməsin. Biz elə ondan ötrü rayon mərkəzindən 50 kilometr aralıda yerləşən bu kəndə gəlmişik. Mən sizin kəndinizdən indiyədək bir nəfər də olsun qəbula gələn görməmişəm. Heç yuxarı orqanlara da Qasım İsmayılov kəndindən şikayət məktubu göndərən yoxdur. Nədir, doğrudan bu böyüklükdə kəndin problemi, dərdi-səri yoxdur, yoxsa başqa məsələdir?
Başçının səyyar qəbula gələnlərə ünvanladığı sual zalda əməlli-başlı canlanma yaratdı. Kənd sakini, stomotoloq-həkim Əqifə Qarayeva söz aldı:
– Nazim müəllim, nə qədər ki, həyat var, problem də var. Bu problemlər qurtarsa, həyat da maraqsız olar, çalışıb işləmək də. Bizim kənd böyük kəndlərdən sayılır, iki min nəfərdən çox əhalisi var. Təbii ki, həllini gözləyən işlər də var. Amma biz görürük ki, nə ürəyimizdən keçir, cənab Prezidentimiz bunu edir, tədbir görür. Elə götürək fevralın 17-dən başlanmış tibbi müayinələri. Dünyanın heç bir yerində belə bir humanist addım yoxdur.
Hərəmiz bir peşə sahibi olsaq da hamımız torpağa bağlı adamlarıq, əkib-becərməyi xoşlayırıq. İşığımız gecə-gündüz yanır, kəndə artıq qaz çəkilir, yeni sosial obyektlər tikilir. Təkcə sudan bir qədər korluq çəkirik. İmkan varsa, bu işdə bizə köməklik göstərəsiniz.
Nazim Veysov: – Tezliklə daha bir artezian quyusu kənddə qazılıb istifadəyə veriləcək. Amma bilirik ki, bu da problemin həlli deyil. Azərbaycanda həyata keçirilən ən böyük iqtisadi layihələrdən biri olan Şəmkirçay su anbarının tikintisi tezliklə başa çatdırıldıqdan sonra problemə birdəfəlik son qoyulacaqdır. Yeri gəlmişkən, məhz belə bir layihənin həyata keçirilməsi mənim rayona rəhbərlik etdiyim dövrə təsadüf etməsinə görə özümü hədsiz xoşbəxt sayıram və buna görə ölkə başçısı cənab İlham Əliyevə hədsiz minnətdaram.
Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr olaraq bu su anbarının tikintisi başa çatdıqdan sonra Şəmkir, Goranboy, Samux və Göygöl rayonlarında 75 min hektar, o cümlədən bizim rayonumuzda 41 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Şəmkirçay su anbarından Gəncə, Şəmkir və Samux şəhərinə içməli su xətlərinin çəkilişi davam edir. Şəmkir çay dəryaçasından 8 kilometr uzunluğunda tunelin və 52 kilometr uzunluğunda əsas kanalların çəkilişi başa çatdırılmışdır. Su anbarının qarşısında su elektrik stansiyası da istifadəyə veriləcəkdir. Hazırda Şəmkirçay su anbarından çəkilmiş əsas kanallardan uzunluğu 800 kilometr olan kəndarası kanalın və suvarma şəbəkəsinin çəkilişi üçün hazırlıq işlərinə başlanılmışdır. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi komissiya yaradılmışdır. Bayaq dediyim kimi, cənab Prezidentimiz bu nəhəng dəryaçanın tikintisinin cari ildə başa çatdırılmasının vacibliyini Nazirlər Kabinetinin son iclasında xüsusi vurğulayıb.
Qonşu Qaralar kəndinin sakini Kəmalə Qarayevə çıxışına hamının səbirsizliklə gözlədiyi təbii qazın çəkilişi ilə başladı. Dedi ki, artıq çəkilir, amma onun tezləşdirilməsi pis olmazdı.
Nazim Veysov: – Hazırda rayon əhalisinin 95 faizi təbii qazla təmin olunur. Əslində Şəmkir kimi kənd və qəsəbələri dağ və dərələrlə, necə deyərlər, çəpərlənən bir rayon üçün bu, kiçik göstərici deyil. Bütün bunların əksəriyyəti cənab Prezidentimizin son 10 ildəki fəaliyyəti dövründə baş verib. Təkcə keçən il istismar müddəti bitmiş və xəta ilə işləyən 10 min 568 ədəd qaz sayğacı yenisi ilə əvəz olunmuşdur. Tezliklə qonşu Qaralar və digər kəndlər təbii qaz alacaqlar. Bir qədər səbr edin. Növbəti qışda heç bir probleminiz olmayacaq.
Niyazi Səfərov adlı gənc bir oğlanın çıxışı da maraqla qarşılandı. Dedi ki, uzaq bir kənddən könüllü olaraq bura gəlib ingilis dili müəllimi işləyirəm. Peşman da deyiləm. Görürəm ki, bu gün kənddə bu dilin tədrisinə ehtiyac var.
Gənc kadrın çıxışı, onun burada həvəslə qalıb işləməsi Nazim müəllimi çox sevindirdi. Elə səyyar qəbuldaca müvafiq qurumun rəhbərinə dedi ki, onun torpaq sahəsilə təmin olunması məsələsinə baxsınlar, digər lazımi köməkliklər göstərsinlər.
Yuxarıda söhbət açdığımız və səyyar qəbulun keçirildiyi məktəbin direktoru Maarifə xanım çıxışına ölkə başçısı İlham Əliyevə və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etməklə başladı. Dedi ki, heç zaman belə bir şərait yaradılmayıb. Yeganə işimiz layiqli gənclər yetişdirmək olacaq. Buna da çalışırıq.
N.Veysov:– Ali məktəblərə qəbul olan şəmkirli gənclərin sayı hər il ardıcıl olaraq artmaqda davam edir. 2013-cü ildə 510 nəfər məzun bu şərəfli adı qazanmışdır. Fərəhlidir ki, 2005-ci ilə nisbətən ali məktəblərə qəbul olunanların sayı 286 nəfər və ya 2 dəfədən çox artmışdır. Rayon məktəblərində kompyuterlərin sayı 960-a çatıb. Son illər rayonda 64 məktəb tikilib və ya tamamilə yenidən qurulub. Ümumiyyətlə, 26 məktəb təzə inşa olunub. Rayonda heç vaxt təhsilin maddi-texniki bazası bu qədər inkişaf etməyib.
...Çox yaddaqalan işgüzar bir qəbul başa çatır. N.Veysov elə səmimi şərait yaradır ki, hamı öz ürək sözünü deyir, təklif irəli sürür, görüləcək işlərdən danışır. Maraqlıdır ki, görüş ərzində bir nəfər də olsun öz şəxsi xahişini etmir, kəndin problemlərindən danışır, onun həllinə çalışdığını açıq-aşkar birüzə verir.
Qeyd edək ki, rayon icra hakimiyyəti başçısının qəbuluna adamlar həvəslə, inamla, ümidlə gəlirlər. Adamlar inanırlar ki, qaldırılan məsələlər diqqətdən kənarda qalmayacaq, onlara ciddi reaksiya veriləcək.
Keçən il rayon icra hakimiyyəti başçısı aparatına 2266 müraciət edilib. Onların əksəriyyəti mənzil, sosial məsələlər, sahibkarların inkişafı ilə bağlı olmuşdur.
Yerlərdə icra hakimiyyəti başçısı tərəfindən 51 səyyar qəbul keçirilib. Qəbullarda 9689 nəfər iştirak edib və onlar tərəfindən 330 təklif irəli sürülüb. Yolların təmiri, əkin sahələrinin suvarılması, transformator və elektrik dayaqlarının təmiri və s. məsələlərə həsr olunub.
Bəli, Şəmkirdə adamlar daha çox doğma rayonlarının gözəlləşməsi üçün müraciət edir, səyyar qəbula gəlirlər. Təbii ki, sevindirici faktdır ki, ölkə rəhbərliyinə, yerli icra orqanlarına böyük inam var. Bunlar olmasaydı, Şəmkir indi belə gözəl, abad bir rayona çevrilməzdi.
Təkcə Qasım İsmayılov kəndində keçirilən səyyar qəbulda xalqla hakimiyyət orqanlarının necə isti təmasda olması açıq-aydın görünürdü. Buna sevinməmək olmur!
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.